09 fevral, 2024
Paylaş:

Heydər Əliyev dünya azərbaycanlılarını birləşdirən ideologiyanın banisidir

Vətənpərvərlik ilk növbədə insanın öz ölkəsinə olan sevgisidir. Azərbaycançılıq ruhu bu hissdən başlanır. Xalqın milli-mənəvi irsini, tarixini, mədəniyyətini, dilini, bir sözlə, özünəməxsusluğunu göstərən dəyərləri qorumağa yönələn fəaliyyət burada üstünlük təşkil edir. 
Ulu Öndər Heydər Əliyevin təlqin etdiyi düşüncə, yaratdığı nümunə hər birimiz üçün mükəmməl vətənpərvərlik məktəbi, vətənə sədaqət dərsidir. "Hər bir insanın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" deyən Ümummilli Lider öz mənəvi irsi ilə insanın vətəninə sevgisinin həm də onun mənəviyyat göstəricisi olduğunu təlqin edir. Bildirir ki, vətənpərvərlik insanın daxilindəki duyğulardır. "Əgər bunlar yoxdursa, o insanın mənəviyyatından danışmağa dəyməz. Milli mənlik hər bir adamın özünün milli mənsubiyyətini ətraflı dərk etməsinə imkan yaradır. Milli mənliyi olan şəxs həyatın heç bir hadisəsinə laqeyd qalmır". Vətən, torpaq məhəbbəti, millətin və xalqın qayğıları onun şəxsi istək və arzularını üstələyir. Onu xalq üçün müəyyən fəaliyyət göstərməyə sövq edir.
Ulu Öndər deyirdi: "Xalqımız böyük xalqdır. Böyük tarixə, böyük mədəniyyətə malikdir. Bu mədəniyyətimizi, onun qədimliyini, dünya miqyasında böyük şöhrətə malik olduğunu hər kəsə nə qədər dərindən anlada bilsək, bir o qədər də xalqımızda vətənpərvərlik, vətəndaşlıq hissini, azərbaycançılığı yüksəldərik".
Ümummilli Liderin hələ sovetlər zamanında respublikaya rəhbərliyinin bütün fəlsəfəsi xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanışı məramına hesablanmışdır. İdarəçilikdə bütün addımlar, o cümlədən iqtisadi inkişafın sürətli strategiyasının həyata keçirilməsi milli şüurun yüksəlməsinə təkan verməli, milli dirçəlişin etibarlı təməlinə çevrilməli idi. Bu məqsədə yetişmək üçün Heydər Əliyev azərbaycançılıq məfkurəsinin rejimin ideoloji repressiya maşını ilə boğulmasına nəinki imkan verməmiş, eyni zamanda milli məfkurə və düşüncə sahibi olan ziyalıları qorumuşdur. Bir sözlə, Ulu Öndər Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra siyasi reallıqdan məqsədli şəkildə çıxarılmış milli varlıq anlayışını ötən əsrin 70-ci illərində Azərbaycana rəhbərliyi dövründə qığılcıma çevirdi. O dövrün verdiyi imkanlar çərçivəsində həyata keçirdiyi ardıcıl tədbirlərlə milli şüurun oyanışına nail oldu. Həmin illər böyük rəhbər xalqımızın mənəvi dəyərlərinin qorunması, milli ruhun yüksəlişi, kadrların milliləşdirilməsi, azərbaycançılıq məfkurəsinin aktuallaşdırılması istiqamətində tarixi işlər gördü. 
Ölkəmizin sosial-iqtisadi və mədəni yüksəlişi istiqamətində aparılan islahatlar, milli şüurun oyanışı məqsədi daşıyan açıq-gizli tədbirlər birbaşa və ya dolayı şəkildə azərbaycançılıq məfkurəsinin inkişafına, cəmiyyətdə öz dayaqlarının möhkəmləndirilməsinə xidmət edirdi. Ötən əsrin 80-ci illərinin sonlarından etibarən milli məfkurə işığında istiqlal mübarizəsinə qalxan, dövlət müstəqilliyini bərpa edən, qısa müddətdə böyük inkişaf nailiyyətlərinə imza atan Azərbaycan Respublikasının əsaslandığı möhkəm bünövrə Ümummilli Lider Heydər Əliyevin həmin illərdə və ondan sonrakı mərhələdə gördüyü işlər, formalaşdırdığı sarsılmaz təməldir.  Ulu Öndərin formalaşdırdığı azərbaycançılıq ideologiyası bu təməlin əsas sütunlarından biridir. 
1993-cü ildə, müstəqillik yollarında hələ ilk kövrək addımlarını atan Azərbaycanın çətin günlərində xalqın təkidli tələbi ilə ölkənin gələcəyinə görə məsuliyyəti üzərinə götürəndən sonra Heydər Əliyev azərbaycançılıq ideologiyasını dövlətimizin əsas  qayəsinə çevirdi. Ən böyük azərbaycanlı kimi hər kəsə nümunə yaratdı, milli mənsubiyyətindən, dilindən, dinindən, siyasi baxışından, yaşadığı məkandan asılı olmayaraq özünü Azərbaycana qəlbən bağlı sayan bütün dünya azərbaycanlılarını azərbaycançılıq ideologiyası işığında bir araya gətirdi. Azərbaycançılıq məfkurəsini milli həmrəyliyin inkişafında aparıcı amilə çevirməklə cəmiyyətin möhkəmlənməsi istiqamətində mühüm səy göstərdi. 
Böyük rəhbər azərbaycançılığın tarixən inkişaf etmiş komponentlərini dövlət idarəçiliyinin elmi-nəzəri əsaslarına daxil etdi, onları bir-birinə bağlı harmonik sistem və konsepsiyada birləşdirdi. Heydər Əliyev müstəqillik illərində azərbaycançılıq ideyasına yeni məzmun qazandırdı və onun praktiki olaraq həyata keçirilməsinə şərait yaratdı. Bununla da Ulu Öndərin xalqımız və dövlətimiz qarşısında ən mühüm xidməti  azərbaycançılıq düşüncəsini bütün dünya azərbaycanlılarını birləşdirən ideologiyaya, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevirməsi oldu.
 
Real müstəqilliyin təminatı

Ümummilli Lider azərbaycançılıq ideologiyasına real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitə kimi yanaşır, milli mənsubiyyətin, mənəvi dəyərlərin mühafizəsində, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezində, inteqrasiyasında bu ideologiyanın roluna xüsusi önəm verirdi. Heydər Əliyevin baxışlarına görə, azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının birlikdə mənimsədiyi ənənə və dəyərlərin, Azərbaycan hüdudlarından kənarda yaşayan soydaşlarımızın hüquqlarının qorunması və tarixi vətənə olan münasibətlərini ehtiva edən, azərbaycanlı düşüncəsini müəyyənləşdirən böyük bir konsepsiyadır. Azərbaycançılıq milli mənsubiyyətindən asılı olmayaraq, özünü azərbaycanlı sayan hər bir insanın birlik mənbəyidir. Bu ideologiya dünyanın müxtəlif səmtlərində yaşayan on milyonlarla azərbaycanlını bir araya gətirən işıqdır.
Bununla yanaşı, azərbaycançılıq ideologiyası təkcə fərdləri birləşdirmir. Eyni zamanda inancların, mədəniyyətlərin, beynəlxalq-humanitar dəyərlərin vəhdətini yaradır. Şərq və Qərb mədəniyyətlərinin dialoquna, türkçülük və avropaçılıq meyillərinin sintezinə, tarixi ənənələrin müasir inkişaf prosesləri ilə qovuşmasına kömək göstərir. Bu səbəbdən də azərbaycançılıq ideologiyası müxtəlif regionlarda, sosial-siyasi sistemlərdə və mədəniyyət mühitlərində yaşayan bütün dünya azərbaycanlıları üçün dəyərlidir.

 "Düşünün ki, biz Azərbaycan üçün nə etmişik" 

 Ulu Öndər Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq müxtəlif amillərə əsaslanır. Bu amillərin ən mühümlərindən biri məhz milli ənənələrdir. Milli ənənələr milli düşüncə sisteminin genetik mənbəyi olaraq azərbaycançılığın inkişafına təsir göstərir. Ənənə, tarixi təcrübənin nəticələrini toplayaraq, xalqın bilik və mədəni iradəsi kimi təsəvvür edilir. O, keçmişlə gələcək arasında rabitə yaradır, etnik mədəniyyəti qoruyur. Bu ənənələr xalqın tarixi təcrübəsini özündə mühafizə edərək onun mütərəqqi həyat təcrübəsini əbədiləşdirir. Bu baxımdan, azərbaycançılıq ideologiyası, xalqın tarixi ənənələrini gələcək nəsillərə ötürən mənəvi köprüdür. Azərbaycançılığın gücü, fərdi maraqları dövlət siyasəti ilə birləşdirilərək milli-mədəni eyniyyəti qorumaq imkanlarını təmin etməklə ölçülür.
Azərbaycançılıq ideologiyası insanlarda öz xalqına, Vətəninə, dövlətinə sevgi göstərməyi öyrədir. Milli simvollara, adət-ənənələrə, xalqın minillərdir yol gələn, zaman-zaman cilalanıb misilsiz mənəvi sərvətə çevrilən dəyərlərinə hörmət və sevgi aşılayır, ana dilimizə məhəbbət təlqin edir. Eyni dərəcədə də ümumbəşəri dəyərləri önə çəkir, fərqli mədəniyyətlərə hörmətlə yanaşmağı anladır.  
Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideologiyası hər bir soydaşımız üçün gələcək qarşısında məsuliyyətdir. Dövlət nə qədər güclü olarsa, vətəndaşı da bir o qədər güclü olar. Ona görə də özünü inkişaf etdirmək istəyən, yeni imkanlara can atan hər bir fərd bütün bu istəkləri Vətənində reallaşdırmağı bacarmalıdır. O zaman məqsədlərə çatmaq daha asan olacaq, ölkənin ümumi inkişafından bu inkişafda payı olan hər kəs bol-bol faydalana biləcək.  Ümummilli Lider deyirdi: "Siz düşünməyin ki, Azərbaycan bizim üçün nə edib, düşünün ki, biz Azərbaycan üçün nə etmişik. Onda Azərbaycan da irəli gedər, Azərbaycan diasporu da inkişaf edər... Harada doğulmağın fərqi yoxdur, əsas odur ki, sən azərbaycanlısan, Azərbaycan dilinin, mədəniyyətinin daşıyıcısısan".

 Milli birliyimizin Zəfəri

 Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qüdrətlənməsi üçün həyata keçirdiyi strateji missiya təkcə milli birliyin təmin olunması, demokratik, hüquqi dövlət quruculuğu, sosial-iqtisadi inkişaf yönündə ardıcıl tədbirlərlə, mövcud resurslardan səmərəli istifadə mexanizmlərinin formalaşdırılması ilə məhdudlaşmamış, bütün dünyada Azərbaycan diasporunun gücünün artırılması sahəsində də mühüm nəticələr əldə edilmişdir. 
Xarici ölkələrdə yaşayan soydaşlarımızla mövcud əlaqələri gücləndirmək, onları ideoloji-siyasi məsələlərdə dəstəkləmək və ümummilli məqsəd üçün səfərbər etmək Azərbaycanın xarici siyasətində ən önəmli prioritet istiqamətlərdən biri halına gəlmişdir. Dövlət siyasəti, xaricdə yaşayan soydaşlarımızın milli identikliyini qorumaq, inkişaf etdirmək, Azərbaycanla əlaqələrini genişləndirmək və onların hüquqlarını reallaşdırmaq məqsədini güdür. Azərbaycan dövləti dünya azərbaycanlılarının potensial imkanlarını bir araya gətirmək və milli birliyi təmin etmək üçün sıx əlaqələr yaratmaq istiqamətində ardıcıl və sistematik işlər aparır. Bu məqsədlə müvafiq təsisatlar formalaşdırılıb, dünyanın müxtəlif bölgələrində yaşayan soydaşlarımızın Azərbaycanla əlaqələrinin daha da gücləndirilməsi, birliyin və həmrəyliyin təmin olunması, Azərbaycan icmaları, cəmiyyətlərinin fəaliyyətinin inkişaf etdirilməsi və əlaqələndirilməsi üçün işlək bir mexanizm qurulub. 
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığımız zəfər, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, dövlət bayrağımızın Şuşada, Xankəndidə dalğalanması milli birliyimizin nə qədər önəmli amil olduğunu bir daha sübuta yetirdi. Biz bu şanlı qələbəni milli birliyimizin gücü ilə qazandıq və bütün dünyaya qəbul etdirdik. Azərbaycanda yaşayan bütün xalqların təmsilçiləri vahid bir vətənin ərazi bütövlüyü uğrunda vuruşdular. Dünyanın hansı səmtində yaşamasından asılı olmayaraq qəlbi Azərbaycanla döyünən hər kəs Vətənin bu şanlı qələbəsinə öz töhfəsini verdi. 
Bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan Heydər Əliyevin arzularındakı Azərbaycandır. Azərbaycançılıq ideologiyasının daha da möhkəmlənməsi, öz əhatə dairəsini genişləndirməsi, milli məfkurə kimi hər bir soydaşımızın baxışlarında özünə yer tutması indi də dövlət siyasətinin əsas istiqamətlərindəndir.   
Dövlətimiz diaspor fəaliyyətinə xüsusi diqqət ayırır. Milli diaspor təşkilatlarımız getdikcə güclənir, onların vahid və mütəşəkkil qüvvə kimi möhkəmləndirilməsinin ideoloji-siyasi əsasları formalaşır. Azərbaycan Prezidentinin həyata keçirdiyi daxili və xarici siyasətin uğurları sayəsində ölkəmizin beynəlxalq nüfuzu gücləndikcə, başqa ölkələrlə əlaqələri inkişaf etdikcə xaricdəki diaspor təşkilatlarımızın imkanları da genişlənir. Onlar mövcud olduqları ölkələrin ictimai-siyasi həyatına daha təsirli şəkildə nüfuz edə bilirlər. 
Diaspor təşkilatlarımız müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların bir araya gəlməsini təmin edir və Azərbaycan dövlətinin nailiyyətlərinin, mədəniyyətimizin zənginliklərinin tanıdılmasına töhfə verirlər. Prezident İlham Əliyevin azərbaycancılıq ideologiyasının daha böyük uğur qazanması üçün həyata keçirdiyi ardıcıl fəaliyyət, bu sahəyə verdiyi önəm və göstərdiyi diqqət dövlətimizin yerinə yetirdiyi strategiyanın mühüm tərkib hissəsi kimi Azərbaycan diasporunun daha da güclənəcəyindən, Vətənə və soydaşlarımıza böyük nailiyyətlər gətirəcəyindən xəbər verir. 

 Mədəniyyətlər arasında dialoq və multikulturalizm örnəyi

 Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti də azərbaycançılıq ideologiyasının uğurlarına mühüm töhfələr verir və hər bir soydaşımız üçün parlaq nümunələr yaradır. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr bütün dünyada xalq olaraq mədəni sərvətlərimizin zənginliyini nümayiş etdirir, Azərbaycanın  dostlarının sırasını daha da genişləndirir, mədəniyyət diplomatiyasının gücü ilə ölkəmizin beynəlxalq nüfuzuna xidmət edir. 
Həyata keçirilən qlobal təşəbbüslər sayəsində Azərbaycan bu gün bütün dünyada mədəniyyətlərin dialoqu, multikulturalizm məkanı kimi tanınır. Xalqımız min illərdən bəri mövcud olan tolerantlıq ənənələrinin inkişafı, mədəniyyətlər arasında hörmət ruhu ilə bütün dünyaya örnək yaradır. 
Bütün bunlar Ümummilli Lider Heydər Əliyevin banisi olduğu azərbaycançılıq ideologiyasının təntənəsidir. Azərbaycan xalqı azərbaycançılıq işığında bundan sonra da gələcək strateji hədəflərə doğru irəliləyərək daha böyük nailiyyətlərə imza atacaq.  

İradə Əliyeva

                                                                                                               “Azərbaycan” qəzeti

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()