Maykl Faradey
Elektrik enerjisini istehsal etmək üçün mürəkkəb sistemlərə baş vururuq. Çayların qarşısında bəndlər inşa edib suyu yığır, daha sonra isə nüvə stansiyasında onu buxarlandırıb elektrik əldə edirik. İşin ərsəyə gəlməsində isə əsaslandığımız ən vacib məqam elektromaqnit induksiya qanunudur. Bəs bu kəşfə görə kimə borclu olduğumuzu bilirsinizmi? Heç bir riyazi təhsili olmayan, dəmirçinin oğlu - Maykl Faradeyə. Anadangəlmə, inanılmaz bir zəkaya sahib olan bu insanın, böyüyəndə dünyanı sarsıdacaq, ağlagəlməz işlərə imza atacağını haradan bilmək olardı ki...
Bu görkəmli ingilis fiziki olduqca kasıb və bir o qədər də təhsildən məhrum olan ailədə dünyaya gəlib. Belə şərtlər altında böyüyən bir uşağın da, oxşar şəkildə inkişaf etməsini və təhsildən məhrum olmasını gözləmək təbii idi. Anası oxuma-yazma təhsili olmayan bir ev qadını, atası isə tez-tez xəstələndiyi üçün işinə daim gedə bilməyən dəmirçi idi. 13 yaşında ikən məktəbi tərk edən gələcəyin alimi dükanda satıcı işləməklə ailəsini saxlayırdı.
Məşhur fizik elektrotexnika sahəsindəki kəşfləri ilə yanaşı, kimya sahəsində də az iş görməmişdir. Belə ki, ilk dəfə xloru mayeləşdirən məhz Faradey olmuşdur. Hətta bu kəşfin maraqlı bir tarixçəsi də var: Bir gün xloru mayeləşdirmək üzərində işləyərkən laboratoriyaya girən alimlərdən biri ona deyir: "Cavan oğlan, kimyəvi qabları tez-tez yumaq lazımdır, sizdə borunun daxilində hansısa yağ damcıları görürəm. Manqan peroksidi manqan kalium duzu ilə əvəz etmək olar, onda heç qızdırmaq da lazım deyil". Faradey heç nə demir, amma sonrakı gün öz tənqidçisinə bu yazını göndərir: "Sizin çirk hesab etdiyiniz maye xlor idi". Alim isə heç düşünməmişdi ki, xlor mayeyə çevrilə bilər.
Faradey ortaboylu, xoşxasiyyət və olduqca səmimi bir insan olub. Çox böyük eksperiment aparmaq məharəti olan bu alim, dəqiqliyi və səliqəni çox sevirdi. Daim var qüvvəsini işə verən fizik bütün gününü laboratoriyada keçirərdi. Səhərlər laboratoriyasına gəlir, axşamlar isə kontor işçisi kimi eyni saatda gedirdi. Bütün həyatını yeni-yeni təcrübələrə sərf edən Faradey təbiətin gözəlliklərini rəssam kimi başa düşür, alim kimi təhlil edir, onlardan isə şair kimi vəcdə gəlirdi.
Cəmi bircə dəfə evlənən alim ömrünün sonuna qədər xanımına sadiq olub. Amma təəssüf ki, onların övladı olmayıb. Buna baxmayaraq, alim uşaqları o qədər çox sevirdi ki, hətta öz təcrübələrini göstərmək üçün qardaşı uşaqlarını tez-tez laboratoriyaya da aparırdı.
Beyin damarlarının aterosklerozu nəticəsində alimin 65 yaşında yaddaşı o qədər pozulmuşdur ki, bir gün əvvəl eksperimentdə hansı nəticələrə gəldiyini yadına sala bilmirdi. Bu hələ bir yana qalsın, aldığı nəticələri dəqiq yazmaq da ona kömək etmirdi. Çünki o, fikrini hansı hərflərlə yazacağını belə yadına sala bilmir, unudurdu. Ömrünün sonuna qədər bu xəstəlikdən yaxa qurtara bilməyən alim 76 yaşında Hampton Court sarayında vəfat edib. Lakin onun ölüm səbəbi hələ də naməlum olaraq qalır...
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.