10 iyul, 2023
Paylaş:

Hüseyn Arif

Azərbaycanın xalq şairi, könüllərdə gözəl şeirləri ilə yuva quran Hüseyn Arif... Daha çox zarafatçıl insan kimi tanınan, oğlunun ölümündə özünü günahkar bilən və ateist olan bu şairimiz olduqca həssas qəlbə malik biri kimi yaddaşlarda qalıb...

Ağstafa rayonunun Yenigün kəndində dünyaya gələn şair, Qaçaq Kərəmin soyundan olub. İkinci Dünya müharibəsi başlayanda orduya çağırılıb, müharibədə iştirak edib.

Şair gənc ikən məşhur aşıq Aşıq Mirzənin qızını sevib. Ancaq qovuşmayıblar. Sonralar şair Məleykə adlı qızla ailə qurub. Bu izdivacdan şairin Arif, Zöhrə, Səhər adlı övladları dünyaya gəlib. Deyilənə görə, uşaqları ona "ata" yox, "Söyün qağa" deyə müraciət edirmiş.

Daha çox lətifələr qəhrəmanı kimi tanınan Hüseyn Arifin ömrünün xeyli hissəsini dərd-qəm içində keçirən biri olduğunu çox adam bilmir. Tək oğlu Arifin ölümü onun həyatını alt-üst edib. 21 yaşlı oğlu avtomobil qəzasında öləndən sonra Hüseyn Hüseynzadə Hüseyn Arif imzasıyla yazır. Başına gələn faciədə özünü günahkar bilən şair ovçuluq etdiyi zamanlarda ovladığı heyvanlar haqda ürək ağrısı ilə yazıb və sonda şeiri belə misra ilə bağlayıb: "Bu qan səni tutasıydı, tutdu da"...

Çoxu bu faktı da bilmir ki, Hüseyn Arifi gerçək bir lətifə qəhrəmanına çevirən Rəfiq Zəka Xəndan olub. Onun güclü yumor hissi varmış və Hüseynlə bağlı əhvalatların çoxunu o düz-qoş edirmiş. Rəfiq Zəkanın atası Cəfər Xəndan Hüseyn Arifin müəllimi olub və ailəvi dostluq ediblər.

Şairin evində üst qonşularının su xəttində problem olduğundan, otaqlarının biri həmişə damırmış. Yuxarı qalxıb nə qədər desələr də xeyri olmurmuş. Bir gün Ağstafadan qohumu gəlir, Hüseyn Arif onu daman otağa aparıb deyir:

- Gəl-gəl, bura çox mənzərəlidir, elə bil Qazaxın "Damcılı bulağ"ıdır.

Deyilənə görə, Hüseyn Arifin zəngin kitabxanası olub. Orta məktəbi də çox yaxşı oxuyan şairi bu səbəbdən üçüncü sinifdən beşə, beşdən yeddiyə keçiriblər. Ömür boyu xalq şeirinə sədaqətli olan, milli-mənəvi dəyərləri yüksək tutan, sazı həddindən artıq çox sevən Hüseyn Arif dini düşüncələrinə görə qatı ateist olub. Sələflərindən fərqli olaraq şeirlərində Allah sözü və dini-irfani kontekst demək olar ki, yoxdur. O, övladlarının da dinə meyillənməsinə imkan verməyib. Uşaqlarını da o ruhda tərbiyə edib. Yəqin bu səbəbdən ağsaqqal dediyi dostu İsmayıl Şıxlı öz aralarında H.Arifə "kafir" deyirmiş.

68 il ömür sürən şair doğulduğu kənddə dəfn olunub. Kim bilir, bəlkə də oğul dağı olmasaydı, daha neçə il yaşaya bilərdi...

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()