Heydər Əliyev Gürcüstanda yaşayan soydaşlarımızın böyük qayğıkeşi olub
"Xalq qəzeti"
Xalqımızın ümummilli lideri Heydər Əliyev istər Azərbaycana rəhbərlik etdiyi, istərsə də SSRİ Nazirlər Sovetində yüksək vəzifədə çalışdığı dövrlərdə Gürcüstanın etibarlı dostu olub. O, həm də daim Gürcüstanda yaşayan azərbaycanlılar haqqında düşünüb. Onların azad, firavan və xoşbəxt yaşamaları üçün bütün mümkün addımları atıb. Qonşu ölkənin rəhbər şəxsləri, eləcə də burada yaşayan soydaşlarımız bu gün də ümummilli lideri böyük hörmət və ehtiramla xatırlayırlar. 2023-cü il – “Heydər Əliyev İli” çərçivəsində “Xalq qəzeti”nin Diasporla İş üzrə Komitə ilə birgə layihəsində ulu öndərlə bağlı daha bir xatirəni təqdim edirik.
Gürcüstan parlamentinin sabiq deputatı Ramiz Bəkirov da ulu öndər Heydər Əliyev haqqında düşüncələrini bizimlə bölüşüb. Onun sözlərinə görə, Azərbaycanda Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəlişinə Gürcüstanda da hamı sevinib: “Mən həmişə düşünürdüm ki, onunla bircə dəfə görüşə, üz-üzə gələ biləydim. Zaman keçdikcə həyat elə gətirdi ki, bu istəyim reallaşdı”.
Bakıda ali təhsil aldığı zaman teatra, tamaşalara böyük marağı olan Ramiz Bəkirov 1976-cı ildə Azərbaycan Dövlət Dram Teatrında Mirzə İbrahimovun “Kəndçi qız” tamaşasına baxmağa gedib. O, həmin hadisəni xatırlayaraq deyib: “Hələ tamaşa başlamamışdı. Birdən zala dərin sükut çökdü. İnsanlar ayağa qalxıb kimisə salamlayırdı. Bu, Heydər Əliyev idi. Ulu öndər insanlarla gülə-gülə salamlaşdı, bəziləri ilə hal-əhval tutduqdan sonra qabaq sıralardakı yerlərdən birində əyləşdi. Tamaşa başladı və hamının diqqəti səhnəyə yönəldi. Tamaşa qurtardıqdan sonra tamaşaçıların alqış sədalarından qulaq tutulurdu. Heydər Əliyev aktyorlarla görüşdü. Mən gənc idim. Yanımdakı insanlardan onun nə etdiyini, aktyorlara nə dediyini soruşdum. Orta yaşlı kişi mənə baxıb dedi ki, Heydər Əliyev teatr və kino sənətini çox sevir. O, tamaşalara, kinolara baxmağı, aktyorlarla görüşməyi sevir. İndi də aktyorlarla yəqin ki, öz təəssüratlarını bölüşür. Onun fikirləri teatr aktyorları, rejissorlar və yazıçılar üçün çox vacibdir”.
Daim Heydər Əliyevlə görüşmək istəyən Ramiz Bəkirov sonda bu arzusuna çatır. Sovet İttifaqı dağıldıqdan sonra Gürcüstan və Azərbaycan öz dövlət müstəqilliyini bərpa edərkən bu siyasi proseslərdə fəal iştirak edən R.Bəkirov “Gürcüstan Vətəndaşlar İttifaqı”nın namizədi kimi, 1995-ci ildə Gürcüstan parlamentinin deputatı seçilir. O dövrlərdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Aslan Aslanov Azərbaycan Prezidentinin şəxsi nümayəndəsi kimi daim Gürcüstanda yaşayan soydaşlarla sıx əlaqə saxlayırdı. Gürcüstanda yaşayan soydaşlarımızın problemləri ilə maraqlanır, onların həllinə yardım edirdi. Bir gün A.Aslanov R.Bəkirov və daha bir neçə fəal soydaşımıza Heydər Əliyevlə görüşələrini bildirir. Təklif R.Bəkirovun ürəyincə olur.
A.Aslanovun vasitəçiliyi ilə Gürcüstan parlamentinin o zamanki deputatları Ramiz Bəkirov, İsaq Novruzov və Hidayət Hüseynov, eləcə də AzTV-nin Gürcüstan üzrə müxbiri Şahismayıl Məmmədov 1996-cı il yanvarın 6-da Bakıda Prezident iqamətgahında Heydər Əliyevlə görüşürlər. Bir saatdan çox çəkən görüşdə Heydər Əliyev onları diqqətlə dinləyir, qayğı və problemləri ilə maraqlanır və deyir: “Siz, Gürcüstanda yaşayan azərbaycanlılar, unutmayın ki, Gürcüstan sizin vətəniniz, sizin dövlətinizdir. Siz bu dövlətin qurulmasında, möhkəmlənməsində və inkişafında gürcü qardaşlarla çiyin-çiyinə çalışmalısınız. Sizin Gürcüstan parlamentinin deputatı seçilməyiniz məni çox sevindirir. Çalışın, Gürcüstanda yaşayan azərbaycanlılar öz zəka və bacarıqları ilə hamıdan öndə olsunlar”.
Görüşdə Azərbaycan-Gürcüstan əlaqələrinin daha möhkəmləndirilməsi və inkişaf etdirilməsi məsələsi də diqqət mərkəzində olub. Heydər Əliyev bir sıra irimiqyaslı regional enerji layihələrindən danışıb. Ulu öndər deyib ki, Azərbaycan neftinin Avropaya nəqli üçün bir sıra marşrutlar var. Lakin o, bu kəmərin Gürcüstandan keçməsini istəyir. Heydər Əliyev deyib: “Mən sovetlər dövründə də Gürcüstanda yaşayan soydaşlarımız haqqında düşünmüşəm və onlara müəyyən köməkliklər etmişəm. Onların bəzilərini Azərbaycanda yüksək vəzifələrə cəlb etmişəm. İndi də bu layihələr üzərində işləyirik. Çalışıram ki, Azərbaycan neftini Avropaya daşıyacaq kəmər Gürcüstandan keçsin. Gürcüstanda bizim yüz minlərlə soydaşımız var. Mən onların taleyinə biganə qala bilmərəm”.
Görüşdə Gürcüstanda Azərbaycan səfirliyinin açılması məsələsi də müzakirə olunub. Heydər Əliyev səfirin Gürcüstanı, soydaşlarımızın problemlərini yaxşı bilən adam olmasını istəyib. R.Bəkirov xatırlayır ki, nümayəndə heyətinin üzvləri soydaşlar adından Heydər Əliyevi Gürcüstana dəvət ediblər. Heydər Əliyev belə bir dəvəti yaxın dostu Eduard Şevardnadzedən də aldığını bildirib. Beləliklə, 1996-cı il martın 8-9-da ulu öndərin Gürcüstana səfəri baş tutub.
R.Bəkirovun sözlərinə görə, bu səfər çox uğurlu və Gürcüstan azərbaycanlıları üçün mühüm əhəmiyyət kəsb edən tarixi bir səfər olub. Ən yaddaqalan hadisə isə soydaşlarımızla bağlı olub. Belə ki, Z.Poliaşvili adına Gürcüstan Akademik Dövlət Dram Teatrında Prezident Heydər Əliyev soydaşlarımızla görüşüb. Gürcüstan Prezidenti Edurd Şevardnadze çıxışı zamanı bu ölkədə yaşayan azərbaycanlıları diaspor adlandırıb. Bu isə Heydər Əliyevin etirazına səbəb olub. Ulu öndərimiz elə yerindəcə bu ifadəyə öz etirazını bildirib və deyib: “Gürcüstanda yaşayan azərbaycanlılar diaspor deyil. Onlar aborigen xalqdır. Ona görə də onları diaspor adlandırmaq düzgün deyil. Onlar bizim soydaşlarımızdır”.
Bundan sonra E.Şevardnadze diaspor ifadəsini, sadəcə olaraq, qulağına və dilinə yaxşı yatdığı üçün işlətdiyini bildirib.
Heydər Əliyev soydaşlarımıza müraciətində deyib: “Gürcüstanda yaşayan azərbaycanlılar! Sizin ulu babalarınız, Azərbaycan xalqı və gürcü xalqı yadellilərə qarşı birgə mübarizə aparıblar. Öz torpaqlarını müdafiə ediblər. Bu dostluq bu gün də davam edir. Ona görə də, əziz bacılar, qardaşlar, bu, sizin doğma vətəninizdir, bu sizin doğma torpaqlarınızdır. Siz öz doğma vətəninizdə, torpaqlarınızda yaşayırsınız”.
R.Bəkirov deyir ki, bu çıxış ulu öndərin millətinə, xalqına yüksək sevgisinin təzahürü idi: “Bu çıxış həm də bizim öz Vətənimizdə ayaq üstə durmağımıza bir çağırış idi. Biz gürcüstanlılar hər zaman ulu öndərin bu ağsaqqal mövqeyini minnətdarlıq hissi ilə xatırlayırıq”.
Sabiq deputat qeyd edir ki, ümummilli lider Heydər Əliyev fenomen yaddaşa malik olub. O, bir dəfə Gürcüstanda Eduard Şevardnadzenin iqamətgahında olarkən dəyirmi masa arxasında onunla görüşənlərin hər birinin adını sadalayıb. Eduard Şevardnadze həmin tədbirdə Azərbaycan neftinin Gürcüstan ərazisindən keçməklə Avropaya nəqlinə icazə verdiyi üçün Heydər Əliyevə bir daha dərin minnətdarlığını bildirib. Heydər Əliyev isə qarşıda hələ daha böyük layihələrin olduğunu deyib.
R.Bəkirov 2001-ci ildə Dünya Azərbaycanlılarının I qurultayındakı iştirakı zamanı ulu öndərin çıxışını xatırlayaraq deyib: “Heydər Əliyev çıxış edərək dünya azərbaycanlılarını həmrəyliyə, birliyə, milli-mənəvi dəyərlərimizi qoruyub saxlamağa və inkişaf etdirməyə, ana dilimizi mükəmməl öyrənməyə çağırdı. Bu çağırış, həqiqətən də, dünya azərbaycanlılarının birliyində mühüm əhəmiyyət kəsb edib: “Heydər Əliyev istəyirdi ki, azərbaycanlılar hansı ölkələrdə işləyirlərsə, o ölkələrdə azad yaşasınlar, lakin öz milli mənsubiyyətlərini heç zaman unutmasınlar”.
R.Bəkirov vurğulayıb ki, Azərbaycan xalqı xoşbəxt xalqlardandır. Onun ulu öndəri, dünya şöhrətli tarixi şəxsiyyəti və bu tarixi şəxsiyyətin siyasi kursunu uğurla davam etdirən, ideyalarını yaşadan, həyata keçirən praqmatik Prezidenti var. Bu gün Azərbaycan xalqı və dünya azərbaycanlıları, eləcə də Gürcüstanda yaşayan azərbaycanlılar tarixi vətənləri Azərbaycanın, onun Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşiblər. Bu birlik əbədidir, ölməzdir və heç zaman qırılmayacaq.
Nəriman ƏLİYEV