29 fevral, 2024
Paylaş:

Milli yüksəliş və tərəqqi dövrü

Siyasi və iqtisadi müstəqillik Azərbaycanı güc və söz sahibinə çevirib

Son 20 ildə uğurlu inkişaf yolu keçən Azərbaycan bu gün qüdrətli dövlətə çevrilib. Dünya təcrübəsində çox az ölkəni nümunə göstərmək olar ki, cəmi 30 illik müstəqillik tarixi ərzində belə genişmiqyaslı uğurlara imza atsın. 
Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanın bu qısa zamanda əldə etdiyi uğurları şərtləndirən ən mühüm amil əlbəttə ki, siyasi və iqtisadi müstəqillikdir. Son illərdə Azərbaycanın tam müstəqil siyasət yürütməsi ölkəmizi dünyada etibarlı tərəfdaşa söz və güc sahibinə çevirib. Bu gün Azərbaycan dünyada sosial-iqtisadi cəhətdən inkişaf etmiş, sabit, təhlükəsiz və müasir həyat səviyyəsinin təmin olunduğu ölkə kimi tanınır, beynəlxalq aləmdə nüfuzu əhəmiyyətli dərəcədə artır. Milli iqtisadiyyatımızın liberallaşdırılması, ölkəmizin beynəlxalq aləmdə geosiyasi və geoiqtisadi çəkisinin artması, sosial, iqtisadi inkişafın və siyasi sabitliyin təmin edilməsi, vətəndaş-dövlət birliyinə nail olunması və digər amillər müstəqil Azərbaycanın yüksələn xətlə irəliləməsini şərtləndirib. 
Azərbaycanın iqtisadi modelini əksər hallarda ölkənin inkişafı modeli kimi dəyərləndirirlər. Çünki son 20 ildə Azərbaycan nəinki dünyanın ən dinamik iqtisadiyyata malik ölkəsi kimi tanınıb, həm də beynəlxalq miqyasda müasir dəyərlər çərçivəsində daha sürətlə dəyişən ölkə imicini qazanıb.
Tarixə qısa ekskurs etsək görərik ki, 2003-cü ildən ölkəmizdə yeni sosial-iqtisadi inkişaf modelinə keçidə start verildi. Bu model çərçivəsində iqsadiyyatın şaxələndirilməsi və rəqəmsallaşması, özəl sektorun rolunun gücləndirilməsi və investisiyaların cəlb olunması üçün əlverişli mühitin yaradılması, sosial problemlərin həlli üzrə çox sürətli addımlar atıldı. Sosial-iqtisadi islahatlar nəticəsində böyük uğurlar əldə edildi və Azərbaycan regionun aparıcı iqtisadi gücünə çevrildi.
Ölkəmizin əldə etdiyi sosial-iqtisadi nailiyyətlərə diqqət etsək görərik ki, respublikamız Cənubi Qafqaz iqtisadiyyatında 64 faiz paya malik güclü iqtisadiyyat formalaşdırıb. Son illər ərzində ölkəmizin iqtisadiyyatına yönəldilən investisiyaların ümumi həcmi 318,9 milyard dollar təşkil edib. İqtisadiyyata qoyulmuş birbaşa xarici investisiyaların həcmi isə 100,6 milyard dollar olub. Ölkədə ümumi daxili məhsul 7,3 milyard dollardan 72,4 milyard dollara çatıb. Bu isə 3,6 dəfə real artım deməkdir. 2003-cü ildə 1,6 milyard dollar təşkil edən valyuta ehtiyatları 43 dəfə artaraq  68,5 milyard dollara çatıb. Xarici ticarət dövriyyəsi 5,2 milyard dollardan 51,2 milyard dollara çatıb. Ticarət tərəfdaşlarının sayı 55 ölkə artaraq 193-ə yüksəlib.
Bununla yanaşı, orta aylıq əməkhaqqının nominal məbləği 12 dəfə artaraq 76,8 manatdan 923 manata çatıb. Yoxsulluq səviyyəsi 44,7 faizdən 5,2 faizə enib. Uğurlu sosial-iqtisadi siyasət, icra olunan ardıcıl və məqsədyönlü dövlət proqramları yoxsulluğun kəskin şəkildə azalmasını şərtləndirib və ölkəmiz bu sahədə müsbət təcrübəsinə görə BMT-nin Davamlı İnkişaf Məqsədlərinə dair milli məsləhətləşmələrin aparılması üçün seçilmiş ölkələr sırasına daxil edilib. Kənd təsərrüfatı sektoru 2,1 dəfə, nəqliyyat sektoru 4,1 dəfə, turizm və ictimai iaşə sektorları 17,5 dəfə, informasiya və rabitə sahəsi isə 20,9 dəfə artıb.
Məhz bu dövrdə minimum əməkhaqqı 38, orta aylıq əməkhaqqı 12, minimum pensiya 14, orta aylıq pensiya 18, yaşa görə orta aylıq pensiya 19, əlilliyə görə pensiya 14, ailə başçısını itirməyə görə pensiya 19 dəfə artıb.
Azərbaycanın təşəbbüskarı olduğu və tərəfdaşları ilə birgə həyata keçirdiyi bir sıra irimiqyaslı layihələr təkcə ölkəmizin deyil, qonşu regionların da inkişafına mühüm töhfəsini verir. Bu layihələr arasında Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, eləcə də Avropanın enerji təhlükəsizliyinin təminatında başlıca rol oynamaq qabiliyyətinə malik "Cənub qaz dəhlizi" kimi nəhəng layihələr yer alır.
Ölkəmizdə həmçinin sənayeləşmə prosesi uğurla davam edir. Son vaxtlar sənaye parklarının fəaliyyətə başlaması geniş vüsət alıb. Hazırda bu proses bir neçə şəhərdə gedir. Sənaye zonalarında 140 rezidentdən 74-ü fəaliyyət göstərir. Aqroparkların yaradılması çox müsbət amil kimi dəyər qazanır. 
Hazırda Azərbaycan iqtisadiyyatı özü-özünü təmin edir və kənardan dəstəyə ehtiyacı yoxdur. Bundan başqa, Azərbaycan qısa müddət ərzində borcalan dövlətdən regional və dünya səviyyəli donor ölkəyə çevrilib. 
Bu gün Azərbaycan dünya kosmik ailəsinin üzvüdür. Orbitdə "Azerspace-1", "Azerspace-2" və "Azersky" müşahidə peyklərimiz Azərbaycanın müasir dövlət kimi inkişaf etdiyini təsdiqləyən reallıqdır.   
Hazırda Azərbaycan milli maraqlara və beynəlxalq hüquqa əsaslanan müstəqil, prinsipial və təşəbbüskar xarici siyasət aparır, digər dövlətlərin daxili işlərinə qarışmır və eyni yanaşmanı özünə qarşı da tələb edir. Beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü və etibarlı tərəfdaşı kimi tanınan Azərbaycan böyük hörmət və etimada malik dövlət olduğunu təsdiqləyib. 
İkinci Qarabağ müharibəsindəki şanlı zəfərlə ərazi bütövlüyünü tam təmin edən Azərbaycan bu gün iqtisadi müstəqilliyinin yaratdığı imkanlar hesabına Qarabağ və Şərqi Zəngəzurda misli görünməmiş quruculuq işləri aparır. Bu prosesdə isə heç bir dövlətdən, heç bir beynəlxalq maliyyə qurumundan maddi yardım almır. 
2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili"dir. İqlim dəyişiklikləri ilə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə ölkəmiz hər zaman olduğu kimi qlobal təşəbbüslərlə çıxış edir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un bu il ölkəmizdə keçirilməsi qərarı da hər şeydən öncə Azərbaycana yüksək etimadın, inamın göstəricisidir. Son illərdə ölkəmizin bir çox mühüm beynəlxalq konfransa, tədbirə evsahibliyi etməsi Azərbaycanın bu sahədə də kifayət qədər təcrübəyə malik olduğunu göstərir. COP29 miqyasına, iştirakçılıq sayına və  statusuna görə dünyanın ən böyük tədbirlərindən biridir. COP tədbirlərinə 70-100 min arasında iştirakçı qatılıb. 50-dən artıq dövlət rəhbərləri konfransda iştirak edib. Bu isə onu deməyə əsas verir ki, bu beynəlxalq toplantının Bakıda keçirilməsi həm də müasir Azərbaycanın dünyaya hərtərəfli təqdimatı olacaq. 

 
                                                                                                               Rəşad Baxşəliyev
                                                                                                             "Azərbaycan" qəzeti

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()