07 sentyabr, 2023
Paylaş:

İsmayıl Şıxlı

Onun adı gələndə ilk yada düşən isim "Dəli Kür" romanındakı Cahandar ağa obrazı olur. Cahandar ağa onun ana tərəfdən babasının prototipi olsa da, elə özü də yaratdığı obraz kimi hökmlü, mərd, yaxşını yamanın ayağına verməyən biri idi. Söhbət "Ayrılan yollar", "Dəli Kür" kimi bir çox məşhur romanları ilə geniş oxucu kütləsinin rəğbətini qazanmış böyük yazıçımız İsmayıl Şıxlıdan gedir... Uşaqdan-böyüyə hər kəsin yaxşı tanıdığı, sevərək oxuduğu bu yazıçı qələmə aldığı əsərləri, bədii yaradıcılığı ilə yanaşı, pedaqoji və ictimai fəaliyyəti ilə də adını Azərbaycan ədəbiyyatı tarixinə əbədi həkk etdirməyi bacarıb...

Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olan yazıçı ibtidai təhsilini Kosalar kəndində başa vurmuş, Qazax pedaqoji məktəbinə daxil olmuşdur. Bu mühit onu qələmlə, ədəbiyyatla daha yaxından tanış edir, ürəyinə bitib-tükənməz söz sevgisini salır. Yazıçı müsahibələrinin birində bu faktı belə təsdiqləyir: "Qazax seminariyasına qəbul olub, qələm tərəfə baxmamaq, gizlicə ona sarılmamaq mümkün deyil. Elə bil ki, oranın ab-havası özü adamı dingildədir, canından, qanından söz-söhbət, od-alov qoparmaq istəyir. Ədəbi ocağa bənzəyən hər addımda Firudin bəy Köçərlinin, Əli Hüseynin, Səməd Vurğunun, Osman Sarıvəllinin adıçəkilən bir yerdə hünərin var lal-pitik ol. Üstəlik, ədəbiyyat müəllimlərimizdən S.Vurğunun, O.Sarıvəllinin dostları Mirqasım, Əli, Sarı Hüseyn kimi müəllimlər gənc ürəklərimizi körük kimi basırdılar".

Ömrü boyu təqiblərə məruz qalan İsmayıl Şıxlı İkinci dünya müharibəsi dövründə sovet ordusu tərkibində ön cəbhələrdə (Şimali Qafqaz, Krım, III Belorusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüşən orduda sıravi əsgər) olub. Müharibə onun həyatında pozulmaz izlər buraxıb.

O, qohumu Ümidə xanımla nişanlansa da, yalnız 7 il sonra ailə həyatı qurub. Belə ki, nəsillər arasına qan davası düşdüyündən cütlük yalnız barışıq olduqdan sonra evlənə bilib. Onların bu evlilikdən Elçin və Fərrux adında iki oğlu dünyaya gəlib.

Təmkinli danışığı, həlim səsi, astagəl yerişi, hətta baxışı və zahiri yaraşığı ilə də seçilən yazıçı toylarda inanılmaz dərəcədə gözəl rəqs etməyi bacarıb. Daha çox "Ruhani" havasına oynayarmış. Hətta bir tələbəsi ona dəlicəsinə vurulubmuş, maraqlıdır ki, həyat yoldaşı da bunu bilirmiş. Evdə xasiyyəti sərt olsa da, bütün ailə üzvləri ürəyindən keçənləri çox rahat şəkildə ona danışırmış.

Deyirlər, onun dediyi fənnə sevgisi olmayan tələbələr belə, dərsləri İsmayıl Şıxlıya hörmət və ehtiramdan yana əla oxuyarmışlar. Ömrü boyu "tələbə payı", "semestr sezonu" kimi çirkablardan uzaq olmuş bu insan öz halal qazancı hesabına bəzi tələbələrinə (neçə illər yalnız ən yaxın həmkarlarına bəlli olan) təqaüd də kəsibmiş. Şərti olaraq "İsmayıl Şıxlı" adlanan bu təqaüdü İsmayıl müəllim "əşhədi-ehtiyacı" olan (və bundan çox-çox sonralar xəbər tutan) tələbələrinə verdirirmiş… Deyilənə görə İsmayıl Şıxlının istər evinə, istər rəhbərlik etdiyi kafedraya gələnlərin ən səmimiyyətsizləri belə, həmin ünvanlardan böyük səmimiyyət yüküylə ayrılarmış...

Bir dəfə Xalq şairi Qabil təzə "Moskviç" alır. Yaxşı sürə bilmədiyi üçün heç kim minmirmiş onun maşınına. Bir gün hansısa tədbirə gedəndə İsmayıl Şıxlı Qabilin maşınına oturur, Qabil çox sevinir. Bu vaxt İsa Muğanna onların yanından keçirmiş, İsmayıl Şıxlı başını pəncərədən çıxarıb deyir: "İsa, evdən soruşsalar, deyərsən, Qabilin maşınına mindi. Gəlməsəm, narahat olmasınlar".

Ömrünün son illərində şəkər xəstəliyindən gözləri tutulan İsmayıl Şıxlı, sonuncu əsəri olan "Ölən dünyam"ı həyat yoldaşına diktə edərək yazdırıb. Sonra bir dəfə də oxutdurub qulaq asıb və deyib: "Hə, indi rahat ölə bilərəm". 76 yaşında vəfat edən yazıçı ölüm ayağında heç bir vəsiyyət etməyib, amma övladlarına son sözü bu olub: "Adam olun, kişi kimi yaşayın!".

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()