24 iyun, 2024
Paylaş:

Mixail Kalaşnikov

Mixail Kalaşnikov "Kalaşnikov" avtomatını icad edəndə hələ bilmirdi ki, bununla adını silah texnologiyasının məşhur ixtiraçıları sırasına yazdıracaq və insanlara ölüm gətirəcək soyadı heç vaxt dillərdən düşməyəcək. Bu silahı kəşf etdiyi ilk dövrlərdə özünü dünyanın ən xoşbəxt adamı, əsl sovet vətənpərvəri hesab edir və bundan böyük qürur duyurdu. Amma haradan biləydi ki, bir vaxt gələcək belə bir silahı kəşf etdiyinə görə özünü lənətləyəcək və tövbə üçün Rusiya patriarxına məktub yazmalı olacaq...

Mixail Timofeyeviç Kalaşnikov Altay vilayətində kəndli ailəsində anadan olub. Onun atası ruslaşmış qıpçak türkü-kazak Timofey Kalaşnık əslən Xarkov quberniyasının (indiki Sumsk vilayəti) Axtır qəzasının Slavqorod kəndindən idi. Ailənin 17-ci uşağı olan Mixail məktəbdə oxuduğu illərdə fizika, riyaziyyat, coğrafiya və ədəbiyyatla maraqlanırdı. Xüsusilə, texnikaya maraq göstərir, onların işləmə mexanizmini öyrənməyə çalışırdı.

Deyilənə görə, Kalaşnikov silahını hərbi hospitalda müalicə alarkən icad edib. O, 1938-ci ildə hərbi xidmətə çağrılıb, sovet-alman müharibəsinin ilk aylarında, 1941-ci ildə cəbhədə yaralanıb və hospitala göndərilib. Kalaşnikov avtomatın icadına altı ildən artıq vaxt sərf edib. Nəhayət, xüsusi komissiyanın rəyindən sonra "Kalaşnikov" avtomatının "AK-47" adı altında kütləvi istehsalına başlanılıb və sovet ordusunun arsenalına daxil edilib. Konstruktor "AK-47"yə görə 1-ci dərəcəli Stalin mükafatına layiq görülüb.

Həmin silah SSRİ ilə yanaşı, ayrı-ayrı ölkələrdə lisenziya şərti ilə kütləvi istehsal olunsa da, onun gəlirlərindən M.Kalaşnikov bəhrələnə bilməyib, böyük pullar qazanmayıb. Sovet liderləri vaxtaşırı konstruktorun sinəsinə orden və medallar taxaraq onu "susdurublar", silahdan gələn gəlirlərlə şəxsi büdcələrini zənginləşdiriblər. Kalaşnikov bu barədə belə deyib: "Mən Kalaşnikov avtomatı əvəzinə bir otbiçən maşın ixtira etsəydim, daha çox pul qazanardım...".

Konstruktor SSRİ-nin ən ali mükafatlarına layiq görülməsinə və general-leytenant olmasına baxmayaraq, kasıb yaşayıb. Lifti olmayan binanın üçüncü mərtəbəsində yaşayan məşhur şəxsiyyətin həyat tərzi sıradan olan insanlardan fərqlənməyib. Halbuki başqa bir ölkədə yaşasaydı, yalnız avtomatı kəşf etdiyinə görə, milyonların sahibi olar, dünyanın ən varlı adamlarından birinə çevrilərdi. Bir dəfə Kalaşnikova əməyinin yaxşı qiymətləndirilmədiyini xatırladaraq, kasıb yaşamasından peşman olub-olmamasını soruşmuşdular. Kalaşnikov isə onlara cavabında: "Hər şeyi pulla ölçmək düz deyil. Mənə deyəndə ki, sizin hazırladığınız silah məni ölümdən xilas etdi, bu, kifayət edir. Bu sözləri əməyimə verilən ən böyük qiymət hesab edirəm. Milyonlar mənim nəyimə lazımdır? Mən elə-belə də yaxşı yaşayıram", - demişdi. Halbuki o, heç də yaxşı yaşamırdı və qoca vaxtı üçüncü mərtəbəyə zorla çıxıb-düşürdü.

Konstruktor iki dəfə ailə həyatı qurub. Birinci həyat yoldaşı Yekaterina Danilovna Astaxova ilə Matay dəmiryolu stansiyasında işləyərkən tanış olub. Bu izdivacdan onun Viktor adlı oğlu dünyaya gəlib. İkinci həyat yoldaşı Yekaterina Moiseyeva ilə isə Atıcı Silahlar üzrə Elmi-Tədqiqat Mərkəzində birgə işləyib. Bu evlilikdən isə onların bir qızı olub.

Ömrünün sonlarına yaxın ağciyər arteriyasının tutulmasından əziyyət çəkən Kalaşnikov insanlara ölüm gətirən silah kəşf etdiyi üçün vicdan əzabı çəkmiş və çıxış yolunu tövbə etməkdə görmüşdü. Amma artıq gec olduğunu anlayan, sağalmaqdan əlini üzən Kalaşnikov yataqda ikən silahı kəşf etməklə nə qədər böyük günah işlədiyini başa düşdü. O tövbə etmək fikrinə düşərək, Moskva və bütün Rusiya patriarxı Kirillə məktubla müraciət etdi. Məktubda o həyatını vətənin müdafiə qabiliyyətinin artırılmasına həsr etdiyini və bu müstəvidə də dünyada tayı-bərabəri olmayan silah yaratdığını, bir vaxt buna görə fəxr etdiyini, ancaq indi peşman olduğunu xüsusi vurğulayırdı. Kalaşnikov patriarxa məktubunda bu ifadələri işlətmişdi: "Ürəyimdə dözülməz bir ağrı var və vicdanım məni rahat buraxmır. Məni bu sual daim narahat edir. Mən, 93 yaşlı kəndçi oğlu, xristian dininin pravoslav məzhəbinə qulluq edən Kalaşnikov ixtira etdiyim silahla insanların ölümünə səbəb olmuşam. Bu fikir məni rahat buraxmır və mən Allah qarşısında belə bir günah işlətdiyim üçün peşmanam. Patriarxa yazdığı tövbə məktubundan 15-20 gün sonra isə Kalaşnikov vəfat etdi...

Kalaşnikov hələ sağ ikən ona dünya şöhrəti gətirən avtomatın onun tərəfindən deyil, əsir alınan alman ixtiraçı Şmayser tərəfindən hazırlandığı barədə Rusiya mətbuatında kifayət qədər müzakirələr gedib. Nə qədər qəribə olsa da, Kalaşnikov bu yazılara reaksiya vermirdi. Halbuki həmin yazılarda onun haqqı tapdalanırdı. Yəqin o, həqiqəti etiraf etməyə, bu silahın özünün olmadığını söyləməyə qorxurdu. Çünki bunu yuxarı orqanlar ona bağışlamayacaqdılar... Kim bilir, bəlkə də Kalaşnikov ixtira etdiyi avtomatın əsl sahibinin kim olması barədə sirri özü ilə o dünyaya apardı...

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()