05 dekabr, 2022
Paylaş:

Mikelancelo Merisi de Karavacco

İtaliyanın məşhur rəssamı, barokko cərəyanının ilk böyük sənətçisi - Mikelancelo Merisi de Karavacco... Qısa ömür sürməsinə baxmayaraq o, bir çox yenilikləri və dahiyanə üslubu ilə yanaşı, qeyri-sabit xarakteri, davakarlığı ilə də yaddaşlarda qalıb.

Milanda dünyaya göz açan Mikelancelo Merisinin atası Fermo Merisi memar, anası Lusiya Aratori isə aşağı səviyyəli kübar ailədən olub. Rəssam 5 yaşında ikən atası taundan vəfat edib.

12 yaşından rəssamlıq sənətinə yiyələnməyə başlayan Karavacco, gənc ikən Milandan Romaya köçməyə məcbur olub. Deyilənlərə görə, səbəb bir dava və ya qətldə ittiham edilməsi ilə əlaqəlidir. Yeniyetmə yaşlarından davakar və qəribə xarakterə malik olan rəssam yaşlandıqca və karyerasında çətinliklərlə qarşılaşdıqca daha da narahat və qeyri-sabit şəxsiyyətə çevrilib. Romadakı ilk illərinə dair günümüzə qədər kifayət qədər məlumat gəlib çatmayıb. Məlum olan budur ki, tez-tez ev dəyişdirib, ev sahibləri ilə yola getməyib. İstifadə etdiyi rənglərdəki ağır metalların zərərli tərkibinin və gərgin əməyinin də xarakterinə təsiri az olmayıb.

Deyilənlərə görə, rəssam cinsi azlığın nümayəndələrindən olub. Hətta tablolarında da cavan və yaraşıqlı oğlanları (bəzən zahiri görkəminə görə qadından fərqlənməyən) təsvir etməkdən belə çəkinməyib.

Qeyri-adi eksperimentləri ilə fərqlənən rəssam, real model əsasında təsvirə üstünlük verdiyi üçün ölüləri narahat etməkdən də çəkinməyib. Belə ki, "Lazarın dirilməsi" əsərini çəkərkən yeni dəfn olunmuş ölünü belə qəbirdən çıxartdırıb. Digər naturaçılar artıq çürüməkdə olan cəsədi əllərində tutaraq poz verməkdən imtina etdikdə isə Karavacco qılınca əl atmış, sözünə qulaq asmayanları cəsədin dalınca qəbirə göndərəcəyi ilə hədələyibmiş.

Ömrünün ən gözəl çağlarını sürgün həyatı yaşayan rəssam, papanın onu əfv edəcəyi günü səbirsizliklə gözləsə də, ömrü buna imkan vermir. Belə ki, həyatı boyu ipə-sapa yatmayan, davakarlığı ilə ad qazanmış rəssam 39 yaşında müəmmalı şəkildə ölür.

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür. 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()