Mirey Matyö
"Şəxsi həyatım qadağan olunmuş bağçamdı". Belə deyirdi ecazkar ifası ilə dinləyicilərini valeh edən əfsanəvi fransız müğənnisi Mirey Matyö... "Fransız mahnısının səfiri" adlandırılan, Fransanın vizit kartı hesab olunan müğənni bütün ömrünü yalnız sənətinə həsr etdi və heç vaxt evlənmədi...
Hazırda 79 yaşı olan Mirey Matyö Fransanın Avinyon şəhərində fəhlə ailəsində dünyaya gəlib. O, ailənin ilk övladı idi. Ailənin başçısı Rocer Matyö qəbir daşları düzəldən sexdə oymaçı işləyirdi. Anası isə evdar qadındı. Mirey doğulduğu gündən ailəsi kasıblıq və ehtiyac içərisində olmuşdu. Onlar çox yoxsul, uçuq sökük bir daxmada yaşasalar da sonradan dövlət onları mənzillə təmin etmişdi. Mirey sonrakı xatirələrində qeyd edirdi ki, o, hamamın nə olduğunu məhz yeni evlərinə köçdükdən sonra anlamış və hədsiz dərəcədə sevinmişdi. Orta məktəbə getdiyi zaman Mirey o qədər də çalışqan şagird deyildi. Üstəlik solaxay olduğu üçün çox vaxt müəllimləri ilə problemlər yaşayırdı. On üç yaşı tamam olandan sonra Mirey ailəsinə maddi köməklik edə bilmək üçün orta məktəbi yarımçıq qoyub konvert fabrikində işləməyə başlayır. Mahnı oxumağı hələ uşaq yaşlarından çox sevən Matyö həm də gözəl səsə malik idi. Bu səs isə ona irsən keçmişdi. Belə ki, onun atasının çox gözəl səsi vardı. Və o, evdə, işdə mahnı oxumağı çox sevərdi. Lakin kasıblıq ucbatından müğənni ola bilməyən atasının arzusunu bir müddət sonra Mirey həyata keçirəcəkdi. Beləliklə, Mirey ilk olaraq kilsə xorunda oxumağa başlayır. Onun on altı yaşı olanda iştirak etdiyi müsabiqədə ikinci yeri qazanır. Bundan sonra isə onu telekanalların birində yayımlanan şou verilişə dəvət edirlər. Həmin veriliş bazar günü efirə getdiyindən və xeyli sayda izləyicisi olduğundan Mireyin ifasını çoxlu sayda tamaşaçı izləyib bəyənir.
İdmanı incəsənətin bir növü hesab edən, çəkisini hər zaman normada saxlayan incəbədənli, gözəlsimalı, klassik üslubda saç düzümü ilə seçilən müğənni, zahiri görünüşünə həmişə xüsusi diqqət yetirib. Hobbisi gözəl, dəbli, ayaqqabılar yığmaq olub. Mehribanlığı və səmimiliyi ilə yanaşı, bir qədər qapalı xarakterlidir. Sağlam həyat tərzi yaşayan müğənninin zərərli vərdişləri olmayıb. Hər zaman təbii kosmetik vasitələrdən və kremlərdən istifadə edib. Balıq və dəniz məhsulları ilə qidalanmağa üstünlük verən müğənni qızartma, yağlı xörəklərdən uzaq durur. Gündəlik yuxu rejiminin on saatdan az və ya çox olmamasına xüsusi diqqət edən Mirey gözəlliyinin sirrinin yuxu olduğunu düşünür. Bu barədə müsahibələrinin birində belə bir fikir səsləndirib: "Tanrı yuxunu gözəl görünməyimiz üçün yaradıb".
Şəxsi həyatını gündəmə gətirməyi sevməyən Matyö heç bir zaman qanuni nikahda olmayıb. Buna baxmayaraq mətbuat və pərəstişkarları belə gözəl qadının bütün ömrü boyu tənha qalmasına da inanmayıb. Lakin o, heç kəslə sevgili kimi gündəmə gəlməyib. Bir vaxtlar Fransa mətbuatı onun prodüsseri Conni Stark ilə sevgi münasibətinin olmasını, hətta bu münasibətdən onların bir uşaqlarının dünyaya gəlmə xəbərini yaysa da Matyö bunları şayiə adlandırıb. Və onunla prodüsseri arasında yalnız işbirliyi və dostluq olduğunu vurğulayıb. Ona şəxsi həyatı ilə bağlı sual verən jurnalistlərə isə müğənninin cavabı belə olub: "Şəxsi həyatım qadağan olunmuş bağçamdı".
Mirey bir çox dillərdə mahnılar oxuduğu üçün o, on dili mükəmməl bilməsə də qismən öyrənib. Yaşıllığı çox xoşlayan müğənninin ən sevdiyi məşğuliyyətlərdən biri də xarici ölkələrdən alıb gətirdiyi ev güllərini yetişdirmək olub. Allaha inanan və dindar insan olan Mirey hər zaman getdiyi ölkələrin kilsələrinə baş çəkməyi xoşlayarmış. Və bir qayda olaraq bütün qastrol səfərlərinə gedərkən anasını da özü ilə aparmağı unutmayıb.
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.