28 iyun, 2022
Paylaş:

İosif Stalin

Otuz ildən çox SSRİ-yə rəhbərlik edən İosif Stalin dünya tarixinə öz möhürünü vurmuş bir şəxsiyyətdir. Tarixə adını qanla yazdıran Stalin bu gün də çox müzakirə olunan siyasi liderlərdən biridir. Yeddi yaşında yoluxduğu "çiçək" xəstəliyinin sifəti və qolunda qalıcı izlər qoyduğu üçün ətrafdakı uşaqlar onu sevmirdi. Bəlkə də uşaqlıqdan içində böyüyən bu nifrətlə əlaqədar o, hakimiyyətdə olduğu illərdə 20 milyondan çox insanın ölümünə səbəb olmuşdu.

Ağlasığmaz ideyaları ilə ətrafdakılardan seçilən Stalin insan və meymun qarışığından ibarət bir növ yetişdirmək istəyirdi. Bir dəfə bu barədə belə demişdi: "Yeni və məğlubedilməz bir insan növü istəyirəm, yemək yemədən güclü qalan bir növ". Elm mütəxəssisləri uzun müddət bu məsələni araşdırsalar da, ortaya heç nə çıxmadı. Stalinin qəddarlığı və qəribəliliyi bununla bitmirdi: dünya müharibəsində düşmən qüvvələrini dayandırmaq üçün əsgərlərə heç bir halda geri çəkilməmək, çəkilənləri isə güllələmək əmrini vermişdi.

162 sm boyu olan Stalin tarixin ən qısaboylu siyasi liderlərindən biridir. Amerikanın prezidenti Trumen hətta onu "balaca şeytan" adlandırırdı. Lenin isə öz vəsiyyətlərində Stalinə güvənmədiyini açıq şəkildə qeyd etmişdi.

Diktatorun gözəl qadınlara olan düşkünlüyü də həyatının bir başqa tərəfi idi. "Balerinalar, katibələr..." - liderin eşqbazlıq etdiyi qadınlar bu ifadə ilə xarakterizə olunurdu. 14 yaşlı qızı yoldan çıxaran SSRİ lideri bu əxlaqsızlığına görə kəndlilərlə də münaqişə yaşamışdır.

Stalin ölüm qoxulu zarafatları ilə yaxın ətrafını da şok vəziyyətinə salmağı çox sevirdi. Ona xüsusi ləzzət verən zarafatlarından biri erməni Mikoyanla bağlıdır. Bir gün gecə ziyafətlərinin ən şirin yerində Stalin erməni Mikoyana üzünü tutub deyir: Anastas, yaxşı yadıma düşdü. Deyilənlərə görə, Bakı komissarlarının sayı 26 deyil, 27 olub. Sən bir öyrən bu nə məsələdir?! Bayaqdan "ləzginka" rəqsi ilə diktatoru əyləndirən erməninin yaltaq sifəti ölü rəngi alır, çənəsi sallanır. Sonra da bu zarafat müxtəlif variantlarda təkrar olunurdu: Anastas, mən axı sənə demişdim: o satqın 27-ci komissarı tap! Tapdınmı? Mikoyan isə hər dəfə yarımcan vəziyyətdə nəsə mızıldayır: çalışaram axtarım" - deyirdi.

Ömrünün sonuna yaxın ruhi xəstəlikdən əziyyət çəkən Stalinin ölüm səbəbi hələ də müəmmalı olaraq qalmaqdadır. Bəzi mənbələrdə onun insultdan, bəzilərində isə sui-qəsd səbəbindən dünyasını dəyişdiyi bildirilir. Hətta onun dəfn mərasimi də kütləvi insan ölümü ilə yaddaşlarda qalıb. Diktatorun vida mərasimində izdiham zamanı yüzlərlə insan həyatını itirmişdi. Qana susayan lider ölümündən sonra da insanların tələfatına səbəb olmuşdu...

 Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrkasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()