30 iyun, 2025
Paylaş:

Keçmişin sədası, gələcəyin sözü: 150 ildə Azərbaycan mətbuatı

Təxminən 150 il əvvəl, Bakının daş döşəməli küçələri axşamın sakitliyinə qərq olmuşdu. Bir evin zəif işığında isə tarixə çevriləcək ilk səhifələr yazıldı - bu, kağız üzərində azərbaycanlı düşüncəsinin ilk izləri idi. "Əkinçi"nin nəşri bir xalqın ilk dəfə öz dilində, öz fikri ilə danışmağa başlaması, öz səsini kəşf etməsi idi. Bu səs bir qəzet səhifəsində minlərlə insanın zehnində, ürəyində dolaşmağa başladı. 150 illik yol xalqın düşüncə tərzinin, ictimai həyatının, milli kimliyinin formalaşma tarixidir. Amma bu yol hər zaman asan olmayıb. Bəzən söz azadlıqla yüksəlib, bəzən susdurulub. Bəzən qələmlər ideyaların parlaq işığını daşıyıb, bəzən də sərt rejimlərin sərhədlərində əriyib yoxa çıxıb. Məhz buna görə Azərbaycan mətbuatı həm də mübarizənin, ümidin və inadla yenidən başlamağın tarixçəsidir.

İnqilablar və sınaqlar dövrü: Mətbuat ideologiyaların arenasında

arixlə bərabər sözün taleyi də dəyişir. 1920-ci illərdə Azərbaycan mətbuatı fərqli bir mərhələyə qədəm qoydu. Artıq qəzet səhifələrindəki hər sətir həm də göstəriş, təlqin, bəzən isə hökm idi. Mətbuat bir tərəfdən sosialist ideologiyasının təbliğat vasitəsinə çevrilir, digər tərəfdən isə daxili mübarizənin izlərini daşıyırdı. Bu dövrün mətbuatı kənardan oxşar və birölçülü görünə bilərdi: eyni başlıqlar, bənzər cümlələr, təkrar ritorika. Ancaq bu oxşarlığın arxasında düşüncənin ən çətin mübarizəsi gedirdi. Çünki burada söz yalnız yazılmırdı, eyni zamanda seçilir, yönləndirilir, bəzən də təhrif olunurdu. Mətbuat artıq öz iradəsi ilə danışmırdı.

Buna baxmayaraq, gerçək söz tam susmur, ən sərt senzura rejimində belə özünə yol axtarırdı. Həqiqət bəzən bir ədəbiyyat yazısının satırarasında gizlənir, bəzən bir kinoya verilən rəyin altında nəfəs alırdı. "Kommunist", "Bakı işçisi", "Azərbaycan gəncləri" kimi qəzetlər ideoloji vəzifə daşısalar da, daxilində mədəniyyətin, ədəbiyyatın, bəzən isə alternativ düşüncənin sönməyən işığını qoruyurdular. Bir şeir, bir tərcümə yazısı, bir kino tənqidi çox vaxt dərin mənalar daşıyan gizli mesajlara çevrilirdi. Söz, forma dəyişsə də, amma bir həqiqət dəyişmirdi: insan öz fikrini ifadə etmək istəyirdi. Bu istəyin özü sözə yeni yollar tapdırır, onu metaforlar, simvollar və alt qatlarda gizlənən mənalarla zənginləşdirirdi.

 Bu dövrdə söz həm formaya salınır, həm də o formadan içindən azad olmaq üçün mübarizə aparırdı. İdeoloji qəliblər daxilində doğulan söz, zamanla həmin qəlibləri parçalamağa başladı. Bəzən bir yazıda bir nəsil özünü tapdı, bəzən bir abzasla susqunluq dağıldı. Beləcə, Azərbaycan mətbuatı bu dövrdə yalnız ideoloji təbliğatın aləti olmadı, eyni zamanda dövrün ziddiyyətlərini əks etdirən bir güzgü, mübarizə meydanı və gizli düşüncələrin sığınacağına çevrildi. Söz torpağın altında su kimi axdı, yolunu tapdı və yeni ifadə imkanları yaratdı.

Müstəqillikdə yeni üfüqlər: Çətinliklər və imkanlar

Cəhdlər və səssiz müqavimət nəhayət öz bəhrəsini verdi. Tarix dəyişdi, söz yenidən azad nəfəs aldı. Söz azad olanda, onun yükü artır. 1991-ci ildən sonra Azərbaycan mətbuatı nəinki senzuradan azad oldu, həm də yeni bir məsuliyyətlə üz-üzə qaldı. Bu, sadəcə sərhədlərin açılması deyildi, həm də istiqamətin axtarışı idi. Söz azad idi, amma azadlıqla yanaşı, xaos da gəlmişdi. İlk illərdə qəzetlər yağışdan sonra çıxan göbələklər kimi bir-birinin ardınca yaranırdı. Onlar qısa ömürlü ola bilərdi, amma sətirləri həyatın ən kəskin suallarını ortaya qoyurdu. Söz bəzən hiddətli, bəzən ümidli, bəzən də çaşqın idi. Çünki illər boyu sıxılmış ifadə indi azad nəfəs alırdı.

Amma iqtisadi çətinliklər, müharibə, sosial böhranlar mətbuatı sınağa çəkirdi. Redaksiyalar yaşamaq üçün mübarizə apardıqca bəzi dəyərlər - obyektivlik, peşəkarlıq, balans kölgədə qalırdı. Mətbuat sadəcə xəbər yaymır, həm də mövcudluq uğrunda savaşırdı.

2000-ci illərdə rəqəmsallaşma dövrü başladı. Vebsaytlar, xəbər portalları, sosial media platformaları informasiya məkanını tamamilə dəyişdi. Xəbər artıq saniyələr içində yayılır, oxucu sadəcə müşahidəçi yox, həm də prosesin iştirakçısına çevrilirdi. Amma bu sürət eyni zamanda təhlükə də gətirdi. Dezinformasiya, emosional manipulyasiya gündəmin ayrılmaz parçasını təşkil etdi. Və burada "vətəndaş jurnalistikası" adlı yeni anlayış formalaşdı. Artıq hər kəs, hər telefon kamerası, hər sosial şəbəkə hesabı potensial xəbər mənbəyi idi. Bu, informasiya azadlığının bir zəfəri kimi görünə bilərdi, lakin eyni zamanda informasiya xaosunun başlanğıcı oldu. Etibar məsələsi yenidən mərkəzə keçdi çünki oxucu nəyi bilməli olduğunu ayırd etməkdə çətinlik çəkirdi.

Bütün bu çağırışlar qarşısında Azərbaycan mətbuatı yalnız sağ qalmağa deyil, həm də yenidən doğulmağa məcbur idi. Bu isə sözün mənasını yenidən dərk etmək, onun missiyasını gələcəyə daşımaq məsələsi idi...

Əgər 1875-ci ildə mətbuat cəmiyyətin ilk güzgüsü idisə, bu gün o, həm güzgüdür, həm mayak, bəzən də istiqamətini axtaran bir gəmi. Sabah isə - təkcə söz yox, kod, alqoritm, süni zəkanın içində formalaşan yeni düşüncə axını olacaq. Rəqəmsal inqilab sadəcə texnologiya dəyişiklikləri deyil, informasiyanın mənasını, funksiyasını və rolunu dəyişən köklü, mədəniyyət çevrilişidir. Artıq jurnalist yalnız yazmır, yönləndirir, təhlil edir, kodlaşdırır. Xəbər təkcə faktları çatdırmır, davranışları, hissləri və meyilləri modelləşdirir. Oxucu isə artıq həm iştirakçı, bəzən prosesi yönəldən qüvvədir.

Texnologiyanın diktəsi ilə yox, insan dəyərlərinin rəhbərliyi ilə. Yeni dövrün jurnalisti həm proqramçı, həm düşüncə adamı, həm də cəmiyyətin vicdanı olmalıdır. Çünki alqoritmlər nəticə verir, amma yalnız insan mənanı dərk edə bilər.

İmmersiv jurnalistika oxucunu hadisənin içinə salır; data jurnalistikası faktı ritm və analitik dəyərlə danışdırır; virtual reallıq reportajları artıq təsəvvürümüzün sərhədlərini genişləndirir. Lakin bu yeni dillər etikaya əsaslanmazsa, sadəcə informasiya axını yaradacaq amma hikmət doğurmayacaq. Bu səbəbdən etika gələcəyin əsas kompası olacaq. Çünki informasiya sürətləndikcə, məsuliyyət yüngülləşə bilər. Cəmiyyətin bu informasiyanı düzgün oxuya bilməsi üçün media savadlılığı həlledici əhəmiyyət daşıyacaq. Həqiqəti görmək, yalanı seçmək yalnız jurnalistin deyil, hər bir vətəndaşın borcu olacaq. Azərbaycan mətbuatı da bu prosesə yalnız texnoloji hazırlıqla deyil, düşüncə inqilabı ilə daxil olmalıdır. Qlobal informasiya axınının bir hissəsi olaraq, həm milli kimliyi qorumağı, həm də universal dəyərlərlə ayaqlaşmağı bacaran media modeli formalaşmalıdır. Çünki bu mərhələ sadəcə söz dövrü deyil. Bu, sözün missiyaya çevrildiyi dövrdür. Söz indi tarix yazmır, gələcəyi proqramlaşdırır. Elə bu səbəbdən, sözün bu yeni missiyasını anlayarkən, onun keçdiyi yolu da unutmamaq vacibdir. Çünki bu yol bizi biz edən yaddaşın, ruhun və kimliyin izlərilə doludur.

Sözün mirası - keçmişdən gələcəyə körpü

Bu 150 illik yol sadəcə qəzetlərin, jurnalların və xəbər portallarının tarixi deyil. Bu, bir millətin söz uğrunda apardığı səssiz, bəzən açıq, bəzən gizli mübarizənin salnaməsi, azad düşüncənin, ictimai yaddaşın, vətəndaş şüurunun pillə-pillə yüksəlişidir.

Azərbaycan mətbuatı heç vaxt sadəcə müşahidəçi olmadı. O, hadisələrin içində idi, bəzən önündə, bəzən arxasında, amma hər zaman cəmiyyətlə birgə nəfəs aldı. Zamanın ritmini tutmağa, xalqın ruhunu anlamağa çalışdı. Çünki söz yalnız keçmişin deyil, həm də gələcəyin dilidir, dəyərlə yoğrulmuş informasiya, etik çərçivədə yenilənən düşüncə formasıdır. Və biz bu sözü qoruyaraq yalnız tariximizi deyil, gələcəyimizi də yazırıq. Çünki söz qalarsa - millət də yaşayacaq.

    İlahə Allahverdiyeva,

          “Respublika” qəzeti

 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()