Hökümə Qurbanova
Özündən 17 yaş kiçik həmkarı ilə eşq yaşadı, qızını ana olmaqdan məhrum etdi, həyatının sonuna kimi təmirsiz evdə qaldı, küçələrdə yük daşıdı... Söhbət Azərbaycan teatr sənətinin əvəzolunmaz aktrisası, deputat, Xalq artisti Hökümə Qurbanovadan gedir...
Hökümə xanım Bakıda tacir Abbasəli Qurbanov və Məlikət Maqomayevanın ailəsində dünyaya göz açıb. Məlikət xanım tanınmış bəstəkar Müslüm Maqomayevin doğma bacısı idi. Bakı Pedaqoji Texnikumunu bitirən aktrisa elə həmin il Azərbaycan Dövlət Konservatoriyasına daxil olaraq iki il fortepiano sinfində təhsil alıb.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bolşeviklər Hökümənin atasından tikdirdiyi ikimərtəbəli mülkünü hökumətə təhvil verməyi tələb edirlər. Mülkü əlindən alır və onlara yaşamaq üçün elə həmin yerdə ikiotaqlı mənzil verirlər. Bu hadisədən sonra Hökümənin atasının ürəyi partlayır. Ailənin çətin günləri başlayır. Hökümə oğlan paltarı geyinib evlərinin yaxınlığındakı baqqalın mağazasına çuvallarla yük daşıyır. Hər günün sonunda ona zəhmət haqqı kimi bir ovuc un verirmişlər. Bir gün isə yağışlı havada evə gələndə yıxılır, gün ərzində qazandığı un palçığa tökülür. Ağlaya-ağlaya baqqalın yanına gəlir, ondan əlavə un istəsə də baqqal vermir. Uzun illər sonra Hökümə Qurbanova həmin kişini parkların birində dilənən görür. Gedib mağazadan bir çörək alıb gətirib kişinin qarşısına qoyub gedir.
Hökümə xanım iki dəfə ailə qurub. İlk evliliyi qonşuları Ələsgər Ələkbərovla olub. Aktyor Höküməni görən gündən ona vurulub. Anasını elçi göndərib. Deyilənə görə, guya o özü də bu elçilikdə iştirak edib. Lakin Hökümə xanımın anası elçilərə yox cavabı verərək deyir: "Sizin oğlunuz camaatın qabağına çıxıb mütriflik edir, mən ona qızımı verə bilmərəm". İkinci elçilik də məyusluqla nəticələnir. Hökümə Qurbanova isə o biri otaqda ağlayıb deyirmiş: "Əgər məni Ələsgərə verməsəniz, kerosini üstümə töküb özümü yandıracağam...". Sonda razılıq alınır, ailə qururlar. Nailə adlı qızları dünyaya gəlir. Bir neçə ildən sonra isə cütlük qısqanclıq səbəbi ilə ayrılır.
Bir müddət sonra aktrisa teatr rəssamı Nüsrət Fətullayevlə ailə həyatı qurur və bu evlilikdən onların Vəfa adlı qızları doğulur. Sonralar Vəfa Fətullayeva da Akademik Milli Dram Teatrının səhnəsində yaddaqalan aktrisalardan birinə çevrilir. Amma Hökümə xanımın ikinci evliliyinin də ömrü uzun sürmür. Hökümədən ayrılan Nüsrət Fətullayev Ofeliya Abbaszadə ilə evlənir. Hökümə xanım da bu ərəfələrdə Ofeliyanın keçmiş əri, ondan 17 yaş kiçik olan aktyor "Bir qalanın sirri" filmindəki Elşən obrazı ilə tanınan Gündüz Abbaszadə ilə eşq yaşayır.
Hökümə Qurbanova teatrda bir çox aktrisalarla intriqalar yaşayıb. Onlardan ən yaddaqalanı isə Nəcibə Məlikova ilə küsülülüyü olub. Onların şəxsi zəmində araları dəymişdi. Həm də təbii ki, rol qısqanclığı da vardı. Lakin aktrisa Nəcibə Məlikova ilə küsülü olsa da "Ögey ana" filmində onun oynadığı obrazı səsləndirməyə razı olub.
Xalq artisti, Ali Sovetin deputatı olan Hökümə Qurbanova uzun illər ikiotaqlı təmirsiz mənzildə yaşayıb. Aktrisa qızı Vəfa Fətullayevanı sənətinin davamçısı kimi görüb. Bu istəyini nəyin bahasına olursa-olsun həyata keçirmək niyyətində olub. Vəfanın əri Zaur isə həyat yoldaşının aktrisalıq etməsinə heç cür razı ola bilmirdi. Çox keçmir ki, bu fikir ayrılığı öz "bəhrəsini" verir. Hökümə Qurbanova hökmünü yerinə yetirərək, qızını yoldaşından ayırmaq istəyinə çatır, hətta Vəfanın hamiləliyinə son verdirir. Vəfa Fətullayevanın ikinci böyük məhəbbəti həmkarı Fuad Poladov olur. Onlar ilk dəfə "Məhv olmuş gündəliklər" tamaşasında tərəf müqabili kimi eyni səhnəni paylaşırlar. Amma deyilənlərə görə bu dəfə də Vəfanı Poladovdan ayıran Hökümə xanım olur. Hökümə Qurbanova hökmlü olmaqla yanaşı, həm də çox qızılpərəst idi. Hansı ölkəyə gedirdisə, evdəki bütün qızıllarını sandıqçasına yığıb özüylə aparırdı. Moskvaya növbəti səfərlərinin birində də belə edir. Amma bu səfər sarsıdıcı bir hadisə ilə yadda qalır. O və Vəfa univermaqda gəzərkən qızıl dolu kisəni orada unudurlar. Bu hadisədən çox təsirlənirlər. Bəlkə də bu hadisə Vəfanın və onun ağır xəstəliyə tutulmasına səbəb olur. Ömrünün son günlərinə yaxın, yaşının ahıl çağında aktrisa övlad itkisi yaşayır. Övladı ilə yanaşı palatalarda müalicə alan aktrisanın qızı Vəfa Fətullayeva 42 yaşında sağalmaz qan xəstəliyindən vəfat edir. Onun faciəvi və vaxtsız ölümündən cəmi bir il sonra özü də eyni xəstəlik səbəbilə 75 yaşında dünyadan köçür...
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.