Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 15 iyun – Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil edilib.
Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Aslan Cəfərov müstəqil Azərbaycan Respublikasının müqəddəratında dönüş nöqtəsi kimi səciyyələndirilən Qurtuluş Gününün ölkəmizin tarixində tutduğu müstəsna əhəmiyyətindən danışaraq deyib: “Müasir, müstəqil, azad Azərbaycan dövlətinin banisi, qurucusu və memarı, bütün həyat və varlığı ilə Vətəninə, xalqına bağlı olan dünyaşöhrətli siyasətçi, böyük dövlət xadimi, Azərbaycanın müasir, çağdaş tarixi ilə əbədiləşən əvəzsiz şəxsiyyət, müasir və müstəqil Azərbaycan dövləti əsərinin müəllifi ulu öndər, ümummilli liderdir”.
O, ulu öndər Heydər Əliyevin Vətəni və xalqı qarşısında əvəzolunmaz xidmətlərindən, istər ölkəmizdə, istərsə də beynəlxalq miqyasda olan nüfuzundan danışaraq, müxtəlif dünya liderlərinin Heydər Əliyev haqqında söylədikləri fikirləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə çıxış edən elmi işlər üzrə direktor müavini Günay Həsənova, şöbə müdirləri Tamella Məmmədova, Qənirə Mustafayeva, Mehriban Abbasova, Səadət Şəfiyeva, Xəyalə Məmmədova ulu öndər Heydər Əliyevi Azərbaycan xalqının xilaskarı adlandıraraq, onun hakimiyyətə qayıdışını böyük bir xalqın qurtuluşu olduğunu, məhz onun sayəsində Azərbaycan Respublikasının dünya xəritəsindən silinmək təhlükəsindən qurtulduğunu qeyd ediblər və ulu öndərin təcrübəsi, rəhbərlik bacarığı, diplomatik xüsusiyyətləri ilə təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün bir örnək olduğunu söyləyiblər. Çıxış edənlər Ümummilli liderin bütün sahələrdə olduğu kimi mədəniyyətə, incəsənətə, ədəbiyyata, Ana dilinə olan müstəsna qayğısından danışıblar.
Tədbirdə kitabxana əməkdaşları tərəfindən 15 iyun Milli Qurtuluş Günü ilə əlaqədar hazırlanan video materiallar nümayiş edilib.