21 sentyabr, 2022
Paylaş:

Mixail Bulqakov

Dünyaya “Master və Marqarita” kimi möhtəşəm bir əsər bəxş etmiş Mixail Bulqakovun görünməyən tərəfləri az deyildi. Bir neçə peşəsi olan bu yazıçı əslində kim idi? Yazıçı, həkim, cadugər, peyğəmbər, yoxsa narkoman?

Mixail Bulqakov  Stalinə ünvanladığı məktubda belə yazırdı: “Mən ilahi qüvvəyə inanan yazıçıyam. Dünyanın insanlar tərəfindən deyil, gözəgörünməz qüvvələr tərəfindən idarə olunduğuna əminəm. Yəqin ki, mənimlə razılaşarsınız ki, dünya yalnız insanın ümidinə qalsaydı, bizə qədər gəlib sağ çıxmaz, lap çoxdan məhv edilmiş olardı. İ. Stalin isə bu cümlələrin altindan qırmızı qələmlə xətt çəkərək belə yazmışdı: “Keşiş ruhunu abırlı yazıçı geyimi altında gizlədən yoldaş M.Bulqakovla dərindən və ciddi şəkildə maraqlanılmalıdır”.

Yazıçının əsərləri baş açılmaz sehrlə örtülüb və əlbəttə ki, sonadək gizli qalası sirlər, tapmacavari məqamlar yeterincədir. Bu sirli-sehirli olaylar onun şəxsi həyatında da, vaxt-bivaxt özünü büruzə verirdi. Onu əhatə edən insanların isə bu olayları qorxu içərisində izləməkdən başqa əllərindən bir iş gəlmirdi. Onları qınamaq da düz deyil. Axı bu izaholunmaz təzahürləri nəyə əsaslanaraq hara yaza bilərdilər ki?!

“Gənc həkimin qeydləri” adı altında çap etdirdiyi kitabında həkimlik praktikasında rastlaşdığı hadisələrdən söz açan yazıçının əsərlərində mistikasının nişanələri, əlamətləri açıq-aydın özünü büruzə verir.

M.Bulqakov əyalət həkimi işləyəndə o, morfi aludəçisinə də çevrilmişdi. Ara-sıra bu bəladan uzaqlaşsa da, az keçməmiş yenə morfi ampulasına uzanırdı. Onun “ Morfi” hekayəsini xatırlayırsınızmı? Hekayənin qəhrəmanı elə Bulqakovun özüdür. O, nəhayət morfidən canını qutara bilir, damarlarını dəlmə-deşik etmir, ancaq uzun müssət kokain iyləməklə kifayətlənir.

Amma ömrünün ikinci yarısında bu zərərli vərdişlərdən əl çəkmiş və bütün varlığıyla Tanrıya iman gətirmişdi. Həmin ərəfələrdə gündəliyində yazırdı: Bəlkə də güclü və özünə hədsiz inamı olan adamlara Allah lazım deyil. Ancaq şəxsən mən böyük yaradana inamsız qətiyyən keçinə bilmərəm”.

Bulqakovun adamları heyrətə gətirən yaradıcılıq istedadını onun qeyri-adi şəkildə təzahür edən duyma, hissetmə, görmə qabiliyyətindən ayırmaq mümkünsüzdür. Xeyr, o cadugər-zad deyildi, amma başqaları kimi əlini əlinin üstünə qoyub oturmurdu, inadla göy üzünün sirli-sehrli qapılarını döyməyə davam edirdi.

Ona peyğəmbərlik iddiasına düşmüş dəli kimi baxanlar da olmuşdu. Amma olacaqları qabaqcadan duyub xəbər verməsini də sükutla qarşılamırdılar. Bəzən elə olurdu ki, gələcəkdə başlarına nə gələcəklərini bilmək üçün ona üz tutanlara əsəbi şəkildə  “mən nə cadugər, nə də peyğəmbər deyiləm“  deməklə qapını göstərirdi.

Bulqakov görünməyən dünyayla təmaslarında daha çox özüylə, öz gələcəyilə maraqlanırdı, nəsə eşələyib çıxarmağa çalışırdı.

Ömrünün son günlərinə yaxın “ tezliklə öləcəyəm” deyən yazıçı, ölümündən sonra nələrin baş verəcəyini də hər xırda detalına qədər təsvir etmişdir: “Mən tabutda uzanacağam. Evdən mənim tabutumu çıxaranda tabut əllərdən sürüşüb az qala yerə düşəcək, amma buna imkan verməyəcəksiniz. Altda yaşayan qonşum Romaşovun qapısına tabutumun sağ küncü dəyəcək və orada onun izi uzun müddət qalacaq”  Doğrudan da, hər şey onun dediyi kimi düz çıxdı.

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür. 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()