Məmmədrza Şeyxzamanov
Bəy qızını qaçıran, "xalq düşməni" kimi on dörd il sürgündə qalan, üç övladını itirən, Səməd Vurğunun həyatını xilas edən Xalq artisti, kinomuzun Həkim babası, Şirini Məmmədrza Şeyxzamanov... Çox məşəqqətli ömür yolu keçmiş aktyor Gəncədə "İmamzadə"nin keşikçisi Hacı İsa bəyin aliləsində dünyaya gəlib. 2 yaşından atasını itirdiyindən anası Böyükxanım ailənin yükünü çiyinlərində tək daşımalı olub. Balaca Məmmədrza on iki yaşından işləyib evə qazanc gətirib.
Hələ kiçik yaşlarından teatra olan həvəsi onu Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrına gətirir. Rejissor Həbib İsmayılovun təşəbbüsü ilə teatra dəvət edilən Məmmədrza Şeyxzamanov ilk dəfə Ə.Həmidin "Hind qızı" tamaşasında Brahma adlı kiçik rolda çıxış edir. Bu ərəfələrdə Gəncənin hörmətli ailələrindən birinin qızı Nigar xanıma aşiq olur. Gənc aktyorun hissləri qarşılıqsız qalmır. Amma qarşıda onları böyük maneələr gözləyir. Nigar xanımın atası bəy nəslindən olduğu üçün bu izdivaca heç cür razı olmur. Qızını gənc aktyora ərə verməkdən imtina edir. Belə olduğu halda Məmmədrza Nigar xanıma elçi göndərmək fikrindən daşınır və onu qaçırır. Bu izdivacdan onların üç qız övladı dünyaya gəlir. Aktyorun qardaşı Ələsgər İtaliyada, bacısı Həmidə Türkiyədə mühacir həyatı yaşayır. Özünə isə "pantürkist" adı qoyub Qazaxıstanın Semipalatinsk bölgəsinə göndərirlər. Təhlükəsizlik orqanlarında Nigar xanıma ərindən boşanmağı məsləhət görəndə bu mərd qadın körpə balasını da götürərək "ərim harda, mən də orda" deyib onunla birgə əzab-əziyyətli, məhrumiyyətlərlə dolu sürgün həyatı yaşayır. Bu illərdə cütlüyün əkiz oğlan və bir qız övladları dünyaya gəlir, amma körpələr tələf olur.
14 il sürgün həyatı yaşayan Məmmədrzanın amnistiyaya düşməsi haqqında sənədi kağızını ondan gizlədirlər. O, qaçaraq ailəsi ilə birgə Gəncəyə gəlir. Lakin burada da sürgünlük həyatı davam edir. Ev yox, iş də tapa bilmir... Bir gün Səməd Vurğunla görüşür. Səməd Vurğun Məmmədrazanın vaxtilə onun əsərləri əsasında hazırlanan tamaşalarda maraqlı obrazlar yaratdığını bilir və ona kömək edir. Səməd Vurğunun sayəsində onun ikinci sürgün həyatına son qoyulur. Bir müddət sonra Mədəniyyət Nazirliyinin əmri ilə Akademik Dram Teatrında aktyor ştatına qəbul edilir.
Sürgündən qayıdanda onun artıq qırx yaşı vardı. Ona görə də teatrdan fərqli olaraq, kinoda əsasən xarakterik rollar ifa edirdi. Məmmədrza Şeyxzamanov böyük ekrana ilk dəfə "Bəxtiyar" filmində professor Rəcəbov rolu ilə çıxıb. Onun adı uzun illər fəxri ad siyahısından silinib. Sonralar Tofiq Bağırov Məmmədrzanın adını qara siyahıdan çıxarır və o, əməkdar artist adına layiq görülür. Daha sonra isə Xalq artisti adı alır.
Deyilənə görə, aktyor çox kövrək adam olub. Xalq artisti Rasim Balayev onunla bağlı xatirələrindən bəhs edərkən belə deyib: "Yadımdadır ki, "Nəsimi"də Şəmsin atası Şeyx Əzəm tərəfindən boğulduğu kadr çəkilirdi. Məmmədrza Şeyxzamanov qəddarlıqla qızını boğub öldürəndə göz yaşlarını gizlədə bilmir. Əslində, o kadrda ağlamalı deyildi. Amma o qədər roluna aludə olmuşdu ki, kadr lentə alınandan sonra da bir kənara çəkilib hönkürdü. Onu sakitləşdirə bilmirdilər. Dedi ki, qızımı məcburiyyət qarşısında öldürdüm. Hamı onu başa saldı ki, a kişi, bu roldur, səni heç kim qınamır".
Sənətkarın həyatı ilə bağlı maraqlı məqamlarından biri də 9 rəqəminin mistikasıdır. Belə ki, Məmmədrza Şeyxzamanov 19 yaşında Gəncə Dövlət Dram Teatrına gəlir, 39 yaşında Akademik Milli Dram Teatrında işə başlayır, 59 yaşında Xalq artisti adına layiq görülür və 69 yaşında həyatla vidalaşır...
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.