Heydər Əliyev dühası
XX əsr Azərbaycana, bütövlükdə türk dünyasına Ulu Öndər Heydər Əliyev kimi əvəzolunmaz nadir siyasi xadim bəxş etməklə çoxəsrlik dövlətçilik tariximizin qızıl dövrünün siyasi salnaməsini yazıb. Həyatını, ömrünü qibləgahı sandığı doğma Vətəninə həsr edən Ümummilli Lider iki fərqli ictimai mühitdə, siyasi formasiyada fəaliyyət göstərsə də, hər zaman milli və demokratik baxışları, təkrarolunmaz ecazkar iş üslubu, idarəetmə dühası ilə yadda qalıb. Onun həyat manifesti və prinsipial mövqeyi demokratik ənənələrin inkişafı, milli dövlətçilik irsimizin qorunması və müstəqil Azərbaycan quruculuğuna əsaslanıb. Ulu Öndər çoxşaxəli fəaliyyəti ilə mütərəqqi və milli ideyaların müəllifi, iradəli dərin islahatçı, yüksək dəyərlərə sahib dövlət xadimi və demokratik cəmiyyətin fəal qurucusu kimi xarakterizə olunur. O, hələ gənc yaşlarında ictimai həyata yeni baxış və yanaşma, fərqli düşüncə, məfkurə azadlığı gətirmişdi. Azərbaycanın siyasi rəhbərliyinə gəldiyi ilk gündən yenilikçi və islahatçı xüsusiyyətləri ilə diqqəti cəlb etməyə başlamışdı. Respublikamıza rəhbərliyinin birinci dövründə Heydər Əliyevin inkişafın qarşısını kəsən mühafizəkar kursdan imtina edərək büsbütün yeni və fərqli idarəetmə institutu formalaşdırması cəmiyyət həyatının bütün sahələrinə sirayət etmişdi. O, xüsusi istedad və dövlət zəkası ilə sosializm cəmiyyətinin demokratik inkişafa transformasiyasını qurmağı bacarmışdı.
Ulu Öndərin yaradıcısı olduğu idarəetmə modeli köhnəlmiş forma və strukturların tamamilə yenilənməsinə gətirib çıxardı. Həyata keçirilən islahatlar sayəsində respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri aparıldı, Azərbaycan digər respublikalar arasında xammal mənbəyi sayılan aqrar respublikadan inkişaf etmiş sənaye regionuna çevrildi.1969-1982-ci illərdə respublikamızın iqtisadiyyatında ciddi keyfiyyət dəyişikliklərinin baş verməsi nəticəsində güclü sənaye iqtisadiyyatı formalaşdı. 14 il ərzində sənaye müəssisələrinin sayı 1048-ə çatdı. Respublikamızda neft maşınqayırması və neftayırma sənayesinin yenidən qurulması həyata keçirildi ki, bu da müstəqillik dövründə yeni neft strategiyasının uğurla həyata keçirilməsində mühüm təsiredici və həlledici rol oynadı.
Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi birinci dövr təkcə iqtisadi yüksəliş, təsərrüfatın bütün sahələrinin inkişafı dövrü kimi deyil, həm də elmin, təhsilin, mədəniyyətin misilsiz tərəqqi illəri kimi yadda qaldı. Azərbaycan dili dövlət dili kimi Konstitusiyaya daxil edilməklə milli-elmi intibahda yeni cığırlar açdı. Dahi liderin uzaqgörən fitri zəkası gələcək müstəqil Azərbaycanın milli ruhunun daşıyıcısı olan vətənpərvər nəsil yetişdirməyə hesablanmışdı. Məhz bu səbəbdən onun başlatdığı milli oyanış hərəkatı sayəsində Milli Dövlət ideyasının arxitekturası quruldu, bu ideoloji təməllər üzərində gənc kadr ordusu formalaşdırıldı. Heydər Əliyev Azərbaycan gənclərinin Sovet İttifaqının ali təhsil müəssisələrində təhsil almalarına dair proqram hazırladaraq həyata keçirtdi, ittifaqın ən aparıcı elm ocaqlarına oxumağa göndərilən gənclərin sayı ilbəil artdı. Əgər 1970-ci ildə respublikadan kənarda təhsil almağa göndərilən tələbə sayı 60 nəfər təşkil edirdisə, bu rəqəm 1975-ci ildə 600 nəfərə, 1982-ci ildə isə 1200 nəfərədək yüksəlmişdi. Ümumilikdə, 1970-1982-ci illərdə keçmiş SSRİ-nin 170-dən çox ən məşhur ali məktəbində 80-dən artıq sahə üzrə 15 minədək azərbaycanlı gənc təhsil alaraq yüksəkixtisaslı mütəxəssis kimi yetişmişdi. Həmin illərdə bünövrəsi möhkəm qoyulmuş milli təhsil strategiyası Azərbaycanın kadr institutunu təsis etməklə azərbaycançılıq ideologiyası və milli ideyasının gerçəkləşməsini təmin etdi.
Ulu Öndərin həmin dövrdə ən mühüm uğurlarından biri milli hərbi kadrları hazırlayan bazanın təməlinin qoyulmasıdır. 1971-ci ildə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin yaradılması, gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə təhsilə cəlb edilməsi qətiyyətli iradənin və uzaqgörən hərbi fəhmin məhsulu idi. O, 2002-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyin kursantları ilə görüşdə bu qürurverici tarixi xatırladaraq qeyd edirdi: "Mən hələ 30 il bundan öncə müstəqillik haqqında - bəlkə də bunu çox az adam düşünə bilərdi, yaxud ağlına gətirə bilərdi, düşünüb hərbi məktəb yaratmışdım. Naxçıvanski adına Hərbi lisey 30 il ərzində Azərbaycana böyük xidmətlər göstəribdir".
Həmin kadr potensialı dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin zabit heyətinin formalaşmasında müstəsna rol oynadı və müstəqil Azərbaycanda peşəkar və nizami ordunun əsas ehtiyat korpusunu təşkil etdi. Həmin milli kadrların varisi olan hərbçilər nəsli isə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini təmin etdi.
Ulu Öndərin idarəçilik tərzi genişmiqyaslı proqressiv hərəkata çevrilməklə bütün ittifaq coğrafiyalarına yayılmışdı. Onun SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini kimi yüksək posta təyin edilməsi, demokratikləşmə və siyasi dünyagörüş konsepti nəhəng bir dövləti əhatə etdi, islahatların mühərrikliyi və çevikliyi xalq təsərrüfatının inkişafını sürətləndirdi. Eyni zamanda Heydər Əliyev inkişafa və cəmiyyətin tərəqqisinə mane olan sovet korrupsiyasına, bürokratizmə qarşı mübarizə apararaq bu halları ifşa edirdi. 1980-ci illərin əvvəllərində onun SSRİ-nin nəhəng media orqanı olan "Literaturnaya qazeta"da "Qoy ədalət Zəfər çalsın" sərlövhəli yazısı ildırım effekti doğurdu. Bu, sovet qanunçuluğunda və idarəetmə aparatında kök salmış bürokratların ifşası, dərin çat verən köhnəlmiş ideologiyanın simasının əsl peşəkarlıq və siyasi ustalıqla nümayişi idi.
Ulu Öndər Kremldə ali hakimiyyətdə təmsil olunduğu dövrdə öz vəzifəsində məsuliyyətlə və vicdanla çalışaraq tabeliyində olan, xüsusilə də nəqliyyat, energetika sahələrinin inkişafında dönüş yaratmışdı. Həmçinin yeni ruhlu çalışqan kadrların iqtisadi şüurundakı qorxunu aradan götürür, korrupsiyanın sədd çəkdiyi nəhəng layihə və proqramların həyata keçirilməsini mümkünləşdirirdi. Heydər Əliyev fədakar fəaliyyəti ilə həm də partokrat elitanın gizlətdiyi iqtisadi cinayətlərin gizlədilməsinin də qarşısını alırdı. 1986-cı ildə SSRİ-ni silkələyən "Admiral Naximov" gəmisində baş vermiş hadisə ilə bağlı dövlət cinayətinin hərtərəfli araşdırılması da məhz Heydər Əliyevin əzmkarlığı, cəsarəti sayəsində mümkün olmuşdu. 400-ə yaxın sərnişinin ölümünə səbəb olmuş qəzanın səbəblərini araşdıran hökumət komissiyasına rəhbərlik edən Heydər Əliyev müxtəlif təzyiqlərə baxmayaraq, cinayət işinin ədalətli və tam şəffaf araşdırılaraq qərar çıxarılmasına nail olmuşdu. Onun bu prinsipiallığı və geridönməz iradəsi sayəsində onlarca sovet korrupsiya sxeminin və cinayətinin qarşısı alınmışdı.
Heydər Əliyevin qeyri-adi idarəçilik məharəti, nəhəng xarizması ötən əsrin 80-ci illərində kənar qitələrdə etiraf olunurdu. O dövrün xarici media orqanlarında onu "Sovetlərin dəmir müsəlman lideri" adlandırırdılar. Əlbəttə, bu, SSRİ rəhbərliyinin xoşuna gəlmirdi, xüsusilə də Azərbaycana qarşı açıq düşmənçilik siyasəti aparan Qorbaçov hakimiyyətini qıcıqlandırırdı.
Ona qarşı təzyiq və təqiblərin arxasında da bu dayanırdı, çünki Heydər Əliyev Sovet İttifaqının rəhbəri ola bilərdi. Ulu Öndər çirkin siyasi kampaniyalara, Moskvanın ermənipərəst mövqeyinə qarşı barışmaz mövqe nümayiş etdirərək ali hökumət postunu tərk etdi. Yenə də çirkin siyasi oyunlar səngimədi və Azərbaycanın ovaxtkı rəhbərliyi də bu təxribatlara qoşuldu. Heydər Əliyevin Bakıya dönüşünün qarşısını almasaydılar, Ermənistanın torpaqlarımızı işğal etməsi, bir milyon insanın 30 il iztirablı dözülməz həyat sürməsi də mümkün olmayacaqdı. Ümummilli Liderin siyasi fəaliyyətdən və dövlət idarəçiliyindən müvəqqəti olaraq kənarda qalması təəssüf ki, hər iki qüvvənin - ermənilərin və "milli" satqınların çirkin planlarının baş tutmasına səbəb oldu, səriştəsiz və təsadüfi şəxslər hakimiyyətə gələrək cəmi bir il içərisində dövləti çökdürdülər və təcavüzkar Ermənistan bundan istifadə edərək torpaqlarımızın işğalına nail oldu. Lakin anlamırdılar ki, Heydər Əliyev 1970-ci illərdən Azərbaycan xalqının qəlbində əbədi məhəbbət rəmzinə çevrilmişdi, xalq milli xilaskar kimi onu gözləyirdi. Azərbaycanın müqəddəratının, taleyinin çətin anlarında hər zaman o köməyə çatmışdı.
Sözsüz ki, xalqımızın çətin sınaqlarla qarşılaşdığı mürəkkəb anlarda Ulu Öndər kənarda qala bilməzdi. Bu ağır dövrdə vətən fədaisi Bakıya dönə bilməsə də, Naxçıvana gedərək milli dövlətçiliyimizin bərpası və dövlət quruculuğu yönündə inamlı siyasi hərəkatın əsasını qoydu. Ümummilli Lider 1991-ci ildə milli birlik, milli məfkurəni dərinləşdirərək azərbaycanlıları vahid ideya ətrafında birləşdirdi, 1991-ci il dekabrın 16-da Naxçıvan MR-in Ali Məclisi tərəfindən "31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü" elan edilməsi, üçrəngli Azərbaycan bayrağının dövlət rəmzi kimi qəbul olunması müstəqil dövlət ideyasını məntiqi sonluğuna çatdırırdı. 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması ilə müstəqil Azərbaycanın milli dövlətçiliyinin bərqərar olması istiqamətində həlledici mərhələ başlandı.
Azərbaycanın parçalanmaq və müstəqilliyimizi itirmək təhlükəsi ilə üz-üzə qaldığı tarixi sınaq mərhələsində Ümummilli Lider xilaskarlıq missiyası ilə milli fəlakətin qarşısını aldı, dövlətin müqəddəratını həll etdi. Qurtuluş günü ilə Azərbaycanın yeni müstəqillik tarixi yazılmağa başlandı. Heydər Əliyevin 1993-cü ilin oktyabrında Azərbaycana ikinci dəfə rəhbərlik etməsindən sonra təmin olunan möhkəm sabitlik və əmin-amanlıq landşaftı üzərində ictimai-siyasi, sosial-iqtisadi, mədəni-humanitar həyatın bütün sahələrində genişmiqyaslı demokratik islahatlara başlanıldı. Ulu Öndərin unikal xarici siyasət strategiyası və fəal diplomatiyası nəticəsində dünya ölkələrinin, nüfuzlu beynəlxalq təşkilatların ölkəmizə münasibəti kökündən dəyişdi, Ermənistan-Azərbaycan münaqişəsinin ölkəmizin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında həllinə dair qətnamələr qəbul olundu, Ermənistanın işğalçılıq siyasəti ifşa edildi. Azərbaycan nüfuzlu beynəlxalq və regional təşkilatların tamhüquqlu üzvünə çevrilməklə dünya birliyində etibarlı və sadiq tərəfdaş kimi layiqli yerini tutdu, qlobal inteqrasiyaya qoşuldu.1995-ci ildə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkəmizin demokratik niyyətini və iradəli islahatlar əzmini təsbit etdi. Əsas Qanun həmçinin Azərbaycanın azad bazar iqtisadiyyatına keçid üçün məramını, dərin iqtisadi islahatlara açıqlığını nümayiş etdirdi. Aparılan islahatlar kursu iqtisadiyyatın strukturunu tamamilə dəyişdirdi, xarici investisiyalar, azad sahibkarlıq üçün münbit sağlam bünövrə qoyuldu, yerli biznesin Avropa və dünya iqtisadiyyatına tranziti üçün dərin zəminlər formalaşdı.
Ulu Öndər həmin dövrdə Azərbaycanın inkişafının əsas vacib faktoru olan neft ehtiyatlarının nəqli üçün xarici şirkətlər ilə əməkdaşlığı zəruri hesab edirdi. Onun tapşırığı ilə iri transmilli şirkətlərin neft sənayesinə cəlbi üçün yüksəksəviyyəli danışıqlar başlandı. Həmin dövrdə Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsində çalışan cənab İlham Əliyev bu gərgin müzakirələrdə birbaşa iştirak edərək "Əsrin müqaviləsi"nin Azərbaycanın milli maraqları və mənafeyinə uyğun hazırlanması və imzalanmasında əzmkar mövqeyini ortaya qoydu, enerji diplomatiyasının uğurla həyata keçirilməsində misilsiz xidmətlər göstərdi.
Beləliklə, 1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsindən 11 iri neft şirkəti ilə "Əsrin müqaviləsi" adlanan beynəlxalq saziş imzalandı və bununla Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və enerji təhlükəsizliyinin möhkəm təməlləri qoyuldu. Saziş o dövrdə xarici investorlarda Azərbaycanla bağlı yaranmış ümidsizlik və inamsızlıq sindromunu da sındırdı. Məhz Ulu Öndərə olan dərin inam və etibar dünyanın siyasi liderlərinin, nəhəng şirkətlərin rəhbərlərinin Azərbaycanda fəaliyyətə başlaması üçün möhkəm təminat rolunu oynadı. 1999-cu ildə Azərbaycanın ilk mənfəət neftinin dünya bazarlarına nəqli ilə ölkəmizin inkişafında əhəmiyyətli dövr başlandı, dayanıqlı iqtisadi güc formalaşdı. 1995-2003-cü illər ərzində ölkəmizdə ümumi daxili məhsul 95 faiz, dövlət büdcəsinin gəlirləri 3 dəfə artaraq 1,5 milyard manatı ötdü. Ölkənin valyuta ehtiyatları 85 dəfə, xarici ticarət dövriyyəsi 4 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə yüksəldi, iqtisadiyyata yönəlmiş investisiyaların ümumi həcmi 20 milyard ABŞ dollarını keçdi. 2003-cü ildə MDB ölkələrində yoxsulluğun səviyyəsi 54-57 faiz təşkil etdiyi halda Azərbaycanda bu rəqəm qat-qat aşağı idi.
Heydər Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycan 2003-cü ildə inkişaf göstəricilərinə görə, MDB-də ilk üçlüyə daxil oldu, Avropa ölkələri arasında 50 inkişaf etmiş dövlətlər qrupunda yer aldı, BMT-nin İnkişaf Proqramının "İnsan inkişafı indeksi"ndə mövqeyini möhkəmləndirdi.
Ulu Öndər ölkəmizin dinamik inkişafı və artan maliyyə arxitekturası üzərində peşəkar və nümunəvi ordu quruculuğunu da möhkəmləndirdi. Ən ali arzusu olan Qarabağın azad edilməsi üçün bütün gücünü, həyatını sərf etdi. O, torpaqlarımızın erməni işğalından mütləq azad olunacağına varlığı qədər dərindən inanırdı. Təəssüf ki, həyat bu müqəddəs missiyanı yerinə yetirməyə imkan vermədi. Ümummilli Lider 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciətində prezident seçkilərində namizədliyini cənab İlham Əliyevin xeyirinə geri götürdüyünü elan edərkən nikbin bir arxayınlıqla bildirirdi ki, "Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".Onun bu müqəddəs arzusunu 2020-ci ildə siyası məktəbinin ən böyük davamçısı olan Prezident İlham Əliyev ləyaqətlə yerinə yetirdi. 2023-cü il mayın 10-da Ulu Öndərin 100 illik yubileyi münasibətilə zəfərimizin ən uca zirvəsi olan Şuşadan xalqa müraciət edən Ali Baş Komandan İlham Əliyevin çıxışının ən məzmunlu frazası hər kəsi qürurlandırdı: "Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev".
Bu, müasir Azərbaycanın memarına şərəfli missiyanın uğurla yerinə yetirilməsinə dair ali hesabat, Ata vəsiyyətinin icrasının mükəmməl akkordu idi. Beləliklə, Azərbaycan Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu mükəmməl dövlət modeli üzərində inkişaf edir. Prezident İlham Əliyevin peşəkar idarəçiliyi nəticəsində ölkəmiz misli görünməmiş, ən qüdrətli və ləyaqətli dövrünə daxil olub. Azərbaycan bölgədə və dünyada sözünü, imzasını təsdiq edən, hər bir ölkənin hesablaşdığı qüdrətli dövlətə çevrilib.
Ramid Namazov Milli Məclisin deputatı