Heydər Əliyevin 100 illik tədbirləri və gənc nəslin formalaşması...
“Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”. Müstəqil Azərbaycanın gənclər siyasətinin əsasını qoyan ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyi barədə söylədiyi bu dəyərli fikir onun gənc nəslə verdiyi qiymətin ən yüksək nümunələrindən biridir.
Heydər Əliyev gənclərə inandığı kimi, gənclər də hər zaman onun yolu ilə gedib, onun əmanətlərinə sahib çıxıb. Azərbaycan gəncliyi ötən illər ərzində sübut etdi ki, H.Əliyevin ideyalarına tamamilə sadiqdir.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev ili” elan olunub və ölkəmizin hər yerində ümummilli liderin 100 illiyi ilə bağlı yubiley tədbirləri keçirilir. Azərbaycanda gənclər siyasətinin banisi olan Heydər Əliyevin yüz illiyi çərçivəsində keçirilən tədbirlərin hər birində onun nümunəvi, möhtəşəm həyatı, xalqı və dövləti qarşısında həyata keçirdiyi əzəmətli fəaliyyəti xatırlanır. Gəncliyə örnək olan həyat yaşayan H.Əliyevin fəaliyyəti də gənclərə gerçək bir nümunədir.
Siyasi ekspertlər vurğulayırlar ki, gənclər siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində gənclərin iştirakı, gənclər təşkilatlarına, gənc ailələrə dövlət yardımı, gənclərin məşğulluğunun təmin edilməsi, sağlamlığının qorunması və fiziki inkişafı, istedadlı gənclərə dövlət qayğısı, gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı kimi prinsiplər əsas tutulur. Bu məqsədlə ölkəmizdə bu sahədə silsilə addımlar atıldı. Dövlət gənclər siyasətinin həyata keçirilməsinin hüquqi əsasları təsis olundu. “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”,- deyən ulu öndər Gənclər və İdman Nazirliyinin əsasını qoydu. Bu siyasi dövlət institutu qısa vaxtda gənclər siyasətinin əsas konturlarını müəyyənləşdirdi və reallaşdırmağa başladı.
Heydər Əliyevin 100 illiyi və Azərbaycan gəncliyi...
Ulu öndərin anadan olmasının 100-cü ildönümü münasibəti ilə müxtəlif müsabiqələr, tədbirlər keçirilir, elmi-praktik tədbirlər təşkil edilir. 2023-cü il “Heydər Əliyev İli” elan edildiyi üçün bütün təşkilatlar ulu öndərin yüz illiyinə töhfə verirlər. Bu ilin mayında Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “Azərbaycan deyəndə...” Gənclər Konfransının açılış mərasimi keçirildi. Bu gün Heydər Əliyevin ideyalarının gənc nəsil tərəfindən daşındığını deyən ekspertlər qeyd edir ki, müasir gəncliyimiz H.Əliyev irsinə sahib çıxmağı bacarıb. Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Heydər Əliyev – 100: Böyük ömrün dastanı” layihəsi çərçivəsində gənclərlə keçirilən görüş də diqqətdən kənarda qalmayıb. Mətbuatdan məlum olduğu kimi, görüş bir müddət əvvəl 132-134 nömrəli təhsil kompleksində “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub. Ekspertlər qeyd edir ki, ulu öndər həyatının bütün mərhələlərində daim Azərbaycanın inkişaf və tərəqqisi naminə çalışıb. Ekspertlərə görə, ulu öndərin gənclər sahəsinə olan diqqəti bu sahənin inkişafını şərtləndirən əsas amillərdən biri idi. Ölkəmizdə gənclərin sağlam, vətənpərvər, rəqabətədavamlı və milli ruhda inkişafını özünün əsas istiqaməti olaraq müəyyənləşdirən “İrəli” İctimai Birliyi də bu sahədə fəaliyyəti ilə dövlət gənclər siyasətinə töhfələr verməkdədir. Təşkilat tərəfindən “Heydər Əliyev İli” çərçivəsində paytaxt və bölgələrimizdə bir sıra tədbir və layihələrin icra olduğu bildirən Şahin Rəhmanlı vurğulayıb ki, bu kimi tədbirlərin icrası ilboyu davam etdiriləcək.
“Yubiley tədbirləri gənclərə ulu öndəri daha yaxından tanıdır”
“Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli bizimlə söhbətində qeyd etdi ki, Heydər Əliyevin yüz illiyi ilə bağlı keçirilən bütün tədbirlərin məqsədi ulu öndərin ideyalarını yaşatmaq, gənc nəsilə ötürmək və onun örnək həyatını gəncliyə sevdirməkdir. H.Əliyev ideyalarının daim yaşadığını deyən F.Hacıbəyli bildirdi ki, müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar rayonlarda, kəndlərdə, şəhərlərdə və paytaxtda müxtəlif istiqamətdə keçirilən tədbirlərdə H.Əliyevin gənclərə örnək olan vətənpərvərliyi də geniş təbliğ edilir. “Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı ən müxtəlif təşkilatlar tərəfindən tədbirlər keçirilir və bu tədbirlərin hər birnin öz missiyası var. Dövlət gənclər siyasətinin əsasını ulu öndər qoyub. Bilirik ki, Azərbaycan gəncliyi bu uğurlu siyasətinin əsasını qoymuş Heydər Əliyevin xairəsini daim ehtiramla yad edirlər və onun mirasını qoruyurlar. Azərbaycan gənclərinin, gənclər təşkilatlarının təşkilatçılığı ilə ulu öndərin yüz illiyi ilə bağlı keçirilən tədbirlərdə onu görürük ki, gənclər ulu öndərin ideyalarına çox bağlıdır. Heydər Əliyevin yubiley tədbirləri gənclərə ulu öndəri daha yaxından tanıdır. Gənclərimiz fəxr edirlər ki, onlar Heydər Əliyev ideyalarının yorulmaz davamçılarıdır. Elə bir sahə yoxdur ki, orada ulu öndərin işıqlı əməllərinin nişanəsi olmasın. Xalqımızın ümummilli liderinin örnək həyatı gənclərimiz üçün bir mayakdır”-deyə F.Hacıbəyli vurğuladı.
İradə Sarıyeva
“Bakı xəbər”