Kazimir Maleviç
Daha çox "Qara kvadrat" əsəri ilə tarixə düşən, dünyanı barmağına dolayan rəssam adlandırılan, polyak mənşəli görkəmli avanqardçı, pedaqoq, incəsənət nəzəriyyəçisi Kazimir Maleviç... Öz əsəri ilə dünyanın ən məşhur rəssamlarından biri hesab edilən bu dahi şəxsiyyət filosof, müasir dövr abstrakt incəsənətinin ilk təzahürlərindən olan suprematizmin banisi sayılır.
Kiyevdə anadan olan rəssam çox kiçik yaşlarından rəssamlığa maraq göstərib və "Bulonski" küçəsində yaşayıb. Onların ailəsində 14 uşaq var idi. Ən böyüyü Kazimir idi. Onun valideynləri və özü mənşəcə polyakdırlar. Atası Severin Maleviç və anası Lüdvika 1878-ci ildə ailə qurublar. Atası şəkər zavodunda idarəçi işləyirdi. Məktəb illərində yaxşı təhsil alan rəssama 15 yaşında anası boya dəsti hədiyyə edib. O, Kiyevin Rəssamlıq məktəbinə daxil olsa da ailəsi ilə Kurska köçməli olur. Burada o çertyojçu kimi Kursk-Moskva dəmiryol idarəsində işləyir.
Sonralar isə bir neçə il Leninqrad Dövlət Universitetində direktor kimi işləyir. O, həmçinin "Müasir memarlıq birliyi"nin üzvü idi. 1930-cu ilin payızında Maleviç alman kəşfiyyatçısı olmaqda ittiham edilərək həbs edilir və dekabr ayına kimi həbsxanada qalır.
Onun həyatı boyu çəkdiyi ən məşhur əsəri "Qara kvadrat"dır. O, sadəcə bu əsərinə görə dünya tarixinə düşüb. Bu əsərin bədii dəyəri həmişə peşəkar rəssamlar, sənətşünaslar arasında mübahisə mövzusu olub.
Rəssam 56 yaşında prostat xərçəngi səbəbindən Leninqradda dünyasını dəyişib və vəsiyyətinə uyğun olaraq kremasiya olunaraq külü 21 may günü Moskva vilayətindəki Nemçinovka kəndində sevdiyi palıd ağacının altında basdırılıb.
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.