“Məhv olan abidələr- Unudulmayan tarix” mövzusunda elmi seminar

11 sentyabr, 2019
Paylaş:

“Məhv olan abidələr- Unudulmayan tarix” mövzusunda elmi seminar

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 11 sentyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə “Mədəniyyət naminə elm” layihəsi çərçivəsində “Məhv olan abidələr-Unudulmayan tarix” mövzusunda elmi seminar keçirildi.

Tədbiri giriş sözü ilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının elmi işlər üzrə direktor müavini Xalidə Musayeva açıb bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi zamanı məhv olmuş mədəniyyət nümunələrimiz, mədəniyyət abidələrimiz minlərlədir. Dəyəri çox yüksək olan bu abidələr tariximizin heç zaman silinməz yaddaşı kimi əvəzolunmaz milli sərvətimizdir. Azərbaycan xalqının mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğu üçün onun mühafizəsi də beynəlxalq əhəmiyyət kəsb edən bir məsələdir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev “Mədəniyyət naminə elm” layihəsinin əhəmiyyətindən, əsas məqsədin respublikanın elmi potensialını mədəniyyət sahəsinin inkişafına yönəltmək olduğundan, ölkəmizdə mədəni abidələrin qorunmasından danışdı.

Tarix elmləri doktoru, Azərbaycan Turizm və Menecment Universitetinin professoru Məhərrəm Zülfüqarlı, əməkdar mədəniyyət işçisi Hikmət Nəbili, mərkəzin elmi katibi Cavid Əliyev, təlimlərin təşkili sektorunun müdiri Samirə Cəlilova, metodiki iş şöbəsinin əməkdaşı Elnur Hacıbabayev, innovativ inkişaf və təbliğat şöbəsinin əməkdaşı Leyla Qılıcova Mədəniyyət Konsepsiyası, daşınan və daşınmaz mədəni irs, mədəniyyət siyasəti, tarixi abidələrin dəyərləri, Lahıc misgərlik sənəti, milli geyimlər və sair mövzularda çıxışlar etdilər.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Teyyub İsgəndərzadənin mədəni irsimizi əks etdirən əl işləri nümayiş edildi.

Tədbirin sonunda Azərbaycan Turizm və Menecment Universitetinin professoru Məhərrəm Zülfüqarlı kitabxanaya üç nüsxə müəllifi olduğu “Sərsəng SOS: təhlükə altında qalan tarixi və mədəniyyət abidələri” kitabından hədiyyə verdi. Məhərrəm Zülfüqarlı və Teyyub İsgəndərzadəyə mərkəz tərəfindən sertifikatlar təqdim olundu.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()