İvan Andreyeviç Krılov
Deyirlər, dərrakə ilə divanəlik arasındakı sərhədi təyin etmək mümkün deyil. Xüsusən də yaradıcı insanlar bu çərçivədən tamamilə uzaq olurlar. Onların divanəliyi də özlərinə, əsərlərinə bənzəyir. Belə dahilərdən biri də, məşhur rus yazıçısı və təmsilçisi İvan Krılovdur.
Bu məşhur yazıçı psixoloji xəstəlik piromaniyadan (yanğın çıxartma və onu izləməkdən zövq almaq) əziyyət çəkib. Günün istənilən saatında, hava şəraitindən asılı olmayaraq, şəhərin hansı istiqamətində baş verməsinə baxmayaraq, yazıçı gecə yarısı da olsa, yanğın hadisəsini seyr etməkdən zövq alırmış. Krılovu öz yerində tapmayanlar deyirlərmiş ki, harada yanğın varsa, yazıçı orada olacaq. Hətta yaşadığı evin sahibi Krılovun bu şakərini biləndə təhlükəsizliyini təmin etmək üçün ona hər ay 60 min rubl əlavə pul ödəməsini də söyləyib. Krılov isə bu məbləğin az olduğunu bildirərək, ev sahibinə 6 milyon rubl təklif edib. Yazıçı ev sahibinə onu da bildirib ki, əgər evi yandırarsa, onsuz da nə 60 min, nə də ki, 6 milyon rubl ödəmək imkanında deyil. Məşhur təmsilçinin bu qeyri-adiliyindən belə qənaətə gəlmək olur ki, yəqin yanğınla təmsilin birbaşa əlaqəsi var imiş...
Krılovla bağlı ən maraqlı faktlardan biri də onun şəxsi gigiyenası ilə bağlıdır. Daranmağı, yuyunmağı, paltar dəyişdirməyi heç sevməzdi dahi yazıçı. Bütün bunlar azmış kimi hətta çılpaq gəzməyi də özünə adət eləmişdi. Bir dəfə dostundan maskarad üçün nə geyinəcəyi ilə bağlı məsləhət istəyib. Dostu isə ona: "saçını darayıb, üzünü qırxıb, yuyunarsan səni onsuz da heç kim tanımayacaq" - deyir.
Ömrünü qumar oynamaqla keçirən bu yazıçı nə özünü önəmsəyərdi, nə də ətrafdakıların hisslərini anlayırdı. Bir sözlə zahiri görünüşü kimi daxilən də çox kobud biri idi. Uşağını dünyaya gətirən qadının öldüyü gün kart oynamağa, anasının vəfat etdiyi gün teatra, yeganə qızı ölüm ayağında olanda maskarad balına gedən birindən başqa nə gözləmək olardı ki...
Yeməyi həyatının ən həzzverici anı hesab edən Krılov əsl qarınqulu idi və demək olar ki, "daşdan yumşaq" əlinə nə keçsə yeyirdi.
Ömrünün sonuna qədər orfoqrafik səhvlərlə yazsa belə, bu məşhur şəxsiyyət fransız, italyan dilini bilməklə yanaşı, həm də skripkada gözəl ifa edə bilirdi. Təhsilindəki boşluqlara və orfoqrafiya çətinliklərinə baxmayaraq, o, həm də əla ədəbiyyat müəllimi idi.
Krılov heç vaxt evlənməmişdi, lakin evindəki xidmətçisi ilə yaşadığı gizli münasibətdən Saşa adlı qeyri-qanuni qızı olduğu barədə şayiələr gəzir. Yazıçının bu xanımla evlənməməsinin səbəbi isə onu özünə yaraşdırmaması idi. Uşağın anası öləndən sonra İvan Andreyeviç Saşanı öz tərbiyəsi altına alır və öz övladı kimi böyüdür.
75 yaşında dünyadan köçən Krılovun ölüm səbəbi dəqiq bilinmir. Bəzi mənbələrdə onun sətəlcəmdən, bəzilərində isə aşırı yeməkdən öldüyü qeyd olunur.
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrkasından götürülmüşdür.