İnsan Hüquqları Gününə həsr olunmuş tədbir
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 18 iyun – Azərbaycanda İnsan Hüquqları Günü ilə əlaqədar tədbir təşkil edilib.
Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Aslan Cəfərov Prezident İlham Əliyev tərəfindən 2007-ci ildə hər il iyun ayının 18-nin İnsan Hüquqları Günü kimi qeyd edilməsinə dair Sərəncam imzalandığı və həmin tarixdən bu günədək insan hüquqları sahəsində böyük irəliləyişlərə nail olunduğu, müxtəlif qanunvericilik aktları qəbul edildiyi haqqında məlumat verib və Ulu öndər Heydər Əliyevin ilk dəfə insan hüquqları üzrə müvəkkil institutunun təsis edilməsi üçün 1998-ci il 22 fevral tarixli “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman imzalaması, habelə 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilən Dövlət Proqramında İnsan Hüquqları üzrə Müvəkkil təsisatının yaradılmasından danışıb, Ombudsman təsisatının yaradılmasının hüquqi dövlət quruculuğu istiqamətində aparılan islahatların məntiqi davamı olduğunu bildirib. Prezident İlham Əliyevin 2006-cı il dekabrın 28-də imzaladığı “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamda Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu qeyd edib.
Tədbirdə çıxış edən elmi işlər üzrə direktor müavini Günay Həsənova, şöbə müdirləri Tamella Məmmədova və Səadət Şəfiyeva Azərbaycan Respublikasının İnsan Hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, bu sahədə elmi-tədqiqat institutunun yaradılması, normativ-hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, bu sahədə fəaliyyət göstərən beynəlxalq institut və mərkəzlərdə tədqiqat və təhsil problemləri üzrə mütəxəssislərin hazırlanması haqqında məlumat veriblər.
Tədbirdə kitabxana əməkdaşları tərəfindən hazırlanan videomaterial və virtual sərgi nümayiş olunub. Materiallarda Azərbaycanda İnsan Hüquqları Gününün təsis tarixinə nəzər salınıb və qeyd edilib ki, ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq cəmiyyətin tamhüquqlu və beynəlxalq hüququn müstəqil subyekti kimi tarixin sınağından uğurla çıxmış ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu, eyni zamanda bəşər azadlığı, insan hüquqlarını, ədaləti və sülhü özünün inkişaf yolu seçmişdir. Təqdim olunan virtual sərgidə insan hüquqları haqqında 20-dən çox kitabın, dövri mətbuat nümunələrinin biblioqrafik təsviri yer alıb.
Gənclər Kitabxanasında həmçinin “18 iyun-İnsan Hüquqları Günü” adlı ənənəvi sərgi təşkil edilib. Sərgidə mövzu ilə əlaqədar kitablar, kitabxana əməkdaşları tərəfindən hazırlanmış ”Öz hüquqların uğrunda mübarizə apar!” adlı metodiki vəsait sərgilənməkdədir.