12 may, 2025
Paylaş:

Məlik Dadaşov

Övladını atan, yaratdığı erməni obrazına görə başı bəlalar çəkən, tamaşaçılar tərəfindən söyülən, mənfi rolların mahir ifaçısı, Azərbaycan teatr və kino tarixində özünəməxsus yeri olan görkəmli sənətkar, Xalq artisti Məlik Dadaşov...

Aktyor Bakıda dünyaya gəlib. Uşaq yaşlarından musiqiyə böyük maraq göstərən Məlik Dadaşov kontrabasda ifa edib. Orta məktəbi bitirdikdən sonra Tibb İnstitutuna qəbul olsa da, birinci kursdan universiteti yarımçıq qoyub səhnəyə istiqamətlənir. Azərbaycan Teatr İnstitutunu (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) bitirir. 23 yaşlı aktyor səhnə fəaliyyətinə Zaqatalada yenicə açılmış teatrda başlayaraq əsas rolların ifaçısına çevrilir. Teatrda Sofiya Hüseynova adlı gənc aktrisaya aşiq olur və ailə qurur. Bu izdivacdan gələcəyin daha bir aktyoru - Rafael Dadaşov dünyaya gəlir. Lakin bir müddət sonra cütlük boşanır və gənc aktrisa oğlu Rafaeli təkbaşına böyüdür.

Məlik Dadaşov gənclik illərində "Müsahibə götürən adam" filminə çəkilir. Aktyor siyasi məsələlərə görə Pakistanda zəhərlənən Anatoli Kavaleznik haqqında olan bu filmdə həmin ölkənin əks-kəşfiyyat komissarı Niyaz xan obrazını yaradır. Film çəkilən zaman sağ olan Niyaz xan bundan xəbər tutur və onun obrazını yaradacaq aktyoru ölümlə hədələyir. Buna görə də filmin Pakistanda aparılmalı olan çəkilişləri təxirə salınır və Məlik Dadaşovu Pakistana qoymurlar. Bu səbəbdən filmin çəkilişləri İçərişəhərdə aparılır. Aktyor sənət taleyində sonralar da davamlı olaraq bu kimi hədələrlə üz-üzə qalır. "Axırıncı aşırım"da Qəmlo, "Dəli Kür"də molla, "Ölülər"də Şeyx Nəsrullah obrazlarına görə tamaşaçı ona hədsiz dərəcədə nifrət edir. "Fəryad" filmindəki erməni obrazından sonra isə vəziyyət daha da gərginləşir, hətta küçədə onu söyürlər. Bir çoxları elə bilirmiş ki, M.Dadaşov həqiqətən də ermənidir. Bir dəfə instituta gedəndə "Malakan" bağının yanında bir qadın onu görüb qışqırmağa başlayır: "Ay camaat, bu adam ermənidi", - deyib insanları yığır başına. Bu zaman bir əsgər aktyora yaxınlaşır və ondan sənədlərini tələb edir. Görünür, cavan olduğu üçün aktyoru tanıya bilməmişdi. Qadın isə dediyinin üstündə təkid edirdi: "Mən onu televizorda görmüşəm, o, hərbçi ermənidir". Axırda aktyor əsgərə deyir: "Bala mən azərbaycanlıyam, erməni yox. Sən cavansan, məni tanıya bilməmisən. Mən tanınmış aktyoram. Sadəcə filmdə erməni obrazını yaratdığım üçün qadın məni səhv salıb".

Fəryad filmində bir səhnə var - Xaçaturyan üzünü yuya-yuya erməni mahnısı oxuyur. Bu mahnını Məlik Dadaşov uşaqlıqda məhəllələrində yaşayan ermənilərdən eşitmişdi. Həmin mahnının filmə salınması da onun ideyası idi. Bu səhnə kinoteatrda göstəriləndə M.Dadaşovun qızı Gülnarə xanımın arxasında əyləşən qadının qeyri-ixtiyarı "zəhrimar canına, zəhər canına" dediyini eşidir. Gülnarə arxaya çevrilib qadına, sonra atasına baxır.

Atası isə ona əli ilə "əla" işarəsini göstərir. Film başa çatandan sonra təəccüblə atasına deyir: "Ata, sən necə də alçaq bir insan obrazı yaratmısan". O, doğrudan da təəccüblənmişdi. Təəccüblənmişdi ki, gözəl atası birdən-birə necə əclaf insana çevrilə bilib, bu rolu necə yaradıb. Məlik Dadaşov isə qızına belə cavab verir: "Əgər zalda belə reaksiya göstərirlərsə, əgər mənim öz doğma qızım mənə belə söz deyirsə, deməli, bu rolun öhdəsindən gələ bilmişəm".

Gənclik illərində dövrün nəhəng sənətkarı Adil İsgəndərovla münasibətləri yaxşı olsa da, sonralar bilinməyən səbəblərdən iki düşmənə çevrilirlər. Hətta oğlu Rafael Dadaşovun filmlərə çəkilməməsində Adil İsgəndərovun böyük rol oynadığı deyilir. Zamanında Məlik Dadaşov Adil İsgəndərovun yarasına duz səpmişdi. Görünür, Adil müəllim də bunu yaddan çıxarmamışdı və yeri gəldikcə onun oğluna müəyyən sərhədlər qoyurdu. Lakin deyilənlərə görə, Adil İsgəndərov "Axırıncı aşırım" filmində Kərbəlayi roluna görə ona verilən mükafatdan imtina edərək deyib: "Bu mükafat Məlik Dadaşova düşür, Qəmlonu yaratdığına görə".

Uzun çəkişmələrdən sonra bir gün Məlik Dadaşov Milli Dram Teatrını tərk etməli olur.

Aktyor 70 yaşında övlad faciəsi yaşayır. İkinci nikahdan olan qızı xərçəngdən dünyasını dəyişir. Onun ölümündən sonra Məlik Dadaşov öz ağrısını bu sözlərlə ifadə edir: "Mən artıq yaşaya bilməyəcəm!".

Hiss etdiyi kimi də 72 yaşında vəfat edir. Deyilənə görə, Tədris Teatrında tələbələrlə "Arşın mal alan"ı məşq edən zaman müvazinətini itirib yıxılıb. Gicgahı yaxınlıqdakı stolun küncünə dəyib. Onu xəstəxanaya çatdırsalar da, 6 gün yaşayıb. Oğlu Rafael atasından incik olduğu üçün dəfninə getməyib. Üçüncü arvadı Dolares isə ərinin vəsiyyətinə uyğun olaraq əlindəki siyahıda adları yazılan adamları dəfnə buraxmayıb.

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()