III Vlad Tsepeş (Drakula)
Dünya ədəbiyyatında Brem Stokerin təxəyyülünün məhsulu olan məşhur "Drakula" əsərinin baş qəhrəmanı vampir elə III Vlad Tsepeşin özüdür. Əslində obraz vampirin törətdiyi müdhiş vəhşiliklər, əsl Drakulanın - yəni, həqiqətdə Valaxiyanın (indiki Rumıniya ərazisi) knyazı olmuş, "Drakula" ləqəbli Vladın törətdiyi qorxunc vəhşiliklərlə müqayisədə, uşaq nağıllarına bənzəyir.
Ağlasığmaz kimi görünsə də, Drakula sözün əsl mənasında bir qaniçən olub. Ən dəhşətlisi isə odur ki, o qanı qida məhsulu kimi gündə bir neçə dəfə qəbul edirmiş. Deyilənlərə görə, yaşadığı müddət ərzində yüz min adamı qətlə yetirən Drakula öz şikarının boğazını dişləyərək vampir tək qanını içmirmiş.
Onun bu qorxunc əməlinin səbəbi isə qətlə yetirilən atasının qisasını almaq məqsədilə olub. "Drakula"nın mənası - rumın dilində "Əjdaha oğlu" deməkdir. III Vlad (Drakula) həqiqətən də istəyirdi ki, onu "Drakula" deyə çağırsınlar. Onun atası II Vlad "əjdaha ordeni" gizli cəmiyyətinin üzvü olmuş və bununla həmişə fəxr etmişdir. Hətta adını dəyişib "Drakul" qoyubmuş. III Vlad da sonralar həmin ordenin üzvü olmuş və "Drakula" adlandırılmışdır. Vlad atasının "şərəfli" yolunu davam etdirərək törətdiyi vəhşiliklərə görə sonralar xalq arasında "İblisin oğlu" ləqəbini də qazanmışdı.
Deyilənlərə görə, bu iblis həm də çox böyük yumor hissinə malik imiş. Əksər hallarda öz şikarını öldürməzdən əvvəl onunla zarafatlaşarmış. O, bunu adamlara işgəncələr verə-verə edərmiş.
Adamları payaya keçirtdirmək onun yeganə cəza növü idi. İlk baxışda adama elə gələ bilər ki, Drakula sadəcə bir manyak və ya dəli imiş. Amma bu, heç də belə deyil. Valaxiyanın knyazı törətdiyi bütün vəhşilikləri guya qanunlar çərçivəsində edirmiş.
Deyilənlərə görə, Drakulanın cəsədi Buxarest yaxınlığındakı monastır qəbiristanlığında basdırılmışdır. Digər bir məlumat isə bunun əksini söyləyir. Bu məlumata görə, başı kəsildikdən sonra Drakulanın başsız cəsədi yoxa çıxmış, tapılmamışdır. Başqa bir məlumata əsasən isə Drakulanın cəsədi torpağa tapşırılmış, amma sonradan onun qəbri yoxa çıxmışdır. Bu versiya - yəni, qəbrin yoxa çıxması daha inandırıcıdır. Çünki Drakulanı dəfn edəndə, bütün cəh-cəlalları ilə birgə basdırmışdılar. Yəqin ki, sonradan soyğunçu quldurlar tərəfindən qəbir qarət olunaraq məhv edilib.
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrkasından götürülmüşdür.