01 mart, 2024
Paylaş:

İqlim dəyişmələri ilə mübarizə güclənəcək Bakıda keçiriləcək COP29 sammitində yeni qlobal təşəbbüslər meydana çıxacaq

"Dünyanın ən böyük beynəlxalq tədbiri hesab edilən COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi ilə bağlı qəbul olunmuş qərar olduqca mühüm əhəmiyyət daşıyır. Bu, bir çox nüfuzlu beynəlxalq tədbirlərə ən yüksək səviyyədə evsahibliyi etmiş ölkəmizə olan beynəlxalq etimadın növbəti göstəricisidir". 
Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Aydın Hüseynov deyib. Deputat qeyd edib ki, 180-dən çox dövlətin nümayəndəsinin iştirak edəcəyi bu tədbirdə ətraf mühitin mühafizəsi, ekologiya, "yaşıl enerji" sahələrində ixtisaslaşan qurumların təmsilçilərinin geniş müzakirəsi bu sahələrə sərmayə axınını stimullaşdıracaq, "yaşıl iqtisadiyyat" quruculuğu yolunda təşəbbüsləri bir araya gətirəcək. COP29 sammiti Azərbaycanın etibarlı tərəfdaş ölkə kimi dünyada açıq təşəbbüslərin açıq məkanına çevrilməsini şərtləndirməklə, gələcək yeni enerji proqramlarında bölgənin aparıcı sərmayə nöqtəsinə çevrilməsini də təmin edəcək. Bu Zirvə konfransı dünya ictimaiyyətinin diqqətinin iki həftə ərzində ölkəmizə və ölkəmiz vasitəsilə Cənubi Qafqaza yönəlməsinə imkan yaradacaq. Neçə illərdir ki, Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayan Azərbaycan COP29-un nüfuzlu platforması çərçivəsində beynəlxalq birliyə, tərəfdaşımız olan qardaş və dost ölkələrlə yanaşı, bədxahlarımıza da göstərəcək ki, alternativ enerji ilə bağlı layihələr və "yaşıl enerji"nin dünya bazarına nəqli Azərbaycanın enerji siyasətində prioritet sahələrdən biridir. Bu siyasət nəticə etibarilə Avropadakı tərəfdaşlarımızın maraqlarına xidmət edir. 
A.Hüseynov vurğulayıb ki, bu mötəbər tədbirin "Yaşıl dünya naminə həmrəylik ili"ndə keçirilməsi nəticəsində Azərbaycan özünün ən müsbət tərəflərini dünyaya çatdıra biləcək: "Ölkəmiz, həmçinin bu istiqamətlər üzrə bir neçə on illiyə hesablanmış yeni siyasətin formalaşdırılması üçün çox əlverişli imkanlar qazanacaq. Bu baxımdan düşünürəm ki, konfrans çox əhəmiyyətli tədbirdir. "Yaşıl dünya naminə həmrəylik ili"ndə isə Azərbaycanın bütün dövlət, özəl qurumları  birbaşa və ya dolayı yolla adıçəkilən proseslərdə fəal iştirak etməklə dövlətin bununla bağlı mövcud siyasətinə də dəstək verəcək".
Deputat bildirib ki, COP29-a beynəlxalq nəhəng iqtisadi tədqiqat və investisiya mərkəzlərinin, maliyyə institutlarının da böyük marağı var. Onların sırasında Dünya Bankının (DB) da buna xüsusi dəstəyi mövcuddur. Dünya Bankı "yaşıl iqtisadiyyat"a böyük önəm verir, sərmayələr cəlb edir. Xüsusilə ətraf mühitin mühafizəsi, ekologiya, "yaşıl enerji" sahələrində ixtisaslaşan qurumlarla sıx əməkdaşlıq edir, iqlim dəyişmələrinə həsr edilmiş konfranslara dəstək verir. Azərbaycanın da hədəfləri bu istiqamətə yönəlib, "yaşıl iqtisadiyyat" quruculuğu istiqamətində davamlı proqramlara start verilib. Ölkəmizdə 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan olunub. Ona görə də DB-nin COP29 ili çərçivəsində ölkəmizlə üst-üstə düşən hədəf prioritetlərinə dəstək verəcəyi istisna deyil, bank artıq bu barədə öz niyyətini bəyan edib. 
Deputatın fikrincə, Azərbaycanın öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəyi və COP29-u ən yüksək səviyyədə keçirəcəyi heç kimdə şübhə doğurmur. "Hazırlıq işlərinin layiqincə həyata keçirilməsi üçün komanda formalaşdırılıb, bütün qurumlar səfərbər olunub. Cənab Prezidentin tapşırığına əsasən, Təşkilat Komitəsi yaradılıb və komitənin ilk iclası keçirilib. İclasda COP29-un ən yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi tədbirlərin görüləcəyi bildirilib. Ölkəmizin konfransa hazırlıq prosesində dövlətlər, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyətləri, yerli və beynəlxalq media, digər tərəf-müqabilləri ilə konstruktiv əməkdaşlığa və dialoqa hazırlığı üçün hərtərəfli işlər görülməkdədir", - deyə o əlavə edib.
A.Hüseynov qeyd edib ki, Azərbaycanın evsahibliyi edəcəyi COP29 iqlim dəyişmələri ilə bağlı yeni yanaşmaların yaranmasına və müxtəlif maraqlı tərəflər arasında əməkdaşlığa imkan verəcək, iqlim dəyişmələri ilə mübarizədə yeni qlobal təşəbbüslər meydana çıxacaq. Bir sözlə, Azərbaycan indiyə qədər ən mötəbər qlobal tədbirləri yüksək səviyyədə və ən layiqli tərzdə təşkil etdiyi kimi, bu Zirvə görüşünə də özünəməxsus peşəkarlıqla evsahibliyi etməklə dünyaya öz təşəbbüskarlıq və təşkilatçılıq ənənəsinin nümunəvi modelini təqdim edəcək. 

                                                                                  Əsmər Qardaşxanova
                                                                                      "Azərbaycan" qəzeti

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()