Lütfi Zadə
O ideyalarını həyata keçirmək üçün Allahdan möhlət istəyirdi. Onu var-dövlət yox, elm maraqlandırırdı. Həmişə deyirdi ki, bahalı maşın və evimin olması mənim üçün əsas deyil. Mənim üçün əsas etdiklərimdir... Söhbət arvadının külünü okeana səpən dünyaşöhrətli elm xadimi, azərbaycanlı dahi, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru Lütfi Zadədən gedir...
Alim Bakının Novxanı kəndində Rəhim Ələsgərzadə və yəhudi əsilli rus olan Feyqa Moiseyevna Koremanın ailəsində dünyaya göz açıb. Atası Rəhim Ələsgərzadə İranın Ərdəbil şəhərində ziyalı ailəsində doğulub. Birinci Dünya müharibəsi illərində Ərdəbildən Bakıya köçüb və burada ticarətlə məşğul olmaq qərarına gəlib. İranda dostları və qohumları vasitəsilə külli miqdarda kibrit alaraq onu Bakıya gətirib. Kibrit satışını təşkil etməklə güzəran qurub. İşgüzar fəaliyyəti ilə yanaşı, həm də Azərbaycan Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alıb və İranda çap olunan həftəlik qəzetlərin Bakıdakı müxbiri kimi çalışıb. Sonralar sovet vətəndaşlığını qəbul etməyən ailə Mircəfər Bağırovun göstərişinə əsasən 24 saat ərzində ölkəni tərk etməli olub.
Lütfi Zadə üçüncü sinfədək təhsilini Bakıda alıb. Uzun illər Amerikada yaşasa da, evdə daha çox Azərbaycan yeməklərinə üstünlük verib. Səbzi-qovurma, badımcan dolması, borş və kababları çox xoşlayıb. Akademikin yaxşı rəssamlıq qabiliyyəti də olub. Ronald Reyqanın, Corc Buşun portretlərini çəkib. Müsahibələrinin birində bu haqda belə deyib: "Paparatsilər kimi icazəsiz bir çox məşhur insanları çəkmişəm". Bundan başqa, o, həm də yaxşı rəqqas olub. Deyilənə görə, 95 yaşında Berkli Universitetinin tədbirində o qədər gözəl rəqs edib ki, salondakı insanların hamısı heyran qalıb.
Kimdənsə hədiyyə almağı xoşlamazmış. Ancaq özü hədiyyə verməyi çox sevərmiş. Tez-tez dostlarının ad günündə iştirak edər və onlara hədiyyələr verərdi. Ən çox da qalstuk bağışlamaq onun ənənəsinə çevrilmişdi. Unikal yaddaşa sahib idi. Saysız informasiyaları yaddaşında cəm edən, elmə aid heç bir bilgini unutmayan Lütfi Zadə hərdən corab geyinməyi yadından çıxarırmış. Alim pula önəm verən olmayıb. Statistikaya görə, onun nəzəriyyəsindən yararlanan şirkətlərdən pay sahibliyini istəsə, dünyanın ən varlı adamı olardı. Amma istəmirdi. Elə ona görə də balaca bir evdə kasıbyana yaşamağı seçdi...
Akademik Allaha inanan adam olub. Deyilənə görə o, hər bir addımında Allahın adını çəkir, "Allah mənə nə qədər ömür veribsə, o qədər yaşayacağam" deyirmiş. Tehranda tələbə olanda isə gündə beş dəfə namaz qılırmış. Ömrünün son illərində müsəlman qaydaları ilə dəfn olunmasını vəsiyyət edib.
Toyu çox sadə olub və cəmi 6 nəfər iştirak edib.
O, Litvadan İrana qaçmış yəhudi qızı Fenka ilə ailə qurub. Bu izdivacdan cütlüyün iki övladı dünyaya gəlib: Stella Zadə və Norman Zadə. Qızı Stella 59 yaşında vəfat edib. Lütfi Zadə xanımını çox istəyirdi. Xanımı onu tamamlayan varlıq idi. Ölən günə kimi xanımının külünü evdə, bankada saxlayırdı. O, illər öncə xanımı ilə birlikdə qərar vermişdilər ki, dünyalarını dəyişəndə kremasiya (cəsədin xüsusi sobalarda yandırılması prosesi) olunsunlar. Xanımı dünyasını dəyişəndə bunu edirlər. Lakin Lütfi Zadə sonradan qərarını dəyişir. Müsəlman qaydası ilə dəfn olunmasını vəsiyyət edir. Xanımı vəfat edəndə bir məktub yazmışdı. Ağrılı və kədərli bir məktub. Məktubda bu sözləri deyirdi: "Mən Fenkasız yaşaya bilmərəm". Doğrudan da çox yaşaya bilmədi. Düz bir ildən sonra vəfat etdi. 96 yaşında... Ölməmişdən əvvəl isə doğma Bakısında dəfn olunmasını vəsiyyət etdi.
Professor dəfn olunanda oğlu Norman Lütfizadə başqa şəhərdə olduğundan dəfn mərasiminə gəlmir. O atası ilə morqda vidalaşır və dəfnə gəlməyi lüzum görmür. Bunu belə izah edirlər: Norman çox rasional biridir və artıq yerə enerji sərf etməyi xoşlamır. Onun haqqında daha maraqlı bir fakt da var. İnformatika sahəsi üzrə riyaziyyatçı alim olan Norman, eyni zamanda poker oyununun dərin bilicisidir. O qədər dərin ki, hətta bu oyun haqqında kitab da yazıb - "Uduşlu poker sistemləri" ("Winning Poker Systems"). Üstəlik o, poker üzrə yarışlarda da qalib olub...
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.