Jozef Gebbels
Nasist Almaniyasının propoqanda naziri, Hitlerin ən sadiq dostlarından və tərəfdarlarından olan, insanları hipnoz edən bəxtsiz şair, qəddar faşist Gebbels... O, Reydtdə dünyaya gəlib. Mühasib atası oğlunun katolik kilsəsinin keşişi olacağına ümid edirdi. Lakin yazıçı və jurnalist olmaq arzusu ilə gimnaziyada oxuyan Gebbels humanitar elmlərə üstünlük verir. Professor Fridrix Qundolfanın rəhbərliyi ilə "Heydelberq" universitetində dissertasiya müdafiə edir və elmi dərəcə alır. Lakin ədəbi əsərləri dəfələrlə qəzet redaktorları tərəfindən rədd edilir.
I Dünya müharibəsi başlayanda Gebbels axsaq olduğu üçün (o doğuşdan əlil idi) hərbi xidmətə yararsız hesab olunur. O bunu özünə sığışdırmır, müharibə zamanı ölkəsinə xidmət edə bilməməyi biabırçılıq sayırdı. Həmişə ətrafdakıların alçaldıcı baxışlarını, istehzalı gülüşlərini kürəyində hiss edirdi. Və beləcə, Almaniya dünyaya mənliyində dərin nifrət kök salmış daha bir faşist liderini yetişdirirdi. I Dünya müharibəsindən sonra poeziya və dram sahəsində uğursuzluğa düçar olan Gebbels siyasətə çıxış yolunu tapır və Nasist Partiyasına qoşulur. Bir müddət sonra isə özünü jurnalistikada sınamağa qərar verir və "Völkische freiheit" ("Xalq azadlığı") qəzetinin redaktoru kimi fəaliyyət göstərir. Həmin dövrdə Ştrasserlərlə Hitlerin arasında qəzəbli mübahisəylə bağlı dediyi məşhur fikirlə tarixə düşür: "Burjua Adolf Hitleri Milli-sosializm partiyasından çıxartmalıdır". Lakin bir müddət sonra Hitlerin siyasi baxışını anlayır və bütün yazılarında "Adolf Hitler, mən sizi sevirəm!" yazır. Gebbels hətta ilk kitablarından birini də Hitlerə həsr edir. Bu cür addımlarla əlbəttə ki, o Hitlerin diqqətini cəlb edir və çox keçmir faşist partiyasının qaulyayteri təyin olunur. Bununla da onun sonrakı taleyi müəyyən edilir. Bir müddət həftəlik "Anqrif" qəzetinin baş redaktoru kimi fəaliyyət göstərir, daha sonra isə Reyxstaqın deputatı seçilir. Mitinqlər zamanı o, öz güclü və kəskin səsi ilə Berlin hökumətinin, yəhudilərin və kommunistlərin diqqətini cəlb edə bilir. Artıq Hitler onun fəaliyyətinə heyran olmağa başlayır və onu Nasist Partiyasının İmperial təbliğat rəhbəri təyin edir. Gebbels fəaliyyəti zamanı onun üçün heç bir prinsip və ya əxlaqın mövcud olmadığını nümayiş etdirir. O, ölkə həyatının bütün elementlərini özünə tabe edərək millətin mədəni həyatının faktiki diktatoru olur. Hitleri razı salmaq üçün yəhudilərə qarşı acıqlı və qəzəbli hücumlarla çıxış edir. Zaman keçdikcə Henrix Himmler, Martin Bormanla yanaşı, Gebbels də Hitlerin ən yaxın və ən nüfuzlu məsləhətçilərindən biri olur. 1945-ci il aprelin 12-də ABŞ prezidenti Ruzvelt Franklin öləndə eyforiyaya qapılan Hitler siyasi vəsiyyətində Gebbelsi dövlət kanslerinin postunda öz varisi təyin edir. Gebbels bunun qarşılığını şəxsi təbliğatçılıq jestiylə verməyə çalışır və Rusiya ilə razılaşmaq qərarına gəlir. Bunun mümkün olmadığını anlayanda isə özünə qəsd etməyi planlaşdırır. Əvvəlcə 6 övladını zəhərləyir, sonra həyat yoldaşını başından vuraraq öldürür və həmin silahla öz canına da qəsd edir...
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.