26 fevral, 2025
Paylaş:

Hüseyn Ərəblinski

Bığını qırxdığına və oynadığı qadın obrazına görə qohumları ilə düşmən olan, Hacı Zeynalabdin Tağıyevin xanımının soyadını götürən, qətli hələ də müəmmalı qalan, sehrli üzüyün sahibi, peşəkar teatr sənətinin banilərindən biri aktyor Hüseyn Ərəblinski...

Hüseyn Məmməd oğlu Xələfov Bakı şəhərində yoxsul dənizçi ailəsində dünyaya göz açıb. Onun həyatı uşaqlıqdan ehtiyac və sıxıntı içində keçib.

Atasını vaxtsız itirdiyindən anasının himayəsində böyüyüb. Anası onu mollaxanaya qoysa da, bir neçə ildən sonra təhsil xərcini ödəyə bilmədiyi üçün oradan çıxmağa məcbur olub. Sonrakı illərdə "Üçüncü Rus-Tatar" məktəbini oxuyan Hüseyn qısa zamanda Axundovun, Hacıbəyovun, Şillerin, Qoqolun, eləcə də bir çox yazıçıların əsərlərini həm səhnələşdirir, həm də baş rollarda özünü sınayır. Lakin həmin dövrlərdə tamaşa hazırlamaq, səhnədə çıxış etmək olduqca çətin idi. Buna maneçilik törədən əsas səbəblərdən biri teatr binalarının olmaması idi. Tamaşa göstərmək üçün bina icarəyə götürmək külli miqdarda vəsait tələb edirdi. Çox zaman pul tapmayan aktyorlar nəyisə girov qoymaq məcburiyyətində qalırdılar. Hüseyn Ərəblinskinin də tez-tez girov qoyduğu bir üzüyü var idi. Həmkarlarının "sehrli üzük" adlandırdıqları bu üzük illərlə girov qalırdı. Deyilənlərə görə, Ərəblinski bu üzüyü sonralar dostu Hüseynqulu Sarabskiyə hədiyyə edibmiş.

Ərəblinskinin xalq arasında böyük nüfuzu olub. O, kasıb olsa da, ziyalı və aristokrat adam idi. Geyiminə xüsusilə diqqət edən aktyor çox nadir tapılan libaslara üstünlük verirmiş. Deyilənə görə, geyindiyi kostyumlar Bakıda ancaq onda olurmuş. Aktyor Ərəblinski təxəllüsünü sonradan götürüb. Bir çox teatr tədqiqatçıları və aktyorun dostlarının yazılı xatirələrindən belə məlum olur ki, onun bu soyadı götürməsinin səbəbi Hacı Zeynalabdin Tağıyevin yaşca özündən xeyli kiçik olan arvadı Sona xanıma vurğunluğu olur. Sona xanımın da aktyora xüsusi simpatiyası olub. O, tez-tez Ərəblinskinin tamaşalarına gedir, aktyora həm maddi, həm də mənəvi yardımlar edirmiş. Təbii ki, Hüseyn məşhur milyonçunun həyat yoldaşı ilə görüşlərdən mümkün qədər qaçmağa çalışarmış. O başa düşürdü ki, səhnə təxəllüsüylə bağlı yaranan söz-söhbətlərin, Sona xanımla onun isti münasibətləri haqqında gəzən şayiələrin sonu yaxşı olmaya bilər.

Həmin dövrdə ən böyük narahatlıqlardan biri də qadın aktrisaların olmaması idi. Belə ki, bir çox qadın rollarını kişi aktyorlar oynamaq məcburiyyətində qalırdılar. Ərəblinski də bir çox əsərlərdə qadın rolları ifa edirdi. Bunun üçün o, hətta həmin illərdə böyük hay-küyə səbəb olacaq bir hərəkət edərək bığlarını qırxdırıb. Qohum-əqrəbalarının çoxu bu səbəbdən ondan üz döndərib. Hətta onu ölümlə hədələyənlər də olub. Deyilənlərə görə, həmin ərəfələrdə Hüseyn Ərəblinskini dayısı oğlu Əbdülxalıq evlərinə qonaq çağırır. Dayısı Hacı Əbdülkərimlə aralarında mülk üstündə davaları olduğuna görə Hüseyn getmək istəməsə də çox söhbətdən sonra həyat yoldaşı Asiyanı da götürüb onlara gedir. Qəflətən baş verən mübahisə nəticəsində Əbdülxalıq tapançasını çıxarıb Hüseyni boğazından vuraraq qaçır. Ərəblinski 38 yaşında dünyasını dəyişir.

Ərəbliniskinin ölümündən sonra onun haqqında gəzən şayiələr bitmək-tükənmək bilmir. Onun qətlinin qohumları tərəfindən törədildiyi deyilsə də, bu hadisənin səbəbkarları arasında başqalarının da adı hallanır.

Maraqlı məqamlardan biri isə odur ki, aktyorun ölümündən sonra hər gün Bakı küçələrində ağlını itirmiş kasıb və yoxsul bir qadın əl açıb insanlardan pul dilənir. Bu qadın bir zamanlar gözəlliyi ilə hər kəsi valeh edən, milyonçu Tağıyevin həyat yoldaşı Sona xanım olur. Qısa müddətdən sonra soyuq qış günlərinin birində o, ovucunda bir parça quru çörək, küçədə ölmüş halda tapılır...

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()