Lui de Funes
"Ən gözəl komediya öz dəfnimdə oynanılan olacaq"... Belə demişdi ölümündən əvvəl zarafatla Fransanın məşhur komediya ustası, bədbinlikdən güldürən aktyor Lui de Funes ...Tamaşaçılarının yaddaşında həddindən artıq çevik hərəkətləri, komik üz cizgiləri və bir yerdə qərar tuta bilməyən, hövsələsiz davranışları ilə qalan bu aktyor çox sirli adam olub...
Aktyor Fransada Sena çayının yuxarı ətrafındakı bir əyalətdə dünyaya gəlib. Uşaqlığı ağacdan asılmış yelləncəklərdə keçən Luinin məktəb illəri çox sönük olub. Dəqiq elmlər ümumiyyətlə ona görə deyildi. Həmin dərslərdə tam fəaliyyətsiz olduğunu demək də düzgün olmazdı, çünki müəlliminin arxasınca mimikalarla nə hoqqa desən çıxardırdı. Bir dəfə sinifdə Zorronu yamsılayarkən sinif yoldaşı çəlimsiz qızın üstünə necə yıxılmışdısa, yazıq uşaq ciddi zədə almışdı. Bu hadisədən sonra anası Luini məktəbdən çıxardıb pul qazanmaq üçün işləməyə göndərmişdi. Yeniyetməliyindən oğlanın görmədiyi iş qalmamışdı - satıcı, mühasib, yükdaşıyan... Özünün dediyinə görə, bunlar ona yalnız şərəf gətirib. Hərbi-tibbi komissiyanın onun ordu sıralarına yararsız olduğunu bəyan etməsi isə gələcək aktyor üçün ən sarsıdıcı, alçaldıcı zərbə olub. Çəkisi cəmi 55 kiloqram, boyu 1 metr 64 santimetr olan Luiyə komissiya məhz bu səbəbdən belə bir qərar verib.
Elastik mimikalar və xalorik temperament əsl komediya aktyoruna xas xüsusiyyətlərdir. Bunların hər ikisinin Luidə birləşməsi onu bütün dünyaya tanıtdı. Oynamadığı rol qalmadı, adi bazar alverçisindən Sezar obrazına qədər. Ən "uğurlu bilet"i isə "Atam, anam, xidmətçi və mən" filmindəki müsyo Kalomelya rolu oldu. Ardınca "Tutulmayıbsa, oğru deyil" filmindəki məşhur obrazı uğurunu bir daha təsdiqlədi. Bu filmə görə Fransada Fyu-fyu ləqəbini, bütün dünyada isə ördək balası Donald adını aldı. Sonralar ekranlara çıxan "Fantomas" filmləri seriyası isə ona çox böyük şöhrət qazandırdı. Bütün komediya aktyorları kimi o da komplekslərdən azad ola bilmirdi: "Mən əslində çox bədbin adamam, kinoda çıxartdığım oyunlar özümün bu durumdan azad olmağıma xidmət edir".
Lui de Funes təqibolunma maniasından (bipolyar pozuntu) əziyyət çəkdiyi üçün özü ilə daim tapança gəzdirib. Sənətçi insanların davranışlarını müşahidə etməyi çox sevib. Müəyyən qəhrəmanları təsvir edə bilmək üçün tez-tez müşahidələrini bir dəftərə qeyd edib. O, kifayət qədər sirli adam olub. Təmiz aristokrat, arvadına sadiq, balıq tutmağı sevən və gül-çiçək becərən insan. Səs-küylü, dəbdəbəli həyatı sevməzdi, heç kimə maneə olmadan, sakit, öz aləmində yaşayırdı. Arvadı ilə Ren Simonun aktyorluq kurslarında tanış olmuşdu. Janna, Gi de Mopassanın nəslindən idi və bununla fəxr edirdi. Məşhur aktyor ideal ər idi, hədsiz qısqanclığını nəzərə almasaq.
Bir neçə dəfə infarkt keçirən Lui de Funes 69 yaşında ürək tutmasından vəfat edib. Özündən sonra iki oğlu qalıb. Biri ixtisasca həkim, digəri isə əvvəllər filmlərə çəkilsə də sonradan təyyarəçi olub.
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.