“Heroqliflərin sirri” kitabının təqdimat mərasimi

03 yanvar, 2023
Paylaş:

“Heroqliflərin sirri” kitabının təqdimat mərasimi

28 dekabr tarixində Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında detektiv yazıçı Elbrus Kəlbiyevin yeni işıq üzü görmüş “Heroqliflərin sirri” kitabının təqdimat mərasimi və imza günü keçirilmişdir.

Tədbirdə şair - publisist Balayar Sadiq, “Yurd” jurnalının redaktoru, şairə Zəhra Səfərəliyeva, “Apastrof” nəşriyyatının direktoru Akif Dənizzadə, “Yayın” Assosiasiyasının Prezidenti Yaşar Zeynallı, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin müəlliməsi Mətanət İmanquliyeva, təqaüdçü müəllim Sabir Məlikov, Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəlliməsi Firuzə Alıyeva, Vətən müharibəsi iştirakçıları, hərbçilər, Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri və oxucular iştirak etmişlər.

Tədbiri giriş sozü ilə açan kitabxananın direktoru Aslan Cəfərov ilk növbədə tədbir iştirakçılarını salamladı. Ölkəmizdə istedadlı və bacarıqlı gənclərə göstərilən dövlət qayğısından, gənclər siyasətindən danışaraq, bu gün müəllif Elbrus Kəlbiyev kimi gənc yazarların istedadları, mahir qələmləri sayəsində geniş oxucu kütləsi arasında tanındığını, oxucu rəğbətini qazandığını bildirdi. Uzun və mürəkkəb inkişaf yolu keçmiş kitab, yazıçılıq və mütaliə ənənəsindən danışaraq, yazıçılıq sənətinin əhəmiyyətindən, çətinliklərindən söhbət açdı. Indiyə kimi altı romanı çap olunan Elbrus Kəlbiyevin kitablarının bir çoxunun Respublika Gənclər Kitabxanasının fondunda olmasından və oxucular arasında bu kitablara olan tələbatdan danışaraq, müəllifin kriminal və psixoloji detektiv sahəsində mahir qələm sahibi olduğunu bildirdi.

Tədbirdə iştirak edən qonaqlar Elbrus Kəlbiyevin qələmə aldığı əsərlərdə müşahidə edilən yazı üslubu, hadisələrin canlı təsviri, oxucuları daim diqqətdə saxlayan sujet xətti haqqında danışdılar. Kitabların böyük sevgi ilə yazıldığını və  çox maraqlı üsluba malik olduğunu bildirdilər. Tədbirdə müəllifin kitablarının xarici dillərə tərcümə edilməsi, elektron variantlarının hazırlanması zəruriyyəti də vurğulandı.

Detektiv yazıçı Elbrus Kəlbiyev haqqında söylənilən dəyərli fikirlərə görə qonaqlara öz minnətdarlığını bildirdi. Tədbirdə oxucuları ilə canlı ünsiyyətdə olması imkanına görə çox məmnun olduğunu dilə gətirərək, tədbirin məhz kitab, mütaliə ocağı olan kitabxanada təşkil edildiyinə görə kitabxana kollektivinə öz dərin təşəkkürünü bildirdi.

Tədbirin sonunda müəllif ona ünvanlanan oxucu suallarını cavablandırdı, imzalı kitablarını tədbir iştiraçılarına hədiyyə etdi.

 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()