Memar Sinan
Memarlıq tarixinə adı qızıl hərflərlə yazılan görkəmli sənətkar memar Sinan... Türk-İslam memarlığına misilsiz töhfələr bəxş edən bu sənətkarın müəllifi olduğu tikililər nəinki orta əsrlər intibah dövrünün, eləcə də müasir dünya arxitekturasının tacı hesab edilir. Memar yaratdığı şah əsərləri ilə yanaşı, daha çox Qanuni Sultan Süleymanın qızı Mihrimaha olan məhəbbəti və ona həsr etdiyi sirr dolu məscidi ilə yaddaşlarda qalıb...
Memar Sinanın (Sinanəddin Yusif Əbdulmənnan oğlu) təvəllüdü ilə bağlı dəqiq məlumat olmasa da, bəzi mənbələrdə onun 1489-cu ildə Anadoluda, Kayseri şəhəri yaxınlığındakı Ağrınəs kəndində anadan olduğu bildirilir. Mənbələrdə onun mənşəcə yunan olduğu, gənc yaşında könüllü şəkildə İslam dinini qəbul etdiyi qeyd edilir. 1512-ci ildə hərbi xidmətə çağırılmış, Yeniçərilər korpusunda, sultan sarayında xidmət etmişdir. Sonra memar-mühəndis təhsili almış, təhsilini başa vurduqdan sonra isə I Sultan Səlimlə birgə Rodos adasına hərbi yürüşdə iştirak etmişdir. Daha sonra Avstriya yürüşünə qatılmış, bu ərəfədə Sinanəddinə kapitan rütbəsi verilmişdir. Sultanın mühafizə xidmətinin rəisi kimi Bağdadda, sonra isə Van gölü ətrafında aparılan inşaat işlərində yaxından iştirak etmişdir.
Hərbi yürüşlər Sinanəddinin həyatında özünəməxsus iz buraxıb. Belə ki, hərbi yürüşlərin birində gözlənilməz bir hadisə baş verir. Moldova yürüşü zamanı ona Prut çayı üzərindən körpü salınması tapşırılır. Sultan bu işin mümkün qədər tez başa çatmasını istəyir. Sinanəddin dərhal işə başlayır və körpü sultanın müəyyən etdiyi vaxtdan 7 gün tez, 13 günə hazır olur. Körpü o qədər davamlı və keyfiyyətli inşa edilir ki, Sultan Süleyman buna görə Sinanəddinə şəxsən təşəkkür edir. Bundan sonra o, orduda Memar Sinan adı ilə tanınır. Sultanın diqqəti memarlar arasında Sinanın şöhrətini daha da artırır. O daha sonra Osmanlı sarayının baş memarı təyin edilir.
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.