08 fevral, 2024
Paylaş:

Məhəmməd Hadi


Türkün tökülən qanları bihudə gedərmi?
Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?
Sovet rejiminin qurbanlarından olan, açıq və üsyankar yazılarına görə barəsində ölüm hökmü
çıxarılan vətən sevdalı Məhəmməd Hadi... Şairin tale payına çox çətin, keşməkeşli bir ömür
düşüb... Yetimlik, nakam eşq, qürbət, aclıq, səfalət... Tənha ömür və naməlum ölüm...
Əsl adı Ağa Məhəmməd olan, gəncliyində özünə Hadi (ərəbcə: doğru yol göstərən) təxəllüsünü
seçən şair Şamaxı şəhərində dünyaya gəlib. Hələ 9 yaşında ikən atasını itirən Hadi çox keçmir
ki, anasız da qalır. Belə ki, anası onu qohumlarının himayəsinə verir, ikinci dəfə ərə gedir. İbtidai
təhsilini Şamaxıda məhəllə məktəblərinin birində alan Hadi sonralar Abbas Səhhətin atası
Əliabbas əfəndinin təsis etdiyi məktəbdə oxuyur. Ərəb və fars dillərini öyrənir. Ərəb dilini
mükəmməl şəkildə öyrənməsinə kömək edən himayədarı isə Mustafa Lütfi İsmayılzadə olur.
Şamaxıda baş verən güclü zəlzələdən sonra şairin taleyinə doğma elini tərk etmək yazılır. Bu
hadisə Ömər Faiq Nemanzadənin xatirələrində qeyd olunur: "Baş vermiş dağıdıcı zəlzələdən
sonra bir çox şamaxılılar kimi Məhəmməd Hadi də doğma şəhərini tərk etməyə məcbur olmuş,
evlərinin ənqazını (tör-töküntü) 200 manata sataraq Kürdəmirə getmişdi".
Şair Kürdəmirdə əvvəlcə ticarətlə məşğul olur. Ticarətin onun dünyasından uzaq olması işin tez
bir zamanda sonlanması ilə nəticələnir. Şair orada bir müddət müəllimlik edir. Daha sonra isə
Hadi İstanbula gedir. Orada yüksək rütbəli şəxsi təhqir etdiyi üçün həbs edilir və Saloniki
şəhərinə sürgün olunur. Yunanlar Hadini türk cəsusu zənn edib öldürmək istəyirlər. Ölümün
pəncəsindən şairi bir keşiş xilas edir. Sürgündən vətənə qayıdan Hadi bir xeyli müddət ruhi
xəstəxanada müalicə alır. Əsərlərinin dili kimi taleyi də çətin olan yurdsuz-yuvasız şair həyatdan
küsür və xəstəliklə mübarizə aparır.
Şair ona həyat verən anası və onu həyata bağlayan sevgilisi tərəfindən tərk edildiyi üçün
ömrünün sonuna qədər tək yaşayıb, ailə qurmayıb. Deyilənə görə, onun sevdiyi qız başqa birinə
- zəngin, varlı bir oğlana ərə gedib. Ən yaxın dostlarından biri Abdulla Şaiq bu haqda yazırdı:
"Bir dəfə Hadiyə subaylığın daşını atmağı tövsiyə etdim. O, çox ciddi halda dedi: Allah bəlalarını
versin, bu qadınlarda bizi anlayacaq baş, hiss edəcək ürək var?"

 

Yaşadıqlarından dolayı içkiyə meyil edən Hadini sanki bir bədbinlik, pessimizm izləyirdi. Hadinin
dilinin çətinliyini bir çox ədiblər də yazırdılar. Dili çətin idi, amma istədiklərini deyə bilir, lakin
Hadini heç kim başa düşmürdü. Qürurlu şair ömrünün son aylarında öz şeirlərinə "sığınır".
Təəssüf ki, mətbuatda şeir çap etdirməklə yaşamaq mümkün olmur. Əlacı kəsilən Hadi acından
ölməmək üçün hər gün yazdığı şeirləri "Qubernator" bağında satmaqla pul qazanır. Nimdaş
geyimli məğrur şair qazandığı pula yalnız qara çörək, soğan və araq ala bilir.
Deyilənə görə, dostu Abdulla Şaiq içkiyə aludə olduğu üçün onu tənqid edibmiş. Şair isə
mütəəssir bir halda: "Eh, Şaiq, həyatı başdan-başa faciələrlə keçmiş bir bədbəxtdən nə
gözləyirsən! - söyləmiş və acı-acı ağlamışdır".
Bir dəfə sərxoş halda şeirlərini satan şair dostu Şaiqə rast gəlir, "Hərarətli şeirlərim" adlı
mənzuməsini ona uzadıb deyir: "Al, beş manat ver!". Şaiq cibində olan on manatı ona verir.
Hadi on manat verəni diqqətlə süzdükdə, Şaiqi tanıyır, pulu geri qaytarıb, onu qucaqlayır,
gözləri yaşarır, mütəəssir halda deyir: "Şaiqciyim, bağışla, tanımadım".
Deyilənlərə görə, günlərin bir günü Hadi yarıkeflənmiş vəziyyətdə qəbiristanlıqdan keçirmiş.
Uçuq-sökük qəbirlərdən birində dişləri ağaran kəlləni görmüş, onun dirilərə güldüyünü zənn edib
dərin fikrə qərq olmuş, həzin-həzin söyləmişdir:
Bu matamgahi-dünyaya gülürdü sanki ölmüşlər,
Yer üstündə bəşər ağlar, gülər xakə gömülmüşlər.
Ömrünün son günlərini Gəncədə keçirən şairin ölümünün vaxtı və onun səbəbi uzun illər
naməlum qalır. Əli Nəzmi onun 1920-ci il may ayında Gəncədə soyuqdəymədən vəfat etdiyini
yazır. Abdulla Şaiq isə belə yazırdı: "Hadi, təxminən, 1919-cu ilin axırları, 20-ci illərin
əvvəllərində Gəncədə birdən-birə qeyb oldu".
Bəli, o, yox olub. Xoşbəxt ailədə doğulan, amma heç vaxt ailə, yuva sahibi olmayan, ömrünü
xalqının mədəniyyətinə sərf etmiş didərgin şair, azadlıq bülbülü öz həqiqətlərinin arxasınca
uçub...

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()