23 may, 2025
Paylaş:

İctimai fikrin və maarifçiliyin təməli

Azərbaycan mətbuatının 150 illik tarixi azad sözün, milli düşüncənin və maarifçilik hərəkatının təntənəsidir. Zamanın axarında ideyalar doğulub, millətin ruhuna işıq saçan fikirlər yaranıb. Həsən bəy Zərdabinin "Əkinçi"si ilə başlanan yol zaman-zaman küləklərə, qasırğalara tuş gəlsə də, yönünü dəyişməyib, əqidəsindən dönməyib. 150 ildə mətbuat xalqın səsinə çevrilərək onu bütün aləmdə eşitdirib.

Azərbaycan mətbuatı bir məktəb oldu - burada oxuyanlar isə jurnalist, ziyalı, maarifçi, bəzən də inqilabçı kimi yetişdilər. Bugünkü mətbuat da onların yaratdıqları ənənəyə söykənir. Biz bu yolu keçənlərin, qələmini silaha çevirənlərin zəhmətini unutmamalıyıq. Çünki bu 150 illik yol millətin oyanış yoludur.

Milli mətbuatımızın 150 ilinə bir daha işıq salmaq üçün Əməkdar jurnalist, qabaqcıl təhsil işçisi, BDU-nun professoru Həmid Vəliyevlə həmsöhbət olduq və bir neçə sualla ona müraciət etdik:

– Həmid müəllim, Azərbaycan milli mətbuatının təməlini qoyan "Əkinçi" qəzetinin nəşrindən bu günə qədərki dövrü necə xarakterizə etmək olar?

– "Əkinçi" qəzeti ilə milli mətbuatın təməlini qoyan Həsən bəy Zərdabi Moskva mühitində formalaşmış, geniş dünyagörüşü, açıqfikirli, təbiət elmlərinə xüsusi maraq göstərən ziyalılardandır. Zərdabi "Əkinçi" qəzetini yaratmazdan əvvəl digər ölkələrdə çıxan qəzetlər barədə geniş məlumata malik idi. Xüsusilə, Böyük Britaniyada nəşr olunan məşhur "Times" qəzeti haqqında mütəmadi olaraq məlumat alırdı. Hətta "Əkinçi"də yazırdı ki, Böyük Britaniyada "Times" adlanan bir qəzet mövcuddur, milyonlarla tirajla çap olunur. Maraqlı cəhətlərdən biri də odur ki, bu qəzet bəzən gündə iki dəfə nəşr olunurdu. Demək istədiyim budur ki, Zərdabi dünya mətbuatı barədə araşdırmalar edib, "Əkinçi"nin yaradılması onun bu bilik və təcrübələrinin məhsulu olub.

Azərbaycan dilində nəşr olunan ilk mətbuat orqanı "Əkinçi"dən əvvəl 1832-ci ildə Tiflisdə "Tiflis Əxbarı" adlı qəzet nəşr olunmuşdu. Qəzetin rus variantı da mövcud idi - "Tiflisskie vedomosti" ("Tiflis xəbərləri"). Həmin qəzet Azərbaycan dilində 1832-ci ildən çıxmağa başlamışdı, redaktoru Mirzə Əpriəm Yenikolopov olmuşdur. Daha bir maraqlı tarixi məqam var: "Tiflisskie vedomosti" qəzetinin əsası əslində 1828-ci ildə qoyulmuşdu. Onun yaranmasının başlıca səbəbi isə Azərbaycan torpaqlarının parçalanması, bir tərəfdə Cənubi Azərbaycan, digər tərəfdə isə Şimali Azərbaycan formalaşması idi.

Şimali Azərbaycan, yəni bugünkü Azərbaycan Respublikasının ərazisi XIX əsrin əvvəllərində Rusiya imperiyasının tərkibinə daxil oldu. Digər hissə Cənubi Azərbaycan isə İranın (o dövrdəki Qacarlar dövlətinin) sərhədləri daxilində qaldı. 1828-ci ildə baş verən bu tarixi dəyişikliklərdən sonra 1829-cu ildə çar Rusiyası tərəfindən bir qəzetin nəşrinə qərar verildi. Bu qəzet Tiflisdə yaradıldı. Bəs niyə məhz Tiflis seçildi? Çünki həmin dövrdə Tiflis Qafqazın inzibati mərkəzi idi və burada Rusiyanın Qafqaz üzrə canişini yerləşirdi. Ona görə də mətbuat orqanını elə Tiflisdə açmaq qərarına gəldilər.

Nədənsə bu qəzetlə bağlı lazımi səviyyədə tədqiqat aparmamışıq. Bunun səbəbi çox güman ki, həmin qəzetin nüsxələrinin əlimizdə olmamasıdır. Halbuki qəzet çar Rusiyası dövründə bəlkə də sonrakı sovet dövrləri ilə müqayisədə daha yaxşı yayılmışdı. Baxmayaraq ki, Azərbaycan dilində çıxırdı, nədənsə bu qəzet mətbuat tariximizdə 1875-ci ildə başlayan mərhələ qədər diqqətdə saxlanılmayıb. Əldə olan məlumatlara əsasən həmin qəzetin ilk nömrələrini indiki Sankt-Peterburq şəhərində arxivlərdə tapmaq mümkündür. Hətta bir faktı da qeyd etmək lazımdır: 1845-ci ildə daha bir qəzet işıq üzü görmüşdü. Bu qəzetə "Qafqazın bu tərəfinin xəbəri" adı verilmişdi. Qəzetin Azərbaycan dilində ilk nömrəsi o vaxt Tiflisdə tapılmış və həmin material əsasında gürcü müəllif tərəfindən məqalə yazılmışdı. Həmin məqalə Elmlər Akademiyasının xəbərlərində çap olunmuşdu. Əslində, 1845-ci ildə nəşrə başlayan bu rəsmi qəzet bu dildə yayımlanan ilk nümunələrdən biri hesab oluna bilərdi. Bəli, bəlkə də o dövrdə Azərbaycan türkcəsi mükəmməl deyildi, amma fakt olaraq qəzet bu dildə çap olunmuşdu. Bu səbəbdən biz deyə bilərik ki, qəzetçilik tariximiz daha qədim dövrlərdən başlayır. 1875-ci ildə nəşrə başlayan "Əkinçi" qəzetinin əhəmiyyəti böyükdür. "Əkinçi" qəzetinin informasiya siyasəti diqqətəlayiqdir. Burada, xüsusilə də xarici xəbərlərə geniş yer verilirdi. Məsələn, Türkiyə ilə Balkanlarda gedən müharibələrin gedişatı mütəmadi olaraq oxuculara çatdırılırdı. "Əkinçi" bu xəbərləri əsasən İngiltərənin nüfuzlu "Times" qəzetindən götürür və öz səhifələrində dərc edirdi.

"Əkinçi" qəzetinin 150 illik yubileyi milli mətbuat tariximiz üçün böyük və əlamətdar hadisədir. Biz bu qəzet haqqında danışarkən onu nə bir dövlət orqanının, nə də hər hansı bir təşkilatın mətbu orqanı kimi təqdim edirik. Çünki belə deyil. Həmin dövrdə həm xarici ölkələrdə, həm də Rusiyanın özündə fərdi mətbuat nümunələri mövcud idi. Yəni qəzetlər ayrı-ayrı şəxslərin təşəbbüsü ilə nəşr edilirdi. Bu mənada "Əkinçi" qəzetini də fərdi jurnalistikanın da ən gözəl nümunəsi hesab etmək olar. Çünki o dövrdə dövlətin heç bir maliyyə dəstəyi olmadan bu qəzetin bütün yükünü Həsən bəy Zərdabi özü çəkirdi. Demək istəyirəm ki, yubileylər əslində bir növ hesabat xarakteri daşıyır. Bu cür yubileylərlə bağlı olan şəxslər və qurumlar fəaliyyətləri barədə hesabat təqdim etməlidir. Məsələn, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi də bu baxımdan bir hesabat verməlidir. 150 il ərzində Azərbaycan mətbuatı necə inkişaf edib, bu gün hansı mərhələdədir, bunlar araşdırılmalı və qiymətləndirilməlidir. Biz milli mətbuatımızın tarixini əhatə edən dərsliklər yazmalıyıq. Bu tarixi tələbələri düzgün və dolğun şəkildə təqdim etməliyik. Doğrudur, bununla bağlı cəhdlər olub.

Məsələn, sovet dövründə bu sahədə çalışan Nəriman Zeynalov o zamanlar "Kommunist" qəzetində kənd təsərrüfatı şöbəsinin müdiri vəzifəsində işləyirdi. Nəriman Zeynalov bu mövzuda bir kitab da yazmışdı və həmin əsər o dövrdə mətbuat tarixi haqqında mühüm mənbələrdən biri sayılırdı. Lakin sovet ideologiyası dövründə yazılan kitabların əksəriyyəti marksizm-leninizm nəzəriyyəsinə əsaslanırdı. Buna görə də həmin əsərlər bu gün yenidən işlənməli və ideoloji təsirlərdən təmizlənərək obyektivləşdirilməlidir. Bakı Dövlət Universitetində fəaliyyət göstərən Milli mətbuat tarixi kafedrası bu istiqamətdə bir sıra işlər görüb. Məsələn, Şirməmməd Hüseynov o dövrdə bu kafedrada çalışırdı və konkret planlar hazırlamış, mövzu bölgüsü aparmışdı. Hətta mənə də bir mövzu verilmişdi və mən o sahədə ciddi şəkildə işləmişdim. Tiflisdə uzun müddət yaşamağım və elə orada da Azərbaycan mətbuatının ilk dövrləri ilə bağlı araşdırmalar aparmağım bu mövzunu öyrənməyimə yardım etdi.

Harada yaşamağınızdan asılı olmayaraq istər burada, istərsə də Tiflisdə həmin dövrdə şəhər mədəni və maarif mühiti baxımından mühüm əhəmiyyət daşıyırdı. Almanların da maraq göstərdiyi bu bölgədə müxtəlif mədəniyyətlər qaynayıb-qarışırdı. Tiflisdə azərbaycanlılar da yaşayırdı və Azərbaycan dili geniş yayılmışdı. Bu səbəbdən bəzi gürcü ziyalıları da dilimizi bilirdi. Tədqiqatçılar qeyd edirlər ki, həmin ziyalılardan biri də Azərbaycan dilini bildiyinə görə Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyasını gürcü dilinə tərcümə etmişdi. Bu tərcümə o dövrdə Azərbaycan ədəbiyyatının Cənubi Qafqazda tanıdılmasına mühüm töhfə vermişdi.

Burada yenidən "Əkinçi" qəzetinə qayıtmaq yerinə düşər. "Əkinçi"də beynəlxalq hadisələrə ciddi diqqət yetirilirdi. Xüsusilə də qəzetin 1876-cı ilin yanvar nömrəsində "Times" qəzetinə istinadən maraqlı bir məktub çap olunmuşdu. Məktubda yazılmışdı ki, "Əkinçi" redaksiyasına "Times" qəzetindən türk dilinə tərcümə olunmuş bir kitabın müəyyən hissəsi göndərilib. Məqsəd o idi ki, bu hissələr redaktə olunsun və qəzet səhifələrində dərc edilsin. Bu fakt da göstərir ki, "Əkinçi" qəzetinin beynəlxalq mətbuatla müəyyən əlaqələri olub və bu həmin dövr üçün olduqca mühüm hadisə sayılırdı. Bəs bu hansı əsərdir? Niyə məhz Həsən bəy Zərdabiyə göndərilib? Bu suallar ətrafında ciddi düşünmək lazımdır. Əlimizdə bu məsələ ilə bağlı konkret sənəd yoxdur. O zaman arxivlərə üz tutmalı, tədqiqat aparmalıyıq. Bu sənədlər hələ ki, heç kim tərəfindən aşkarlanmayıb və yazıya alınmayıb. Bizim yeganə yolumuz Londona getmək və orada, "Times" qəzetinin redaksiyasına müraciət etməkdir.

"Əkinçi" qəzetinin müəyyən nömrələri gizli yollarla Osmanlı Türkiyəsinə göndərilirdi. Lakin o dövrdə Osmanlı Daxili İşlər Nazirliyi sərhəddən keçən qəzetləri ciddi nəzarətdə saxlayırdı. Göndərilən materiallar, xüsusən də "Əkinçi"nin nömrələrinin yalnız bir nüsxəsi sultana təqdim olunur, qalanları isə yandırılırdı. Həmin dövrdə İngiltərədə "Times" qəzetinin redaktoru Lili (tam adı dəqiq bilinmir) idi. Qəzetin ovaxtkı fəaliyyəti çox məsuliyyətli idi - tiraj tam çatdırılmadan evə getmək mümkün deyildi. Həsən bəy Zərdabi də məhz bu cür fədakar şəxslərdən biridir. Onun kimi bir neçə publisist həmkarı da var idi. Bəzən qəzetin səhifələri bağlanmayınca, özü şəxsən çap işinə qatılır, hətta hərfləri mətbəədə özü düzürdü. Bu həm onun şəxsi marağından, həm də kadr çatışmazlığından irəli gəlirdi. O dövrdə peşəkar redaktor, səhifə düzəldən, çap işini bilən insan tapmaq çox çətin idi. Belə bir şəraitdə Həsən bəy Zərdabi fədakarcasına çalışırdı. Onun qəzetləri Türkiyəyə göndərilir, orada türk dilində redaktə olunur və daha geniş auditoriyaya çatdırılırdı. Bu da o dövr üçün əlamətdar hadisə idi.

– Həsən bəy Zərdabinin qoyduğu irs mediamıza necə təsir göstərir?

– Fikrimcə, bu irsdən biz hələ də bəhrələnirik. O, təkcə mətbuat tariximizin başlanğıcı deyil, həm də azad sözün, ictimai düşüncənin və maarifçiliyin təməlidir. Onun başladığı yol bu gün də davam etdirilir və hər bir jurnalist, ziyalı onun irsinə hörmətlə yanaşır.

Çar Rusiyasında siyasi məzmunlu materialların dərc olunmasına icazə verilmirdi. Lakin əkinçilikdən, mədəniyyətdən, sənətdən yazmaq mümkün idi. Beləliklə, bu cür yollarla ideyalar ötürülürdü. 1990-1991-ci illərdə, yəni müstəqillik bərpa olunduqdan sonra vəziyyət dəyişdi. Lakin bu dövrdən sonra, fikrimcə, Azərbaycanda qəzetlərin çoxu bir-birini təkrar edirdi. O vaxt bir qəzet tanıyırdım ki, oxucular həmin qəzetlərə böyük maraq göstərirdilər. Bu qəzetlərdə həm Azərbaycan, həm də rus dillərində materiallar dərc edirdi. Məqalələrdə milli ruhun yüksəlişi, maarifçilik meyilləri və ictimai məsələlərə yanaşma aydın hiss olunurdu. Əgər o dövrdə qəzetlər sadəcə rəsmi məlumatları təqdim etsəydi, heç kim maraq göstərməzdi.

Ədəbiyyatla bağlı mətbu orqanlarda da maraqlı yazıların axtarışı vacibdir. Bizim jurnalistlər təşəbbüskar olmalı, qəzetlərdə dolğun, oxunaqlı materiallar təqdim etməlidirlər. Bəzən tədbirlər və görüşlər haqqında uzun danışılır, amma nəticə olmur. Belə məqalələr həm oxunmur, həm də oxucunu yorur. Oxucunun qəzetə marağının azalmasının səbəbi də budur, oxuduğunda yeni və faydalı heç nə tapmır. Qəzetləri elə təqdim etmək lazımdır ki, hər biri oxucu üçün maraqlı və dəyərli olsun.

– Müasir mətbuatımızda əsasən nələrə diqqət etmək lazımdır?

– Biz beynəlxalq əlaqələrə, həmçinin qəzetlərin keyfiyyətinə diqqət yetirməliyik. Qəzetlər millətimizin tarixinin aynasıdır. Xüsusilə, qəzetin dizaynına, gözəlliyinə fikir vermək lazımdır. Rəngli şəkillərin keyfiyyəti çox vacibdir.

Jurnalistika yaradıcı sahədir. Jurnalistlər öz işlərinə məsuliyyətlə yanaşmalı, qəzetlərin oxunaqlı olması üçün çalışmalıdırlar ki, oxucular qəzeti maraqla və həvəslə oxusunlar. Bəzən maraqsız mövzular, təkrar xəbərlər çap olunur, bu da oxucunun diqqətini çəkmir.– Çox sağ olun.

                                                                                                            Ləman Təhməz,

"Respublika” qəzeti  

 

 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()