21 oktyabr, 2024
Paylaş:

Həsənağa Turabov

Azərbaycanın görkəmli aktyoru, Xalq artisti Həsənağa Turabov. Yəqin ki, bu ad və soyad onun kinoda və teatrda oynadığı yüzlərlə obrazı xatırlamağa bəs edir...

Həsənağa Səttar oğlu Turabov Bakı şəhərində anadan olub. 31 saylı orta məktəbdə təhsil alıb. Evləri dram teatrının yanında yerləşdiyi üçün uşaqlıqdan teatrla maraqlanıb. Atasının etirazlarına baxmayaraq, o, orta məktəbi bitirdikdən sonra Azərbaycan İncəsənət İnstitutuna daxil olub və aktyorluq ixtisası üzrə ali təhsilini başa vurub. Elə həmin ildən Adil İsgəndərovun köməyi ilə Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər orada çalışıb.

Kinoda bir-birindən maraqlı obrazlar yaradan aktyorun ən uğurlu rollarından biri "Babək" filmindəki Afşin obrazıdır. Onun "Yeddi oğul istərəm", "Axırıncı aşırım", "Çarvadarların izi ilə", "Ürək… Ürək…", "Sevinc buxtası", "Dantenin yubileyi", "Qəm pəncərəsi", "Bəyin oğurlanması" və başqa filmlərdəki rolları da öz ifa tərzilə seçilir.

Məktəb illərində Solmaz adlı qızı sevib, sonralar bu məhəbbət daha da güclənib. Lakin Turabovun həm aktyor, həm də bakılı olması bu sevdaya mane olub. Qızın əslən şuşalı və Qasım bəy Zakirin nəticəsi olan anasının Turabov xoşuna gəlməyib. Uzun çək-çevirdən sonra onlar nişanlanıblar. Lakin sonradan Solmazı başqa adama ərə vermək istəyiblər. Solmaz xanım Həsən Turabova qoşulub nikah idarəsinə gedib. Onlar özlərinə yüngülvari toy da ediblər. Bu evlilikdən Daşqın, Yalçın və Sevinc adlı övladları dünyaya gəlib.

"Yeddi oğul istərəm" filmindən sonra hamı onu Gəray bəy kimi tanımağa və sevməyə başlayıb. Həsənağa Turabovun qızı Sevinc Turabova deyir ki, atası Gəray bəy obrazı ilə həyatını yaşayıb: "Atam Gəray bəy obrazı ilə öz həyatını yaşayıb. Elə bil Gəray bəy özüdür ki, var. Xasiyyəti eyni idi. Mərd, qürurlu idi. Heç kimə baş əyməzdi, sözündən heç vaxt dönməzdi. Baxmayaraq ki, mənfi obraz idi Gəray bəy, kişilik rəmzi kimi tanındı. Hər yerdə onu Gəray bəy deyə çağırırdılar. Hətta vəziyyət o yerə çatmışdı ki, məni də Gəray bəyin qızı Humay adlandırırdılar. Yadımdadır, 6-7 yaşım olanda nənəmgilə getmişdim. Pəncərədə dayanıb həyətdə oynayan uşaqlara baxırdım. Məni görən uşaqlar başlayırlar qışqırmağa: "Komsomolu güllələyib öldürən Gəray bəyin qızı Humaydır". Bu məni o qədər qəzəbləndirdi...".

Bir gün aktyoru qonaq çağırırlar. Ora bir az gec gedir. Qapıya yaxınlaşanda eşidir ki, qonaqlardan biri onun haqqında danışır, dedi-qodu edir. Özünü saxlaya bilmir, içəri daxil olur və masaya yaxınlaşır. Hər kəs başa düşür ki, o bütün danışıqları eşidib. Həsənağa müəllim onu qonaq çağıran kişinin arvadını yanına çağırır və xahiş edir ki, başındakı yaylığı çıxarsın. Qadın başındakı yaylığı çıxarıb ona verir. Aktyor arxasınca nahaqdan danışan adamı ayağa qaldırır, qadının yaylığını onun başına bağlayır və deyir: "Məclisdə kişilərlə oturun. Mən bu adama çox yaxşılıq etmişəm, amma kişiyik, gərək deməyək. Dünən ayaqqabısı cırıq idi, barmağı çölə çıxırdı. Ürəyim dözmədi, cibinə pul qoydum, o da gedib özünə ayaqqabı alıb və onları geyinib qaça-qaça gəlib burada mənim arxamca danışır". Həsənağa müəllim deyir ki, kişinin yanında qeybət etməzlər, siz də kişi deyilsiniz! Məclisi tərk edib gedir və oradakılarla da bir daha oturmur".

Aktyorun böyük oğlu Daşqın polisdə işləyib və əməliyyat zamanı cinayətkarın açdığı atəş nəticəsində vəfat edib. Oğlunun ölümünə qədər səhhətindən şikayətçi olmayan aktyor sonradan ciddi xəstəliklərlə üzləşir, ürəyi zəifləyir, şəkər xəstəliyindən əziyyət çəkir. O, teatrdakı bütün rollarından imtina edir. Hər gün ailəsindən xəbərsiz Daşqınının qəbrini ziyarət edir. Dünyasını dəyişməzdən əvvəl dəfələrlə ailə üzvlərinə və dostlarına vəsiyyət edir: mənə nəsə olsa, oğlum Daşqının sol tərəfində dəfn edin. Ömrünün son günlərində teatrşünas İlham Rəhimli ilə söhbət edərkən ona deyir: "İlham, inan mənə, sənin canın üçün, hər şeydən usanmışam, oğlum Daşqının yanına getmək istəyirəm...".

2003-cü ildə aktyor ürəyindən əməliyyat olunur, lakin vəziyyəti daha da pisləşir və 65 yaşında dünyasını dəyişir. Vəsiyyəti üzrə "Qurd qapısı" qəbiristanlığında oğlunun yanında dəfn olunur.

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()