18 sentyabr, 2023
Paylaş:

Məhəmmədhüseyn Şəhriyar

"Sürəyyanın eşqi olmasaydı mən şair yox, həkim olardım"... Belə demişdi Azərbaycanın böyük şairi Məhəmmədhüseyn Şəhriyar... Sevdiyi qıza görə sürgün edilən, İran şahına boyun əyməyən dahi şairimiz yaradıcılığı ilə yanaşı, keşməkeşli həyatı ilə də yaddaşlarda qalıb...

Əsl adı Seyid Məhəmmədhüseyn Behcəti Təbrizi olan Məhəmmədhüseyn Şəhriyar Təbriz şəhərinin Bağmeşə bölgəsində, zamanının tanınmış hüquqşünaslarından Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlib. Məşrutə inqilabı illərində ailəsi Şəhriyarı Heydərbaba dağının ətəyində yerləşən Xoşginab kəndində yaşayan nənəsinin yanına göndərir. İnqilabdan sonra o, ailəsinin yanına geri qayıdır. Bu, sonralar onun "Heydərbabaya salam" kimi möhtəşəm poema yazmasına səbəb olur. Yeri gəlmişkən qeyd edək ki, şairə böyük məşhurluq gətirən bu poema sovetlər birliyi xalqlarının 90 faizinin dilinə tərcümə edilib. Şeirin Türkiyədə tanınmasının səbəbkarı isə Məhəmməd Əmin Rəsulzadə olub.

Şəhriyarın ədəbiyyata marağı uşaqlıq illərindən başlayıb. Burada onun valideynlərinin də böyük rolu olub. 7 yaşından Azərbaycan dilində, 9 yaşında isə farsca şeirlər yazan ədib Hafizin, Məhəmməd Füzulinin qəzəllərini oxumuş və onlardan bəhrələnmişdir. İlk təhsilini Təbrizin Motahari və Tehranda Darülfünun məktəblərində alan şair Behcət təxəllüsü ilə şeirlər yazmağa başlayır. Deyilənə görə, Məhəmmədhüseyn Tehranda olarkən Behcət təxəllüsünü bəyənmədiyi üçün iki rəkət namaz qılır, sonra Hafizin kitabı ilə fal açır və bundan sonra isə özünə Şəhriyar təxəllüsünü götürür. O, Tehrana gəldiyi ilk günlərdən Ustad Əbulhəsən Səba ilə tanış olur, saz (setar) çalmağı və İran musiqisinin bir çox növlərini ondan öyrənir. Mədrəsə təhsili başa çatandan sonra isə Tehran universitetinin tibb fakültəsində təhsil alır.

Tələbəlik illərində Sürəyya adlı gözəl bir qıza vurulan Şəhriyar ona şeirlər həsr edir. Lakin Rza şah Pəhləvinin yaxın qohumu Əbdülhüseyn Teymurtaş Sürəyyaya aşiq olduğu üçün onları ayırır. Deyilənə görə, Əbdülhüseyn Teymurtaş Sürəyyanı Şəhriyardan tam uzaqlaşdırmaq üçün şairin Nişapura sürgünə göndərilməsinə nail olur. Başqa bir iddiaya görə isə onun sürgün edilməsinə səbəb Rza şah rejimini tənqid edən qəsidə yazmasıdır.

Bir dəfə Şəhriyarla Sürəyya Behcətabad parkında görüşməklə bağlı razılığa gəlirlər. Sevgilisini son dəfə görmək ümidi ilə gecə həmin yerə gələn şair səhərədək gözləyir, amma Sürəyyanı gətirmirlər. Elə həmin gecə "Behcətabad xatirəsi"ni qələmə alır. Sevgilisi üçün yazdığı şeirlərin içərisində ən məşhuru isə "Yar qasidi" olub ki, sonralar şair bu şeiri ağlaya-ağlaya məclislərdə deyib. Şəhriyar sevgisini belə ifadə edib: "Sürəyyanın eşqi olmasaydı, mən şair yox, həkim olardım"...

Şair qohumu Əzizə Əmid Xaliqi adlı xanımla ailə qurub. Bu evlilikdən Şəhrzad, Məryəm və Hadi adlı üç övlad dünyaya gəlib. Lakin sonralar həyat yoldaşı Əzizə xanım dünyasını dəyişmiş, bu hadisədən çox sarsılan Şəhriyar özünü yaradıcılıq və ədəbiyyatla ovutmağa çalışıb.

Şəhriyar ömrü boyu həsrətində olduğu Quzey Azərbaycanı görə bilməyib. M.P.Vaqifin 250 illik yubileyində Azərbaycan Yazıçılar İttifaqı Şəhriyarı Bakıya dəvət edib, lakin ona süni əngəllər yaradılıb və şairin böyük arzusu həyata keçməyib.

Ustad ömrünün son illərində Tehranda yaşayır. Amma çox istəyirdi ki, Şiraza gedib Hafizin məqbərəsinin yaxınlığında yaşasın. Bu istək onun "Ey Şiraz" və "Dər barqahi Sədi" şeirlərində öz əksini tapıb. Amma sonralar bu fikrindən dönür. Tehranda yaşamaqdan yorulduğu üçün hara gedəcəyi barədə bir qərara gələ bilmir. Bir gün isə o, heç kəsə, hətta ailəsinə də bildirmədən Tehrandan Təbrizə köçür. Ömrünün son günləri Tehranın Mehr xəstəxanasında yatır. 82 yaşında ağciyər iltihabı və ürək çatışmazlığından dünyasını dəyişən şair vəsiyyətinə görə Təbrizdəki Surxab qəbiristanlığında "Məqbərətüş-şüəra"da ("Şairlər məqbərəsində") dəfn edilir. Onun ölümü İranda "Milli şeir" günü kimi qeyd olunur

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()