İndira Qandi
Millətə xidmət edərkən ölsəm, bununla fəxr edərdim. Qanımın hər damlası bu millətin inkişafına xidmət edəcək, onu daha da güclü və dinamik bir vəziyyətə gətirəcək",-belə deyərdi Hindistanın "dəmir ledisi" İndira Qandi... Siyasətin içində doğulan İndira Qandi elə siyasətin də qurbanı oldu...
Xanım siyasətçi Hindistanın azadlığı uğrunda mübarizə aparan baş nazir Cəvaharlal Nerunun yeganə qızı idi. Dünya tarixində iki dəfə baş nazir seçilmiş Qandi yalnız Hindistanda deyil, bütün dünyada əfsanəyə çevrilməyi bacarmışdı. O, hakimiyyətə demokrat kimi gəldi, diktator kimi hərəkət etdi, əllərini milli hüquqlarının tapdalanmasına etiraz edənlərin qanına batırdı və bunun da əvəzini canı ilə ödədi...
Hindistanın əfsanəvi qəhrəmanı, ölüm aclığı keçirən ("ölüm orucu" tutan) Mahatma Qandinin yatağının başında oturaraq onun üçün həyəcan keçirən balaca qızın şəkli dünyada çox tez məşhurlaşdı. Qandi ilə yanaşı, bu qızcığaz da beynəlxalq aləmin diqqətini cəlb etdi. Yeri gəlmişkən, bir çoxları onu əfsanəvi Mahatma Qandinin yaxınlarından hesab etsə də, bu doğru deyil. Bu balaca qız Mahatma Qandi ilə heç bir qohumluq əlaqəsi olmayan, ancaq onu dünyalarca sevən İndira idi. Qandilər fiziki baxımdan qohum olmasalar da, azadlıq sevdası uğrunda birgə addımlayan ruh qohumu idilər.
Hələ 18 yaşında ikən anasını vərəm xəstəliyindən itirən Qandi həmin dövrdə təhsilini davam etdirmək üçün İngiltərəyə gedir. Elə orada da Ümumhindistan Milli Konqresinin üzvlərindən olan Feroz Qandi ilə tanış olur və evlənmək qərarına gəlirlər. İndiranın atası bu izdivacın əleyhinə idi. Səbəb isə kürəkənindən fərqli olaraq imtiyazlı "brahmanlar" kastasına daxil olmağı idi. Yeri gəlmişkən, fərqli dini təriqətlərə məxsus olduqlarına görə onların arasında rəsmi nikah da qeyri-mümkün idi. Ancaq bütün bunlara baxmayaraq, İndira seçimində israrlı olur və Feroza ərə gedərək onun soyadını qəbul edir.
Bir il sonra isə gənc ailə Mahatma Qandinin rəhbərlik etdiyi "Quit İndia" hərəkatında fəal iştirak etdiyi üçün həbs edilir və 243 gün zindan həyatı yaşayırlar. Sonralar cütlüyün iki oğlu dünyaya gəlir.
Bir müddət sonra İndira ard-arda atasını, ərini və kiçik oğlunu itirsə də, işləməyə davam edirdi. O, deyirdi: "Dünya seçilmişlər üçün qəddar məkandır, xüsusilə, hiss etməyi bacaranlar üçün...".
Onu daim ölümlə hədələsələr də, fəqət İndira həmişə öz bildiyi kimi hərəkət edirdi. Həyatının təhlükə altında olduğunu sanki əvvəlcədən hiss etmişdi. Ölümündən bir gün əvvəl belə demişdi: "Bu gün mən sağam, sabah da, bəlkə də deyil ... Ancaq qanımın hər damlası Hindistana məxsusdur". Səhəri gün, Qandinin xüsusi bir məmnuniyyətlə gözlədiyi görüş - məşhur ingilis yazıçısı və aktyor Peter Ustinovla televiziya müsahibəsi olmalı idi. Uzun müddət güzgü qarşısında dayanaraq libas seçimi edən Qandi ekranda möhtəşəm görünmək istəyirdi. Kökəldiyini hiss edən xanım bir qədər tərəddüddən sonra güllə keçirməyən jiletini çıxardır. Təəssüf ki, siyasətçinin gözəl görünmək istəyi onun ölümü ilə nəticələnir. Belə ki, mühafizəçiləri tərəfindən güllələnən Qandi həyatla əbədi olaraq vidalaşır...
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.