09 oktyabr, 2024
Paylaş:

Hüseynağa Hadıyev

"Mənim dünyam", "Gecələr bulaq başı", "Nərgizim", "Bir xumar baxışla", "Unuda bilmirəm" mahnıları ilə məşhurluq qazanan müğəni Hüseynağa Hadıyev...

Hüseynağa Hadıyev Bakıda dünyaya gəlib. Anası Törə xanım Cəfər Cabbarlının əmisi qızı olub. Müğənni anasını körpə ikən itirib, ona bacısı baxıb. "Pionerlər" evində qarmon dərnəyinə gedən sənətçinin ali musiqi təhsili olmayıb. Ancaq sonradan İncəsənət Universitetinə daxil olur. Sveta adlı xanımla bir-birilərini sevib ailə qururlar. Elə həmin il də Hüseynağa universiteti fərqlənmə diplomu ilə başa vurub hərbi xidmətə yollanır. Xidmətdən geri qayıdanda onun Ceyhun adlı oğlu dünyaya gəlir.

Dövlət televiziyasında çəkilişlərin birində AzTV-nin həmin dövr üçün məşhur diktorlarından olan Gülya Seyidbəyliyə aşiq olur. Həyat yoldaşı ilə rəsmi nikahda ola-ola ailəsini və evini tərk edib Gülya xanım ilə vətəndaş nikahında yaşayır.

O, türk mahnılarının Azərbaycanda ilk ifaçısı olub. Fərqli stilə malik olan müğənni tez-tez ekranlarda görünsə də, zaman-zaman geyim tərzləri onun efirə çıxmasına maneə yaradıb. Ondan səhnəyə kostyum geyinib çıxmasını tələb etsələr də, çox vaxt bu tələblərə qarşı çıxıb. Deyilənə görə, sənətkar qızıl-zinət əşyaları, xüsusilə də brilliant həvəskarı olub. "Sovetski" məhəlləsində böyüyən müğənni həm də "quşbaz" idi. Uşaqlıqdan sevdiyi bu məşğuliyyətindən sonralar da əl çəkə bilməyib. Hər zaman fikri sevimli göyərçinlərinin yanında olan sənətçini günlərin bir günü qonşusu, qarmon ifaçısı, Əməkdar artist Faiq Əlibalayevi səhər saat 6-da yuxudan oyadır ki, bəs, dur, səninlə vacib işim var. Qəfil döyülən qapıya yuxudan qalxan Faiq Hüseynağanı görüb duruxur. Dostunun çaşqın baxışlarına məhəl qoymayan Hüseynağa deyir: "Tez maşını işə sal, sür Sabunçu bazarına. Qədeşim, quşlarım acından öldü e, gedək dən alaq".

Hələ uşaq yaşlarından vərəm xəstəsi olan Hüseynağa Hadıyev bunu ömrü boyu hamıdan gizlədib. Yalnız ömrünün son günlərində xəstəxanada ona baş çəkən sənət dostları bunu həkimlərdən öyrəniblər.

Ömrünün 47-ci baharında müğənninin səhhəti pisləşir. "Səkkizinci kilometr"dəki vərəm dispanserinə köçürülür. Həyatında olan iki xanımı ilə münasibəti bitən Hüseynağa Hadıyev çox qısa müddətdən sonra dispanserdə dünyasını dəyişir. Deyilənlərə görə, həmin vaxt hər iki qadın Hüseynağadan imtina edir və onun meyitini dünyasını dəyişəndən iki gün sonra bacısı morqdan çıxarıb dəfn edir...

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()