11 aprel, 2023
Paylaş:

HEYDƏR ƏLİYEV VƏTƏNƏ həsr olunmuş ömür(əvvəli)

Cəmiyyətin inkişafının müxtəlif mərhələlərində elə fenomenal şəxsiyyətlər yetişir ki, onlar öz xalqının və ya bir neçə xalqın taleyini dəyişdirə bilirlər. Bəşəriyyətin inkişafı dövründə əqli, enerjisi ilə seçilən kifayət qədər şəxslər mövcud olmuşdur.

Bunlardan H.Y.Sezar, Makedoniyalı İsgəndər, Siseron, Herodot, Nastrodamus, Napoleon, Şah İsmayıl Xətai, Babək, Nizami, Nəsimi, Heyne, Höte, De Qoll, Çörçill, Ruzvelt, Atatürk, Den Syaopin, Ç.Neru, M.Qandi, K.Adenauer və digərlərinin adlarını çəkmək olar. XX əsrin yetişdirdiyi dahi şəxsiyyətlər sırasında Azərbaycan xalqının dahi lideri Heydər Əlirza oğlu Əliyevin adını fəxrlə çəkmək olar.

Heydər Əliyev haqqında çox deyilib, çox yazılıb. Lakin bunların hamısını dənizdə bir damla adlandırsaq, səhv etmərik. Zaman belə insanları zərurət yarandıqda yetişdirir və onların fəaliyyəti məhz bəşəriyyətin inkişafına yönəlir. Heydər Əliyev bütün həyatını xalqına, onun inkişafına və rifahının yüksəldilməsinə həsr edib.

Ulu öndər xalqının ən çətin məqamlarında cavabdehliyi öz üzərinə götürərək bütün problemləri həll etməyə nail olmuşdur. Xalqına arxalanan Heydər Əliyev millətini inamla irəli aparmış, onu səriştəsiz liderlərin saldığı çətin vəziyyətdən çıxara bilmişdi. Heydər Əliyev kimi şəxslər haqqında deyilən bir fikri vurğulamağı özümə borc bilirəm: "Dayaq nöqtəsi verin, o bütün Yer kürəsini çevirsin".

Heydər Əliyev siyasi fəaliyyətə ilk dəfə 1969-cu ildə başlamışdır. O dövrdə dünyanın ən qüdrətli dövlətlərindən olan SSRİ-də cəmiyyət üzərində eksperimentlərin keçirildiyini və bunun nəticəsi olaraq cəmiyyətin daha dərin və geniş miqyasda deqradasiyaya uğramasını vurğulamaq zəruridir. Bu prosesdən Azərbaycan da kənarda qalmadı. Belə çətin məqamda Heydər Əliyev Azərbaycanda siyasi arenaya qədəm qoydu və xalqının bütün çətinliklərini boynuna götürməkdən çəkinmədi. Çünki Vətəninin, xalqının taleyi onun üçün hər şeydən üstün idi. Elə buna görə də o, xalqına xidmət etməyi ən ali məqsəd kimi qarşısına qoydu, xalqını irəliyə aparmaq üçün özündə güc tapdı.

1969-cu ilin avqustunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda Heydər Əliyevin çıxışı sovetlər birliyini kökündən silkələdi. Onun fikirləri təkcə Azərbaycanda deyil, sovetlər birliyinin ən ucqar yerlərində də bəyənildi. Məhz 1970-80-ci illərdə - Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdə Azərbaycan dünya ictimaiyyətinin diqqət mərkəzində oldu. Vyetnamın, Çinin, Misirin, Perunun, Portuqaliyanın, Almaniyanın, Finlandiyanın, Əlcəzairin və digər dövlət rəhbərlərinin ölkəmizə səfərləri məhz həmin dövrə təsadüf edirdi. Təsadüfi deyil ki, Heydər Əliyevin dahiliyi sovetlər birliyinin rəhbəri L.İ.Brejnevin üç dəfə Azərbaycana səfərə gəlməsinə şərait yaratdı. Bu səfərlər qısa zaman kəsiyində durğunluğun məngənəsindən yaxa qurtarmış Azərbaycan xalqının mənliyini, qürurunu bütün dünyaya nümayiş etdirdi.

Azərbaycan xalqının, onun layiqli övladı Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə Azərbaycan tikinti meydançasına çevrildi. Ölkəmizdə yüzlərlə məktəb, uşaq bağçası, xəstəxana, muzey, teatr, zavod və fabrik tikilməyə başladı. Bakıda, Gəncədə, Sumqayıtda, Mingəçevirdə, Əli Bayramlıda, Şamaxıda, Lənkəranda, Astarada, Şəkidə, Qazaxda, Zaqatalada, Salyanda nəhəng müəssisələrin əsası qoyuldu. Azərbaycan xalqının yetişdirdiyi istedadlı şəxsiyyətlər, sənət ustaları, elm xadimləri, mədəniyyət adamları dünyada tanınmağa başladı. Bunlardan Q.Qarayevin, F.Əmirovun, Niyazinin, T.Salahovun, T.Nərimanbəyovun, R.Behbudovun, M.Maqomayevin, A.Məlikovun və digərlərinin adlarını çəkmək olar. Azərbaycan Heydər Əliyevin simasında SSRİ-ni dünyanın bir çox ölkələrində - Meksikada, Bolqarıstanda, Efiopiyada, Vyetnamda, Fransada, Almaniyada, Kubada, Asiya, Afrika, Avropa və Amerika ölkələrində təmsil etməyə başladı.

Heydər Əliyev xalqa yaxın olmaq, onun vacib problemlərini bilmək, bunları həll etmək üçün sadə insanlarla ünsiyyəti nəzərdə tutan və "cümə günləri" adlanan tədbirləri həyata keçirməyə başladı. Həmin günlərdə respublikanın bütün strukturlarının rəhbərləri xalqın nümayəndələri ilə görüşür, onların problemləri ilə maraqlanır, bacardığı yardımı göstərməyə çalışırdılar. Görüşlər məktəblərdə, poliklinikalarda, ali məktəblərdə, zavod və fabriklərdə keçirilirdi. Sadə insanlar rəhbər şəxslərlə tam bərabər səviyyədə söhbət edir, onları maraqlandıran bütün sualları verirdilər. İnsanların həyatında baş verən dəyişikliklər, onların problemləri həmişə Heydər Əliyevin diqqət mərkəzində olurdu. Bu görüşlər bir neçə saat davam edirdi; adətən saat 14:00-dan 19:00-a qədər. Bu zaman heç bir formallığa, rəsmiyyətə, qabaqcadan planlaşdırılmış tədbirlərə yol verilmirdi. Məsələn, zavodda olanda, Heydər Əliyev ilk bir neçə saat ərzində sexləri gəzir, fəhlələrin iş şəraiti ilə tanış olur, onlarla söhbət edirdi. Bundan sonra hamı birlikdə bir otağa yığışır, işçilər ona saatlarla sual verir, o isə məmnuniyyətlə sualları cavablandırırdı. Burada maraqlı bir hadisəni yada salmaq yerinə düşər. Bir dəfə Bakının quru transformatorlar zavodunda görüş keçirilirdi. Qeyd edim ki, zavodun sexləri bir-birindən kifayət qədər aralı məsafədə yerləşirdi və həmin gün güclü yağış yağırdı. Heydər Əliyev üç saat ərzində sexləri gəzdikdən və fəhlələrlə söhbət etdikdən sonra zavodun klubuna yığışmış kollektivlə görüşə getdi. Ümummilli lider yağışın altında tamamilə islanmışdı və biz ona çay içməyi təklif etdik. O isə belə cavab verdi: "Sən zalda olanlara da çay ver, əgər versən, mən də içəcəm". Təəssüf ki, biz bunu edə bilməzdik. Çünki zalda beş yüzdən artıq adam vardı. Görüş isə daha bir neçə saat davam etdi.

Dahi lider hər yerdə, hər zaman həqiqəti və səmimiyyəti yüksək qiymətləndirirdi. Xatırlayıram ki, Bakının keçmiş Əzizbəyov rayonundakı müəssisələrdən birinin yoluna Heydər Əliyevin oraya gəlişindən bir qədər əvvəl asfalt döşənmiş, küçə işıqları düzülmüşdü. Bunu dərhal hiss edən Heydər Əliyev rayon rəhbərliyinə ciddi xəbərdarlıq edərək onun səfərlərinə görə yox, sadə zəhmət adamlarının əziyyət çəkməsinə imkan verməmək üçün abadlıq işləri aparmağı tövsiyə etdi.

Heydər Əliyev hər il ali məktəblərə daxil olan tələbələr və onların valideynləri ilə görüşlər keçirirdi. Həmin illərdə ali məktəblərə qəbulla bağlı kifayət qədər neqativ hallar var idi, belə hallara son qoymaq üçün Heydər Əliyev şəxsən qəbul imtahanları günü imtahanların gedişinə nəzarət edir, tələbələr və onların valideynləri ilə görüşürdü. Burada başqa bir epizodu qeyd etmək yerinə düşər. Hadisə Azərbaycan Dövlət Neft Akademiyasında (İndiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) baş vermişdi. Heydər Əliyev akademiyanın binasından çıxanda sinəsində "Şöhrət" və "Vətən müharibəsi" ordeni olan bir nəfər Heydər Əliyevə yaxınlaşaraq dedi: "Əziz birinci katib, mən müharibə veteranıyam. Bu gün buraya nəvəmin qəbul imtahanları verməsi ilə bağlı gəlmişəm. Ümidvaram ki, o, müvəffəqiyyətlə imtahan verəcək", - demişdi. Heydər Əliyev isə ondan soruşmuşdu: "Sizdə bu əminlik haradandır ki, nəvəniz mütləq ali məktəbə daxil olacaq?". Müharibə veteranı: "Bu əminliyi bizə siz vermisiniz. Biz ədalətə inanırıq. Əgər imtahanları verə bilməsə, demək, hələ hazır deyil". Həmin abituriyent həqiqətən də qəbul imtahanlarını müvəffəqiyyətlə verib, bir neçə ildən sonra akademiyanı bitirərək neft sahəsində aparıcı mütəxəssislərdən biri oldu.

70-ci illərdə Heydər Əliyev ilk növbədə cəmiyyətdə artıq vərdişə çevrilmiş halların aradan qaldırılması üçün mübarizəni ön plana çəkmişdi. Belə hallara ali məktəblərə qəbul praktikasını, hüquq-mühafizə orqanlarına işə qəbulu, rəhbər kadrların seçilməsini və s. göstərmək olardı.

Hüquq-mühafizə orqanlarında kasta sistemini aradan qaldırmaq üçün Heydər Əliyevin göstərişi ilə Bakı Dövlət Universitetinə bir neçə illiyə Daxili İşlər Nazirliyi, prokurorluq, Ədliyyə Nazirliyi və s. orqanların rəhbər işçilərinin övladlarının qəbulu dayandırıldı. Başlıca məqsəd ondan ibarət idi ki, hüquq-mühafizə orqanları daha istedadlı və sadə insanların içindən çıxmış kadrlarla təmin olunsun. Təsadüfi deyildir ki, hazırda respublikanın tanınmış hüquqşünasları məhz 70-80-ci illərin məzunlarıdır.

Ali məktəblərə qəbulun düzgünlüyünə və obyektivliyinə əmin olmaq üçün Heydər Əliyev keçmiş SSRİ respublikalarında ilk rəhbərlərdən idi ki, hər ilin avqust ayında ali məktəblərə qəbul olan abituriyentlər və onların valideynləri ilə şəxsən görüşürdü. Belə görüşlər zamanı Heydər Əliyev insanlarla dialoqda olur, həqiqəti deyir və düzgünlüyü öyrədirdi. Məhz həmin illərdə çirkin əməllərlə məşğul olan ali məktəb rektorları, professorlar və s. öz rüşvətxorluq əməllərinin cəzasını həbsxanalarda çəkməli olmuşdular.

Təsadüfi deyildi ki, bu tipli görüşlər bir qayda olaraq uzunmüddətli xarakter daşıyır, söhbətdən sonra Heydər Əliyev valideynlərlə birlikdə saatlarla qəbul imtahanlarının gedişini izləyirdi. Heydər Əliyev insanlarla dialoqa girmək, onların qəlbini ələ almaq sahəsində xüsusi istedada malik idi. O, ciddi və tələbkar olduğu qədər də sadə xalq yumorunu, zarafat etməyi xoşlayırdı. Bir dəfə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (keçmiş V.İ.Lenin adına APİ) həyətində olarkən camaatla görüşdükdən sonra toplaşanlara müraciət edərək "mənə imtahanla və ya şəxsi məsələlərlə əlaqədar sualı olan varmı?!", - deyə soruşdu. Yaşı 60-a yaxın olan bir nəfər kişi ulu öndərə yaxınlaşaraq "yoldaş birinci katib, mənim sizə şəxsi xahişim var, lakin təklikdə demək istəyirəm", - deyə müraciət etdi. Kişi danışarkən hərdən gülümsədiyi üçün onun ağzından başdan-başa metal dişlər ətrafdakıların və Heydər Əliyevin diqqətini cəlb etdi. Heydər Əliyev gülə-gülə: cavan oğlansınız, ancaq dişlərinizin hamısını metallamısınız - deyə zarafat etdi və siz öz xahişinizi hamının yanında edin, onda mən də verdiyim sözə əməl etməli olaram, dedi.

 

Heydər Əliyevin "Ədəbiyyat qəzeti"ndə "Qoy ədalət zəfər çalsın!" sərlövhəli müsahibəsi keçmiş ittifaqda böyük sensasiya yaratmışdı. Dahi Nizaminin poeziyasından götürülmüş həmin qərbyönümlü sözlər "Ədəbiyyat qəzeti"nin səhifələrində bütün SSRİ-ni dolaşmışdı, çünki müsahibədə ilk dəfə açıq şəkildə sosializmin bəlalarından - korrupsiyadan, rüşvətxorluqdan, ədalətsizlikdən və digər sosial bəlalardan bəhs olunurdu.

Heydər Əliyev xatırlayırdı ki, bu müsahibədən sonra Sov. İKP MK-nın baş katibi L.İ.Brejnev ona telefon zəngi edərək "mənə xəbər veriblər ki, Heydər Əliyev "sosializmə xas olmayan" təzahürlərə qarşı mübarizə aparır", - demişdi. 40 dəqiqəyə qədər davam edən telefon danışığı zamanı Heydər Əliyev L.İ.Brejnevi öz mövqeyinin düzgünlüyünə inandıra bilmişdi. Bu gün sosializmə xas olan ictimai bəlalardan hamı danışır, lakin o zaman bunu ancaq Heydər Əliyev deyə bilərdi.

Heydər Əliyev işlərinin çox olmasına baxmayaraq, yeni tikilən obyektlərin açılışında iştirak edirdi. Məsələn, Nəsimi rayonunda xoreoqrafik məktəbin açılışında Heydər Əliyev balaca uşaqları bağrına basaraq onlarla birlikdə sevinir və fəxrlə deyirdi ki, onlar bizim gələcəyimizdir. Heydər Əliyev gələcək nəslin düzgün yetişdirilməsindən tutmuş, böyük nəsildə incəsənətə maraq yaratmağa kimi hər şeyi vacib sayırdı. Məhz Heydər Əliyev Azərbaycan Dövlət Filarmoniyasında musiqi gecələrinin keçirilməsinin təşəbbüskarı olmuşdu. Həmin günlərdə Azərbaycanın rəhbərliyi bütün musiqisevərlərlə birlikdə olurdu.

Belə bir hadisəni yada salmaq istərdim. Moskvada olarkən Heydər Əliyev vətənindən ötrü çox darıxırdı. Ona görə Moskvada rəhbər vəzifələrdə çalışdığı vaxtlarda yay məzuniyyətini 5 il dalbadal Azərbaycanda keçirmişdi. Ümummilli lider yeni tikilən obyektlərlə tanış olur, kollektivlə görüşlər keçirirdi. Bizim üçün bu, illik hesabat xarakteri daşıyırdı. Bilirdik ki, Heydər Əliyev bir dəfə görüşdüyü insanın adını və soyadını belə xatirində saxlaya bilirdi. Bir dəfə İçərişəhərdə bərpa işləri görülən yerə gələrkən, o, çoxsaylı insanlar arasında yaşlı bir qadını görüb ona yaxınlaşdı, ondan hal-əhval soruşdu: "Siz ki Razində yaşayırsınız, belə isti havada buraya gəlmək sizin üçün əziyyət deyilmi?", - deyə müraciət etdi. Qadın belə cavab verdi: "fikirləşdim ki, vaxtınızın azlığından bizim rayona gələ bilməzsiniz, buna görə də sizinlə görüşə gəldim". Qeyd edim ki, bu xanım vaxtilə Heydər Əliyevə tibb bacısı kimi xidmət etmişdi.

İş elə gətirmişdi ki, Heydər Əliyev Azərbaycanda məzuniyyətdə olan zaman Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələrindən Qara Qarayev, Niyazi, İmran Qasımov vəfat etmişdi. Heydər Əliyev şəxsən onların dəfn mərasimində iştirak etdi. Qara Qarayev torpağa tapşırılan gün hava çox isti idi. Heydər Əliyevin təşəbbüsü ilə cənazə Azərbaycan Dövlət Filarmoniyasından piyada Fəxri xiyabana aparıldı. Heydər Əliyev Qara Qarayevin dünya şöhrəti qazanmasına yardım göstərənlərdən biri idi. Heydər Əliyev deyirdi ki, Qara Qarayev Azərbaycanın fəxridir və Üzeyir Hacıbəyovdan sonra o, Azərbaycanın musiqi aləmində ən layiqli yeri tutur.

Heydər Əliyev həmişə xalqın arasında idi - Azərbaycanın pis günlərində də, yaxşı günlərində də. Məhz onun rəhbərliyi dövründə Azərbaycan 14 dəfə ümumittifaq müsabiqəsində qələbə qazanmışdı. Azərbaycan Belorusiya ilə birgə yeganə respublika idi ki, ittifaq büdcəsinə borcu yox idi.

Qətiyyətlə demək olar ki, Heydər Əliyev hələ 1970-80-ci illərdə gələcəyin müstəqil Azərbaycanının əsaslarını yaradırdı. Təkcə C.Naxçıvanski adına məktəbin açılmasına Heydər Əliyev böyük qüvvə sərf etmişdi. Bütün SSRİ-də bu məktəbin analoqu yox idi. Heydər Əliyevin uzaqgörənliyi onda idi ki, o, Azərbaycan gənclərinə məhz öz hərbi məktəblərimizdə təhsil almağın üstünlüyünü çatdırmaqla Azərbaycan Ordusunun gələcəyi haqqında fikirləşirdi. Etiraf etmək lazımdır ki, bu gün Azərbaycan Ordusunun zabit heyətinin əksər hissəsi C.Naxçıvanski adına məktəbin yetirmələridir.

Heydər Əliyev bütün qüvvəsini Azərbaycanın gələcəyinə sərf edirdi. Dahi şəxsiyyət SSRİ-nin gec-tez dağılacağını artıq o vaxtlar hiss edirdi. 1970-80-ci illərdə Heydər Əliyev gələcəyi düşünərək qurub yaradırdı. Bu gün XXI əsrin zirvəsindən geriyə baxanda bu insanın nə qədər dahi olduğunu dərk edirik. Belə ki, xalqının gələcəyi naminə yaşayıb yaratmaq amalı onu 15 ittifaq respublikasından olan digər həmkarları sırasından seçilib daha yüksəkliklərə ucalmasına şərait yaratdı. Azərbaycanlı, müsəlman, sadə əmək adamlarının övladı Heydər Əliyev Sov. İKP MK Siyasi Bürosunun üzvü seçildi. Həmçinin iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını almış Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olundu. Moskvada işləyərkən Heydər Əliyev üzərinə düşən məsuliyyəti və ağırlığı dərk edir və bütün qətiyyəti ilə səylərini Azərbaycan xalqının rifahına yönəldirdi. Sov. İKP MK-nın Siyasi Bürosunda Heydər Əliyevə bərabər ola biləcək şəxsiyyət yox idi. Digərlərindən fərqli olaraq Heydər Əliyev bu yeri öz ağlı və əməyi sayəsində qazanmışdı. Lakin hələ Stavropoldan erməniləri ətrafında cəmləşdirən Mixail Qorbaçov kommunist partiyasının baş katibi seçildikdən sonra Azərbaycanı parçalamaq, ən əsası Qarabağın ermənilərə verilməsini təmin etmək üçün onlara əlverişli şərait yaradırdı. Heydər Əliyev Moskvaya vəzifəyə aparılarkən onun yerinə Moskvanın sözü ilə oturub-duran Ə.Vəzirovun respublikaya rəhbərliyə gəlməsi və küçə demokratlarının fəallaşması ermənilərin çoxdankı arzularının reallaşmasını təmin etdi.

Hələ XIX əsrin axırlarında Daşnaksütyun partiyası Azərbaycanın parçalanması və Qarabağın Ermənistana birləşdirməsi planını qurmuş və bunun reallaşdırılması üçün bir əsr mübarizə aparmışdır. XX əsrin sonlarında Mixail Qorbaçovun hakimiyyətə gəlməsi isə buna geniş imkan yaratdı. Lakin ermənilər bir şeyi yaxşı başa düşürdülər: nə qədər ki, Heydər Əliyev SSRİ rəhbərliyindədir, planlarını reallaşdıra bilməyəcəklər. Buna görə də Mixail Qorbaçovun əli ilə Heydər Əliyevi tutduğu vəzifədən kənarlaşdırmağa nail oldular. Andrey Qromıko xatirələrində bildirirdi ki, Heydər Əliyev Siyasi Büronun dayağı və onun ən layiqli üzvü idi. O, özünəməxsus tələbkarlığı, səmimiyyətinə görə Mərkəzi Komitənin əksəriyyət üzvlərindən çox fərqlənirdi. Öz-özümə fikirləşirəm, "Sovet İttifaqını idarə etmək üçün belə gənc və enerjili rəhbər lazımdır". Belə böyük post üçün təkcə ağıl deyil, həm də idarəçilik qabiliyyəti və mühüm problemləri həll etmək bacarığı olmalı idi. Bu keyfiyyətlər isə Heydər Əliyevdə var idi.

Həmin dövrdə Nazirlər Sovetinin sədri N.Rıjkov da bildirmişdi ki, "heç kim mənimlə Heydər Əliyevin istefası ilə bağlı söhbət etməmişdi. O, çox yaxşı işləyirdi və bir dəfə mən evə yollanarkən maşında telefon zəng çaldı. Zəng edən M.Qorbaçov idi. O dedi: "Heydər Əliyev vəzifəsindən azad olunur". M.Qorbaçov Heydər Əliyev böyüklüyünü sonralar qəbul edərək demişdi: "Heydər Əliyev ağıllı və çox uzaqgörən siyasətçidir".

Beləliklə, Heydər Əliyevin SSRİ rəhbərliyindən kənarlaşdırılması ermənilərin Qarabağda genişmiqyaslı avantürasına yol açdı. Bu, ermənipərəst qüvvələrin məqsədyönlü siyasətinin başlanğıcı idi.

Heydər Əliyev siyasi rəhbərlikdən kənarlaşdırıldıqdan sonra ermənilər "Dağlıq Qarabağ" - "Artsax" planını reallaşdırmağa başladılar. Bu plandan ovaxtkı dövlət başçısı M.Qorbaçov, onun erməni köməkçiləri və məsləhətçiləri - Sitaryan, Aqambekyan, Şahnəzərov və digərləri xəbərdar idilər. Belə ki, 1987-ci ilin noyabrında M.Qorbaçovla Fransaya yollanan A.Aqambekyan Fransa Erməni Veteranları Assosiasiyasında çıxış edərək bildirmişdir ki, Dağlıq Qarabağı Ermənistana vermək lazımdır: "Bir iqtisadçı kimi hesab edirəm ki, Dağlıq Qarabağ Azərbaycandan çox Ermənistana bağlıdır".

 

Ağalar Abbasbəyli

"Respublika"qəzeti

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()