Levan Mamaladze: Heydər Əliyev gürcü xalqına böyük hörmət və ehtiramla yanaşan siyasi xadim idi
"Xalq qəzeti"
Heydər Əliyev istər Azərbaycana rəhbərlik etdiyi, istərsə də SSRİ Nazirlər Sovetində yüksək vəzifədə çalışdığı dövrlərdə Gürcüstanın etibarlı dostu olub. Qonşu ölkənin rəhbər şəxsləri bu gün də xalqımızın ümummilli liderini böyük hörmət və ehtiramla xatırlayırlar. “Xalq qəzeti”nin Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə ümumilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə gerçəkləşdirdiyi layihənin budəfəki qonağı Gürcüstanın Kvemo-Kartli (Borçalı) bölgəsinin sabiq qubernatoru, hazırda Strateji Planlaşdırma Mərkəzinin rəhbəri vəzifəsində çalışan Levan Mamaladzedir.
Bildirdi ki, Heydər Əliyev kimi dahi şəxsiyyət haqqında danışmaq onun üçün böyük şərəfdir. Müxtəlif vəzifələrdə çalışdığı dövrlərdə bu tarixi şəxsiyyətin tövsiyələrindən bəhrələnib və buna görə özünü xoşbəxt hiss edir.
Onun sözlərinə görə, Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarıdır. Məhz Heydər Əliyevin keçən əsrin 90-cı illərinin əvvəllərində Naxçıvandan Bakıya qayıtması Azərbaycanda hökm sürən hərc-mərcliyə son qoydu: “Azərbaycan xalqı xoşbəxtdir ki, onun belə bir görkəmli lideri olub və o, öz xalqını mövcud siyasi gərginlikdən, parçalanmaqdan xilas edib. Heydər Əliyev yenidən Azərbaycana qayıdışı ilə güclü dövlət qurdu və ölkədə demokratik prinsipləri bərqərar etdi. O, Xəzər dənizi ilə Qara dəniz arasındakı dəhlizi öz məqsədyönlü fəaliyyəti ilə yeni siyasi arenaya qaldırdı. Azərbaycanın neft və qaz ehtiyatlarının bütün dünyada tanınmasında Heydər Əliyev müstəsna rol oynadı”.
Qeyd edək ki, hələ gənc yaşlarında Azərbaycanla sıx əlaqədə olan Levan Mamaladze 1992-ci ildə, 23 yaşında ikən Gürcüstan Parlamentinin deputatı seçilib və Gürcüstan–Azərbaycan parlamentlərarası komissiyasının rəhbəri olub. O günləri yada salan L.Mamaladze dedi: “Kvemo-Kartlinin qubernatoru təyin olunduqdan sonra əsas məqsədimiz Gürcüstandan Azərbaycana miqrasiya edən həmyerlilərimizin qarşısını almaq oldu. Çalışırdım ki, hər bir azərbaycanlı ailəsinə baş çəkim. Onlara anlatmağa çalışırdım ki, Gürcüstan həm də hər bir azərbaycanlının Vətənidir. Bizim bu daxili siyasətimizi Azərbaycan dövləti yüksək qiymətləndirdi və aramızdakı qarşılıqlı inam da gücləndi. Heydər Əliyevin rəhbərliyi ilə iki ölkə arasında özünəməxsus, unikal bir münasibət formalaşdı”.
Onun sözlərinə görə, həmin dövrdə bəzi problemlər də var idi. Belə ki, Gürcüstan vətəndaşları, daha doğrusu, Sadaxlı kəndinin sakinləri Ermənistanla ticarət etdiyi zaman ermənilər tərəfindən “terrorçu” adı ilə həbs olunurdular. Gürcüstan hökuməti azərbaycanlı vətəndaşlarının həbsdən azad edilməsi istiqamətində ciddi fəaliyyət göstərib və buna nail oldu: “Heydər Əliyevlə görüşəndə, o, həmişə “cavan oğlan, necəsən, işlərin necədir?” – deyərdi. Yadımdadır, Bakıda tədbirlər çərçivəsində ağacəkmə aksiyası keçirilən zaman məni yanına çağıraraq ting verdi və “mənim ağacımın yanında sən də öz ağacını ək”, – dedi. İnanıram ki, bizim yan-yana əkdiyimiz tinglər artıq böyük gövdəli, qollu-budaqlı ağaclara çevrilib”.
1998-ci ildə Heydər Əliyevin Gürcüstana səfərini xatırladan L.Mamaladze dedi: “Həmin səfər zamanı yolasalma mərasimində mən də iştirak edirdim. Heydər Əliyev məni görüb Eduard Şevarnadzeyə “bu cavan oğlan Azərbaycan üçün çox böyük işlər görüb”, – dedi. Həmin vaxt mənim başqa işə keçməyim nəzərdə tutulurdu. Təbii ki, Heydər Əliyevin bu sözlərindən sonra mən öz vəzifəmdə qaldım”.
Mamaladze onu da dedi ki, SSRİ dövründə Rustavi metallurgiya zavodu Daşkəsən yataqlarından gətirilən mədən filizləri hesabına dəmir istehsal edirdi. Müstəqilliyimizin ilk illərində bu əlaqələr kəsilmişdi. E.Şevarnadze tapşırıq verdi ki, köhnə əlaqələr bərpa olunsun və həmin mədənin xammalı hesabına istehsal olunan dəmir borular neft kəmərlərinin istismarında istifadə edilsin: “Mən bu məsələnin həlli ilə bağlı böyük bir nümayəndə heyəti ilə Bakıya səfər etdim. Heydər Əliyev bizi öz kabinetində qəbul etdi. Belə qərara gəldik ki, istehsalı Rustavidə olan həmin borular neft və qazın nəqlində istifadə edilməlidir. Görüş bitdikdən sonra hamı kabinetdən çıxdı, o, məni qəfil saxladı və əlimdən tutaraq dedi: “Mən gördüyünüz işlərə görə Azərbaycan xalqı adından sizə təşəkkür edirəm”.
Ümummilli liderin sözlərini daim yadda saxladığını vurğulayan Mamaladze dedi: “Heydər Əliyev, həqiqətən də, görkəmli siyasi xadim idi”.
Sabiq qubernator onu da bildirdi ki, ulu öndər səfərimiz zamanı heç vaxt nümayəndə heyətindən kimisə diqqətindən kənarda saxlamazdı. O, son olaraq əlavə etdi: “Prezident İlham Əliyev bu gün Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirir. O, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Mən deyərdim ki, Prezident İlham Əliyev Heydər Əliyevin yaratdığı dövlətin daha da qüdrətlənməsində böyük siyasi rol oynayan rəhbərdir. Azərbaycan xalqı Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Şəxsi münasibətdə çox mülayim və sadə olan bu görkəmli şəxsiyyət, həm də Gürcüstanla dostluğa çox önəm verən, sözün əsl mənasında, gürcü xalqına böyük hörmət və ehtiramla yanaşan siyasi xadim idi”.
Nəriman ƏLİYEV