“İnsan hüquqlarının müdafiəsində kitabxanaların rolu” mövzusunda dəyirmi masa.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 03 iyun 2019-cu il tarixdə “İnsan hüquqlarının müdafiəsində kitabxanaların rolu” mövzusunda dəyirmi masa keçirildi. Tədbiri Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev açıb hər bir insanın irqindən, dilindən, dinindən, siyasi və digər baxışlardan, milli və sosial mənşədən asılı olmayaraq təmin olunmuş insan haqlarına və azadlıq hüququna malik olmasından, Azərbaycan dövləti tərəfindən insan hüquqlarının qorunması, hüquq və azadlıqlarının təmin edilməsi sahəsində ardıcıl tədbirlər həyata keçirilməsindən danışdı.
Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə hər il 18 iyun tarixinin ölkəmizdə “İnsan Hüquqları” günü kimi qeyd olunmasını, Azərbaycanda insan hüquqlarının təmin edilməsinin dövlətin ali məqsədini daşıdığını bildirdi.
Bakı Dövlət Universitetinin hüquq fakültəsinin müəllimi, hüquq üzrə fəlsəfə doktoru, dosent Əlövsət Allahverdiyev geniş məruzə ilə çıxışında Azərbaycanın "İnsan Hüquqlarının Müdafiəsi Haqqında Avropa Konvensiyası”na qoşulmasından, milli qanunvericiliyin beynəlxalq Avropa standartlarına uyğun təkmilləşdirilməsindən, Azərbaycan dövləti tərəfindən insan hüquqlarının qorunması, hüquq və azadlıqlarının təmin olunması sahəsində ardıcıl tədbirlər həyata keçirilməsindən danışdı. Əlövsət Allahverdiyev tədbir iştirakçılarını vətəndaş hüququ, beynəlxalq hüquq, beynəlxalq cinayət, müharibə şəraitində insan hüquqlarının qorunması haqqında da məlumatlandırdı, oxucuların suallarını cavablandırdı. Çıxışının sonunda Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı, professor Əmir Əliyevin “İnsan Hüquqları” kitabını kitabxanaya hədiyyə verdi.
Şöbə müdiri Tamella Məmmədova “İnsan hüquqlarının müdafiəsində kitabxanaların rolu” adlı məruzə ilə çıxış etdi.
Tədbirdə həmçinin, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı Ceyhun Həsənov, Bakı Dövlət Universitetinin tələbələri iştirak edirdilər.
Tədbir boyu insan hüquqlarına dair məlumatdırıcı slaydlar nümayiş edildi.
Tədbirin sonunda “İnsan hüquqları” adlı kitab sərgisinə baxış keçirildi.