Heydər Əliyevin istiqlal yolu
XX əsrin böyük dövlət və siyasi xadimi Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurucusu kimi müstəsna rolunu və fəaliyyətini anadan olmasının 100-cü ildönümündəki anım günündə təhlil etmək, toplanmış tarixi təcrübəni öyrənərək elmi-nəzəri ümumiləşdirmələr aparmaq vacibdir.
Yaşadığı illərdən zaman etibarı ilə uzaqlaşdıqca ucalığı daha çox görünən, Azərbaycanın güclü və müstəqil bir dövlət kimi yaşaması, inkişaf etdirilməsi, xalqımızın qüdrətli olması üçün çalışan Heydər Əliyevin müstəqil dövlətçiliyə dair fəaliyyətinin və strateji düşüncələrinin bütün tərəflərini bir məqalədə təhlil etmək təbii ki, mümkün deyildir. Bundan ötrü dərin elmi-tədqiqat işlərinin aparılmasına və əsərlərin yazılmasına ehtiyac vardır.
Məlumdur ki, dövlət və siyasi xadimlərə bir sıra meyarlar əsasında qiymət verilir. Tarixi şəxsiyyət konkret məkan və zaman daxilində yaşadığından fəaliyyətinə də məhz həmin çərçivədə yanaşılır, təhlil edilir və qiymətləndirilir. Çünki dövlət və siyasi xadimlər mücərrəd deyil, konkret ictimai-siyasi şəraitə uyğun olaraq millətinin və dövlətinin xeyrinə olan ən faydalı qərarları qəbul etməyə çalışırlar. İkincisi, dövlət və siyasi xadimlərin fəaliyyətinə özündən sonra gələnlərlə deyil, özündən əvvəlkilərlə müqayisədə qiymət verilir. Çünki onlar bir neçə on illər sonra nəyin və necə baş verəcəyini əvvəlcədən görə bilməzlər. Yalnız zamandan uca olanlar, onun fövqündə dayananlar, millətinin strateji inkişaf yolunu müəyyənləşdirənlər, tərəqqisindən ötrü başlıca şərt olan dövlətinin güclənməsinə ömrünü həsr edən dövlət və siyasi xadimlər dahilər, dühalar olurlar. Onlardan sonra hakimiyyətə gələnlər xalqını və dövlətini daha da güclü etmək üçün məhz həmin siyasi, dövlətçilik irsinə və təcrübəyə müraciət edirlər. Heç şübhəsiz, zəif dövlət rəhbərlərini tarixin səhifəsindən silib çıxarmaq mümkün olmasa da, dövlət və siyasi xadimlər onların irsinə müraciət etmirlər. Deməli, Heydər Əliyevin dövlətçilik baxışlarına və təcrübəsinə bundan sonrakı bütün tarixi dövrlərdə ehtiyac duyulacaqdır. Elə ona görə də zaman-zaman Heydər Əliyevin zəngin dövlətçilik irsinə diqqət yetirmək, çoxlu suallara dərin elmi əsaslandırılmış cavablar vermək, keçilən yolu doğru qiymətləndirmək və düzgün nəticələr çıxarmaq zəruridir. Soruşulur: görkəmli dövlət və siyasi xadim kimi Heydər Əliyevin fəaliyyəti 100 ilin zirvəsindən hansı ibrət dərslərini verir?
***
Bilindiyi kimi, Azərbaycan xalqı 1918-ci ilin may ayında bir ilkə imza ataraq müsəlman Şərqinə respublika məfkurəsini gətirdi, Xalq Cümhuriyyətini, respublika idarə üsulunu qurdu, müsəlman xalqlara müstəmləkəçilikdən xilas olmağın yolunu göstərdi. Amma cümhuriyyətin ömrü uzun olmadı, 1920-ci ilin aprelində bolşevik Rusiyasının işğalına məruz qaldıqdan sonra milli dövlət süquta uğradı, Azərbaycan SSR yaradıldı. Əsrin 20, 30 və 40-cı illəri müstəqil dövlətçiliyin ən kiçik təzahürlərinin ləğv edilməsi, təbii sərvətlərin amansızlıqla talan edilərək daşınıb aparılması, Azərbaycanın mərkəzə daha çox bağlanması, milli ədəbiyyatın, milli ruhlu ziyalıların amansız təqib edilmələri və repressiyalarla yadda qaldı. Azərbaycan rəhbərliyində təmsil olunan şəxslər arasında davam edən çəkişmələr, mərkəzə şikayət dolu məktubların göndərilməsi respublikaya olan mənfi münasibəti daha da artırırdı. Sovet lideri Stalinin ölümündən sonra ölkədə nisbi yumuşalma baş versə də, Azərbaycan rəhbərliyində milli məsələlərə hissiyyatlı yanaşmalar üstünlük təşkil etdiyindən mərkəzi hakimiyyət Azərbaycanı cəzalandırdı. Milli ruhlu insanlar sıxışdırıldı və bir sıra rəhbər şəxslər vəzifələrindən uzaqlaşdırıldılar.
Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra respublikada şərait tədricən dəyişdi. Bakıda fabrik və zavodların tikilməsi nəticəsində rayonlardan gənclərin paytaxta işləməyə gəlməsi ilə çarizm dövründə və sovet hakimiyyəti illərində digər xalqların gətirilməsi nəticəsində simasını itirmiş Bakı şəhərinə milli ruh qayıtdı. Ana dili hakim olmağa başladı. Heydər Əliyevin Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd seçilməsi millətin tarixində qürurverici hadisə olmaqla Azərbaycanda özünə inam hisslərini artırdı. Xarici ölkə tarixçilərinin yazdığı kimi, Azərbaycanın şimal torpaqları çar Rusiyası tərəfindən işğal edildikdən sonra özlərini sındırılmış hesab edən azərbaycanlılar XX əsrdə yalnız iki dəfə Bakıda başlarını dik tutaraq gəzmişdilər: birinci dəfə Nuru Paşa komandanlığında Azərbaycan və Osmanlı hərbçilərindən təşkil edilmiş Qafqaz İslam Ordusu tərəfindən 1918-ci ilin sentyabr ayında Bakı şəhəri azad edildikdən sonra, ikinci dəfə isə Heydər Əliyevin hakimiyyəti illərində.
Kökləri tarixə dayanan Azərbaycanın gələcək dövlət müstəqilliyi üçün zəruri olan obyektiv amillər, maddi təməllər hansı ideologiyanın hakimliyindən asılı olmayaraq sovet sistemi daxilində formalaşdı. Respublika ərazisinin qorunmasına, hakimiyyətin güclü olmasına, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirildi. Bu isə demoqrafik inkişafa gətirdi. Azərbaycanın siması dəyişdi.
Heydər Əliyev inkişafa mane olan amilləri aradan qaldırdı. Məlum olduğu kimi, sovet sistemi şəraitində həm də mərkəzin işarəsi ilə Azərbaycanı daxildən zəiflədən, didib-parçalayan çəkişmələr, dedi-qodular, "Bakı işi" adı altında Moskvada Mərkəzi Komitə bürosunun və katibliyinin iclaslarında müzakirə olunan məsələlər respublika, xalq haqqında mənfi rəy formalaşdırırdı. Bu hallara qətiyyətlə son qoyan Heydər Əliyev hakimiyyətin qanadları arasında yekdillik, əməkdaşlıq yaratdı, xalq və hakimiyyət arasında birlik qurdu, milli kadrların yetişdirilməsini və yerləşdirilməsini strateji xətt olaraq seçdi. O zaman bütün ölkədə rusların və digər slavyan xalqlarının nümayəndələri respublikalarda vəzifələrə gətirildiyi halda, Heydər Əliyev milli kadrları hazırlamağa və ətrafına toplamağa başladı. Xarici tədqiqatçıların yazdıqlarına görə, Heydər Əliyevin bütün uğurlarının kökündə yerli milli kadrlara arxalanması dayanırdı.
Müstəqillik üçün zəruri olan milli, mənəvi amillərin formalaşdırılmasından ötrü tədbirlər görüldü. Məlum olduğu kimi, XIX əsrin sonları - XX əsrin əvvəllərində maarifçilərin, şair, yazıçı və alimlərin əsərlərində intişar tapmış istiqlal fikri Azərbaycan Cümhuriyyətinin qurulmasında başlıca rol oynamışdı. Lakin sovet hakimiyyəti qurulduqdan sonra istiqlal məfkurəsini əsərlərində qoruyan alim, şair, yazıçı və jurnalistlər amansız repressiyalara məruz qalmışdılar. Respublikada dissidentlərin yaranmasına imkan verməyən Heydər Əliyev milli ruhlu ziyalıları məharətlə Bütöv Azərbaycan, Cənubi Azərbaycan məsələsindən yazmağa təşviq edir, mərkəzin cənginə vermir, bəzən özü onları yüngülcə tənqid etsə də, az sonra yüksək fəxri adlar, orden və medallar verib vəzifələrə təyin edərək qoruyurdu. Xarici ölkə tarixçilərinin yazdığı kimi, 70-ci illərdə azərbaycanlı şair və yazıçıların əsərlərindəki bölünmüş Azərbaycanın hər iki tayının birləşdirilməsi fikri Mərkəzi Komitənin birinci katibinin kabinetinin açıq pəncərələrindən axaraq onların düşüncələrinə, əsərlərinə və ictimai rəyə hakim olurdu.
Heydər Əliyev millətin varlığının əsas amili olan Azərbaycan dili sahəsində tədqiqatların aparılmasına dair göstərişlər verirdi. Görkəmli dilçi alimlərin dövlət mükafatına layiq görülməsi Azərbaycan tarixində bir ilk idi. Heydər Əliyev Azərbaycan dilinin saflığının qorunmasını daim tövsiyə edirdi.
Azərbaycan ədəbiyyatının görkəmli xadimlərinin xatirəsini əziz tutaraq əbədiləşdirən Heydər Əliyevin türkçü, pantürkçü, turançı kimi həbs olunmuş, Stalin repressiyalarının qurbanı olmuş, uzaq Sibir sürgünündə vəfat etmiş Hüseyn Cavidin məzarını bir vaxtlar işlədiyi Bakıya deyil, doğulduğu Naxçıvana köçürməsi Azərbaycanın bir parçasını sovet dövründə ümumi vətən hesab edilən SSRİ məfhumundan üstün tutduğunu göstərirdi. Bununla Heydər Əliyev Azərbaycanın maraqlarını və qədim diyar olan Naxçıvanın yerini xüsusi qiymətləndirir, önə çəkirdi.
70-ci illərdə İraqda Kərbəla şəhərində böyük Məhəmməd Füzulinin məzarının dağılması təhlükəsi yarandıqda Heydər Əliyev toplantıların birində üzünü şair Süleyman Rüstəmə tutaraq söyləyir ki, get, İraqın Bakıdakı konsulunun xirtdəyindən tut və de, Füzuli mənim mənliyimdir, varlığımdır, qorxma, mən nə qədər varam sizə heç kim bir söz deyə bilməz. Buna bənzər sözləri yazıçı Mirzə İbrahimova da deyir. Belə mövqe təkcə ədəbi-tarixi irsin mühafizəsinə qayğı deyil, eyni zamanda şair, yazıçı, jurnalist və alimlərə qorxmadan yazıb-yaratmağa bir işarə idi.
Heydər Əliyevin Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilməsi və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin edilməsi ilə həyat və fəaliyyətinin Moskva mərhələsi başlayır. Azərbaycanlı, müsəlman olan Heydər Əliyevin Moskvada rəhbər vəzifələrə gətirilməsi, dünyanı lərzəyə salan sovet imperiyasını idarə edən şəxslərdən biri olması, dövlət idarəçilik bacarığı, yüksək intellektual səviyyəsi, Kreml rəhbərliyinin Əfqanıstana hərbi müdaxilədən sonra ölkənin müsəlman dünyasında itirilmiş nüfuzunu bərpa etmək niyyətləri ilə bağlı idi. Mərkəzdə belə hesab edirdilər ki, Sov.İKP MK Siyasi Bürosunda Qazaxıstandan Dinmühəmməd Kunayev və Özbəkistandan Şərəf Rəşidov bəlli səbəblərdən bu vəzifələri yerinə yetirə bilmirlər. Həmin işlərin öhdəsindən müsəlman Şərqini dərindən bilən, xalqları və ölkələrinin rəhbərləri tərəfindən qəbul olunan, yüksək hörmət sahibi yalnız Heydər Əliyev gələ bilərdi. Xarici ölkə tarixçilərinin yazdığı kimi, mərkəz üçün Heydər Əliyev sovet dövlət, partiya xadimi, müsəlman Şərqi xalqları və liderləri üçün Heydər, Əli, Əlizadə idi. Heydər Əliyevin Moskvaya işləməyə aparılmasının digər bir səbəbi də var idi. Xarici tədqiqatçılar qeyd edirlər ki, Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycanın müstəqilliyə tam hazırlandığı, yalnız onun formal olaraq elan edilməsinin qaldığı qənaətinə gələn mərkəz prosesin qarşısını acı nəticələri ola biləcəyindən vəzifədən çıxarmaqla deyil, Moskvada daha sərt nəzarət altında saxlamaqda görürdü. Həmin səbəblərə görə, Heydər Əliyev Moskvada yüksək vəzifələrə gətirildi. Heydər Əliyev Azərbaycan xalqının müstəqilliyi düşüncəsi ilə yaşayır və fəaliyyət göstərirdi. Sonralar çıxışlarının birində Heydər Əliyev deyirdi: "Doğrudur, 22 il bundan öncə biz bilmirdik ki, Azərbaycan müstəqil dövlət olacaqdır. Lakin mən o vaxt Azərbaycanın müstəqilliyi fikri ilə yaşayırdım". Heydər Əliyevdən sonra hakimiyyətə gələn Azərbaycan rəhbərləri respublikanın gücləndirilməsi xəttini davam etdirə bilmədilər. Hər şey geriyə getdi.
Mərkəzdə işləyən Heydər Əliyevin fikrincə, müsəlman Şərqində sovet dövlətinin nüfuzunu artırmaq və xalqları üçün cəlbedici etməkdən ötrü SSRİ-nin müsəlman respublikalarının sosial-iqtisadi, mədəni inkişafına xüsusi diqqət yetirilməli idi. Bununla da o, SSRİ-nin türk, müsəlman xalqlarının maraqlarını qoruyan lider səviyyəsinə yüksəlirdi. Lakin hakimiyyətə gələn Mixail Qorbaçov fərqli düşünürdü. Onun fikrincə, türk, müsəlman respublikaları Leonid Brejnevin hakimiyyəti illərində xeyli irəli getmişdilər və dövlət müstəqilliklərini elan etməyə hazır idilər. Bundan çıxış yolu kimi onların ölkə rəhbərliyindəki xadimlərinə etinasızlıq göstərərək vəzifələrindən uzaqlaşdırdı, xalqlarını isə cəzalandırmaq yolunu tutdu. Sov.İKP MK-nın 1987-ci ilin oktyabr plenumunda Heydər Əliyev vəzifələrindən çıxarıldıqdan az sonra Ermənistan Azərbaycana qarşı əsassız iddialar irəli sürərək daxili işlərinə kobud şəkildə qarışmağa başladı. Ermənistanda əzəli, dədə-baba torpaqlarında yaşayan azərbaycanlılar vəhşicəsinə qovularaq qaçqına çevrildilər, tarix və mədəniyyət abidələri dağıdıldı. Bunların qarşısını almaq iqtidarında olmayan hakimiyyət Azərbaycanı böhrana düşürdü. Bir-birini əvəz edən rəhbərlər vəziyyəti düzəldə bilmədilər. Respublikada qarışıqlıq yarandı, dövlət və hökumət strukturları iflic hala düşdülər.
Azərbaycanı haqsız yerə cəzalandıran sovet rəhbərliyi, tərkibinə ehtiyatda olan ermənilərin də cəlb edildiyi qoşun hissələri ilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda dinc əhaliyə qarşı kütləvi qırğın törətdi. Moskvada təhlükəsizliklərinin təmin edilməməsinə baxmayaraq, bu qanlı hadisədən sonra Heydər Əliyev ailə üzvlərilə birlikdə Azərbaycanın daimi nümayəndəliyinə gəlib bəyanat verərək 20 yanvar qətliamını törədənləri ittiham etdi, ən ağır zamanda xalqının yanında oldu. Bu qətiyyətli davranışı Heydər Əliyevi gələcək siyasi və milli dövlətçilik fəaliyyətində zirvəyə aparan yolun başlanğıcı, yeni şəraitdə Ümummilli liderlik üçün ilk addım idi. Həyatında dönüş anı olan 20 yanvar hadisəsindən sonra mərkəz ilə yolunun bir olmadığı qənaətinə gələn Azərbaycan xalqı dövlət müstəqilliyini bərpa etmək xəttini götürdü. Bu xəttin önündə Heydər Əliyev gedirdi.
Moskvada sərt nəzarət və təqiblər altında yaşamağın mümkün olmadığını görən Heydər Əliyev Azərbaycana gəlsə də, uzun illər boyu respublikaya başçılıq etməsinə baxmayaraq, yaşamağa mənzili olmadığından və yerli rəhbərlər də onun Bakıda qardaşının evində qalmasına razılıq vermədiklərindən, doğulduğu Naxçıvana getdi. Bir müddət sonra Heydər Əliyevin bəyanat verərək Kommunist Partiyasının sıralarından istefa etməsi bu ideologiyanın iflasında təsirli rol oynayan amillərdən biri oldu. Minlərlə insan ondan nümunə götürərək partiya biletindən imtina etdi. SSRİ-nin ideoloji əsası olan Kommunist Partiyası dağıldı.
Heydər Əliyevin 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və bir müddət sonra isə Sədri seçilməsi ilə həyat və fəaliyyətinin yeni bir mərhələsi başlandı. Hələ sovet sisteminin və SSRİ-nin mövcud olmasına baxmayaraq, ağsaqqal deputat kimi sədrliyi altında Naxçıvanda Ali Sovetin ilk sessiya iclasında sovet artibutlarından imtina olundu, muxtar respublikanın adından sovet sosialist ifadələri çıxarıldı, Ali Sovet Ali Məclis adlandırıldı. Sovet dövlətinin düşmən sayaraq inkar etdiyi cümhuriyyətin üçrəngli bayrağı ilk dəfə olaraq Naxçıvanda rəsmi olaraq dövlət bayrağı kimi qəbul edildi və Azərbaycan rəhbərliyinə yeni atributları qəbul etmək tövsiyə olundu. Naxçıvan müasir müstəqil Azərbaycan milli dövlətçiliyinin bərpasının onurğa sütunu oldu. Bu qərar müasir Azərbaycan tarixinin ən vacib hadisələrindən və Heydər Əliyevin millət qarşısında böyük xidmətlərindən biri olmaqla onun zamanın fövqündə dayandığını, zamandan uca olduğunu göstərdi.
Naxçıvanda fəaliyyət göstərən Heydər Əliyev dünya azərbaycanlılarının birliyindən ötrü qəbul edilən qərarların təşəbbüskarı oldu. Məlum olduğu kimi, Azadlıq meydanında keçirilən mitinqlərin xarakterini dəyişdirərək ona islam fundamentalizmi damğası vurmaq məqsədilə sovet rəhbərliyinin tapşırıqlarına əsasən, DTK İran İslam Respublikasının bayraqlarını göndərirdi. Bir müddət sonra SSRİ-İran sərhədinin Naxçıvan hissəsində tikanlı məftillərin sökülməsi də həmin niyyətlərə yönəlmişdi və millətimizin üstünə atılan ləkə idi. Lakin Heydər Əliyev bu çirkabı millətin üstündən sildi. 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsinə nail olmaqla, bütün azərbaycanlıları tək bayraq, tək dövlət, tək vətəndə birləşdirdi.
Heydər Əliyev Azərbaycan parlamentinin deputatı kimi bütün çıxışlarında dövlət müstəqilliyinin bərpası uğrunda ardıcıl mövqe ortaya qoydu. Azərbaycan xalqının gələcəyini dövlət müstəqilliyində gördü. Dövlət müstəqilliyinin bərpası haqqında konstitusiya aktına səs verdi.
SSRİ dağıldıqdan sonra Azərbaycan xalqı və dövlətinin qarşısında dayanan vəzifələri - dövlət müstəqilliyini tanıtmaq və qorumaq; ölkənin inkişafının açarını tapmaq; Ermənistanın təcavüzünə son qoymaq; diktaturadan demokratiyaya, planlı təsərrüfatdan azad bazar iqtisadiyyatına keçmək və s. - bir-birini əvəz edən ölkə rəhbərləri yerinə yetirə bilmədilər. Hakimiyyət ilə xalq arasında uçurum, hakimiyyətin qanadları arasında ziddiyyətlər dərinləşdi. Ölkənin daxili və xarici siyasəti ağır vəziyyətə düşərək dalana dirəndi, ümumi böhran yarandı. Ermənistanın təcavüzü genişlənərkən Gəncədə hərbi hissədə baş verən qiyam yatırılmadığından hakimiyyət ölkədəki proseslər üzərində nəzarəti tamamilə itirdi. Azərbaycanın şimalı və cənubunda xarici düşmən qüvvələr tərəfindən dəstəklənən separatçılıq artdı, ölkə parçalanmaq, xalq vətəndaş müharibəsi, dövlət müstəqilliyi itirilmək təhlükəsi qarşısında qaldı. Yaranmış ağır şəraitdə vəzifədə olanlar bir-birinin ardınca istefa verərək məsuliyyətdən yaxa qurtarmaq yolunu tutdular, bəziləri vəzifələrini "dondurdular", bəziləri isə qaçıb gizləndilər. Bu, Azərbaycan dövlətçiliyi tarixində pis bir an, utancverici səhifə idi. Sabaha ümidinin olmadığı xalq nicat yolu axtarır və sual edirdi: nə etməli? Ölkəni ağır şəraitdən kim çıxara bilər?
Xalqın qəti inamına görə yalnız Heydər Əliyev Azərbaycan dövlətini dağılmaqdan, ümumi böhrandan, mənəvi-psixoloji böhrandan çıxara, Ermənistanın hərbi təcavüzünü dayandıra, ölkəni fəlakətə salmış bərbad xarici siyasət fəaliyyətini yeni əsaslar üzərində qura bilərdi. Heydər Əliyevə olan bu inam 70-ci illərdə respublika rəhbəri, SSRİ-ni idarə edən şəxslərdən biri və Naxçıvan Muxtar Respublikasının başçısı kimi gördüyü işlərdən qaynaqlanırdı. Ona görə də Naxçıvana - Heydər Əliyevə müraciət etdi.
Çarəsiz qalan ölkə rəhbərliyi xalqın tələbləri əsasında və konstitusiyaya uyğun olaraq Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldu. Qiyamın baş verdiyi Gəncəyə gedib-qayıtdıqdan sonra parlament sədri seçilən, bir müddət sonra ölkə prezidentinin səlahiyyətlərini həyata keçirən Heydər Əliyevin qarşısında daxili siyasət sahəsində bir sıra ağır vəzifələrin həll edilməsi dayanırdı: müstəqilliyi qorumaq, ölkəni dağılmaqdan, xaricdən dəstəklənən separatçılıqdan xilas etmək; milli birliyi qurmaq; hakimiyyətin qanadları arasında yekdillik yaratmaq; xalq ilə hakimiyyət arasında uçurumu, inamsızlığı aradan qaldırmaq; iflic olmuş dövlət orqanlarını işlək hala gətirmək; dövlətin əlində olması gərəkərkən silahları ələ keçirərək ölkədə kriminogen şərait yaradan ayrı-ayrı cinayətkar dəstələri tərksilah, insanların sakit və təhlükəsiz yaşayışını təmin etmək; xalqı ağır sosial-iqtisadi vəziyyətdən çıxarmaqdan, ölkəni irəli aparmaqdan, güclü dövlət qurmaqdan ötrü etibarlı açarı tapmaq; köhnə sosializm sisteminin qalıqlarından imtina edərək uğurlu islahatlar aparmaq və s.
Azərbaycanın xarici siyasətinin qarşısında dayanan başlıca vəzifələr isə dövləti dağılmaqdan qurtarmaq; Ermənistanın davam edən hərbi təcavüzünü dayandırmaq; ölkəni fəlakət həddinə gətirən, Azərbaycan xalqı və dövlətinə düşmənlər qazandıran təkqütblü xarici siyasət xəttindən imtina etmək; ölkə daxilində dövlət quruculuğu üçün əlverişli beynəlxalq şərait yaratmaq və s. idi. Bütün bunları bir dövlət xadiminin həll etməsi xeyli mürəkkəb və çətin bir iş olsa da, Heydər Əliyev Bakıya gələn kimi yeni liderlik keyfiyyətini ortaya qoydu, ölkənin problemlərinin həllində yalnız xalqa arxalandı. Separatçılıq xalqın iradəsi ilə topsuz-tüfəngsiz dəfn edildi.
Təcavüzkar Ermənistanın Azərbaycan ərazilərini bir-birinin ardınca işğal etməsi ölkənin inkişafına maneə olan başlıca amil idi. Heydər Əliyev ya sonu görünməyən və nəticəsi bilinməyən müharibəni davam etdirməli, ya da atəşkəsə nail olub fasilə qazanmalı, dövləti qurmalı, möhkəmləndirməli, torpaqları işğaldan azad etməkdən ötrü möhkəm zəmin hazırlamalı idi. İlk növbədə düşmənə zərbə vurmaq qərara alındı. Uğurlu Horadiz əməliyyatı ilə düşmənə ağır zərbə vuruldu, ərazilərin bir qismi azad edildi. Bundan sonra atəşkəs yolunu seçən Heydər Əliyev dövlət idarəetməsini iflic halına, xalqı mənəvi-psixoloji böhrana salan, maliyyə və iqtisadi ehtiyatlarını udan hərbi əməliyyatları dayandırdı. Bununla Heydər Əliyev göstərdi ki, ərazilərin işğal altında qalması ilə heç cür barışmayacaq, onu bütün vasitələrlə azad edəcəkdir.
Atəşkəsə gedilməsi Azərbaycana üstünlüklər qazandırdı, bir sıra məsələləri həll etməyə imkan verdi, ən başlıcası, xarici sərmayənin gəlməsinə şərait yaratdı. Atəşkəsə gedən Ermənistan işğalı "oldu-bitdi" kimi qələmə vermək, danışıqlar prosesini uzatmaq məqsədi güdürdü. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan qələbə Heydər Əliyevin zamandan uca olduğunu, strategiyasının Ermənistan, dünya erməniliyi, onların havadarları üzərində qələbə qazandığını və üstünlüyünü göstərdi.
Heydər Əliyevin qəti iradəsi nəticəsində 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanaraq həyata keçirilməyə başlanması ilə bir-birilə didişən, geosiyasi və geoiqtisadi maraqları uğrunda amansız mübarizə aparan dövlətlər ilk dəfə olaraq Azərbaycanda konsorsium yaratdılar. Azərbaycan özündən ərazicə böyük, əhalisinin sayı çox olan iri dövlətləri bir araya gətirdi, ayırıcı deyil, birləşdirici rol oynadı. Bu, Heydər Əliyevin təkcə Azərbaycan milləti və dövləti deyil, dünya siyasəti qarşısında müstəsna tarixi xidmətlərindən biri idi.
"Əsrin müqaviləsi" imzalandıqdan sonra baş verən dövlət çevrilişi və qiyam cəhdlərinin qarşısının alınmasında Heydər Əliyev qətiyyəti özünü aydın şəkildə göstərdi. 1994-cü ilin oktyabrında dövlət çevrilişi, 1995-ci ilin martında isə dövlət əleyhinə qiyam cəhdləri məhz onun yenilməz iradəsi, qətiyyəti və siyasi bacarığı sayəsində iflasa uğradıldı. Millət qanuni hakimiyyəti müdafiə etdi. Qanunsuz hərəkətlərin qarşısının alınmasının ibrətamiz tarixi dərsləri oldu. Heydər Əliyev qəti şəkildə göstərdi ki, Azərbaycan çevrilişlər üçün sınaq meydanı deyildir, güclü dövlət vardır, silahlı yolla hakimiyyətə gəlmək yolverilməzdir. Bu, digər bir mühüm məsələnin həllinə kömək etdi. O zamana qədər sabitlik və sabaha ümidlər olmadığından Azərbaycana borc verməyən xarici ölkələr və donor təşkilatlarının mövqeyində dəyişiklik baş verdi. Neft strategiyası ölkənin inkişafının, güclü dövlət qurmağın və millətin daha yaxşı yaşayışını təmin etməyin açarı oldu. Azad bazar iqtisadiyyatına keçmək, demokratik inkişaf üçün islahatlar aparıldı, çoxpartiyalı sistemin əsasları möhkəmləndirildi. Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu sahəsində tədbirlər həyata keçirildi. Ən başlıcası, Azərbaycanda təməlləri möhkəm olan, güclü dövlətçilik ənənəsinin və dərin dövlətin əsası qoyuldu.
Milli-dövlət maraqlarına cavab verməyən uğursuz xarici siyasət xəttindən imtina edən Heydər Əliyev çevikliyə və manevrlərə imkan verən tarazlaşdırılmış, çoxqütblü xarici siyasət xəttini dövlətin beynəlxalq fəaliyyətinə gətirdi. Uğurlu xarici siyasət fəaliyyəti bir sıra daxili problemlərin həllinə kömək etdi.
Prezident vəzifəsində Heydər Əliyev ilk rəsmi xarici səfərini Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə de-fakto tanındığı və erməni lobbisinin güclü olduğu Fransaya edərək göstərdi ki, Azərbaycan demokratiya yolu tutub, Avropa ailəsinin üzvüdür, dövlət müstəqilliyi daimi, əbədi və sarsılmazdır, bu yoldan dönməyəcəkdir, Azərbaycan dövləti heç bir ölkənin və ölkələr qrupunun deyil, yalnız öz maraqlarının yanındadır, erməni lobbisinin, havadarlarının fitnələrinə qarşı tutarlı cavab veriləcəkdir. Bu, Heydər Əliyevin məharətli diplomatiyasının bir nümunəsi idi.
Azərbaycanın qonşu dövlətlərlə münasibətlərini nizama salmaq üçün addımlar atan Heydər Əliyev İran və Rusiya ilə mehriban qonşuluğu tədricən bərqərar etdi. Türkiyə və Gürcüstan ilə strateji münasibətlər xətti seçildi. Azərbaycanın mehriban qonşuları, ticarət ortaqları, strateji tərəfdaşları və strateji müttəfiqləri müəyyənləşdirildi. Azərbaycanın milli dövlət maraqları hər şeydən üstün tutuldu.
Neft strategiyasını uğurla reallaşdıran Heydər Əliyev ölkənin təbii sərvətlərini milli sərvətə çevirdi. Təkcə iqtisadi deyil, böyük strateji əhəmiyyət daşıyan çoxşaxəli neft və qaz kəmərləri inşa edilməyə başlandı. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri Azərbaycanın müstəqillik kəməri oldu. Neftin ixracında hər hansı bir dövlətdən asılılığa son qoyuldu. Azərbaycanın neft strategiyası Orta Asiyanın yeni müstəqil dövlətlərinin də dünyaya çıxışında müstəsna rol oynadı. Heydər Əliyev həmin dövlətlərin müstəqilliklərinin möhkəmlənməsinə kömək etdi. Əsas ixrac neft boru kəmərinin Türkiyə ərazisindən keçirilməsində israr edən, 1997-ci ilin iyul-avqust aylarında ABŞ-a səfəri zamanı Prezident Bill Klintona "mən tacir deyiləm, siyasətçiyəm, boru kəməri Türkiyə ərazisindən keçməlidir" deyən Heydər Əliyev istəyinə nail olaraq neftin tranzitinin açarını qardaş Türkiyəyə verməklə dünya siyasətində rolunu artırdı, mövqelərini möhkəmləndirdi. Bu gün Türkiyənin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib yer tutması, G-20-nin cərgəsində olması həmin siyasətin nəticəsidir. Davam edən Rusiya-Ukrayna müharibəsinin yaratdığı şərait baxımından da yanaşılarsa, təkcə şimal boru kəməri fəaliyyət göstərərdisə, Avropa ölkələrinin və Azərbaycanın indi hansı ağır vəziyyətə düşəcəyini təsəvvür etmək çətin deyildir. Bu fakt da Heydər Əliyevin zamanın fövqündə dayanan strateq olduğunu təsdiq edir. Tarixi İpək yolu bərpa edildi. Azərbaycan tranzit ölkəyə çevrildi. Heydər Əliyev Cənubi Qafqazın və Mərkəzi Asiyanın geosiyasətinin dəyişməsində türk dünyası qarşısında müstəsna rol oynayan dövlət və siyasi xadim oldu.
Heydər Əliyevin fəaliyyətindən alınacaq ibrət dərsləri çoxdur. Keçilən yolun və fəaliyyətin tarixi təcrübəsi göstərir ki, hansı sistem və ideologiya şəraitində fəaliyyət göstərməsindən asılı olmayaraq, Heydər Əliyevin başlıca hədəfi xalqın müstəqil yaşaması olub.
Ötən illər sübut edir ki, Azərbaycan millətinin inkişafının təməlində sabitlik, güclü dövlət və qüdrətli dövlət rəhbəri amilləri dayanır. Hədəflərinə çatmaq istəyən millət daim dövlətinin yanında olmalı, onu qorumalı və milli-dövlət maraqlarını hər şeydən uca tutmalıdır. Heydər Əliyevin əsasını qoyduğu siyasətin alternativi yoxdur.
Musa Qasımlı
“Azərbaycan” qəzeti