Helen Keller
Amerikalı yazıçı, pedaqoq, ictimai xadim Helen Adams Keller... Dünyanı heyrətə salan bu əlil qadının həyatı haqqında çəkilən filmləri emosiyasız, göz yaşı axıtmadan izləmək mümkün deyil...
Kapitan Artur Henli Keller və Keyt Adams Kellerin ailəsində, Alabama ştatının inzibati mərkəzi olan Taskambiyada doğulan Helen Keller dünyaya sağlam gəlsə də, 19 aylıq olarkən keçirdiyi xəstəlik nəticəsində görmə, eşitmə və danışma qabiliyyətini itirir. Bu xəstəliyin skarlatin və ya meningit olduğu ehtimal olunur. Xəstəlikdən sonra çox nadinc və islaholunmaz uşağa çevrilən Helenin ailəsi olduqca pis vəziyyətə düşür. Anası Keyt Keller qızının heç vaxt görə və eşidə bilməyəcəyini öyrənir. Bundan sonra valideynlər telefonu kəşf edən, ömrünü kar uşaqların təhsilinə həsr etmiş Qraham Bellə görüşür. Bell onlara ümid verir və onun sayəsində əfsanəvi müəllim Anna Mansfeld Sullivan ilə tanış olurlar. Ciddi görmə problemi olan Sullivan Helenə oxuma-yazma, danışmaq öyrədir və onun normal təhsil almasına köməklik edir. Deyilənə görə, Helenin həyatını və taleyini əsasən zehnində özünə yer etmiş "su" kəlməsi dəyişib. Müəllimi Heleni bir bulağın yanına aparıb əlini suyun altına tutub və dərhal əlinə "su" sözünü yazıbmış. İlk sözü öyrənməsinin ardınca Helen bir neçə saata təxminən 30 yeni söz öyrənmişdir. Qısa zamanda bütün dünyada məşhurlaşmağa başlayan Helen, fiziki qüsurlarına baxmayaraq, əfsanəvi şəxsiyyətə çevrilmişdir. Beş dil bilən, velosiped və yelkənli qayıq sürən, şahmat oynayan bu xanım, eyni zamanda müəllifi olduğu kitablarla əlillərin həyatına yeni rəng qatmağı bacarmış, onlar üçün həyatı asanlaşdırmağa çalışmışdı. Amerika Görmə Qüsuru Olanlar Dərnəyi ilə yanaşı, bir çox təşkilatlarda çalışmış, işi ilə bağlı müxtəlif ölkələrə səyahət etmişdir. Gənclik dostu və tanınmış yazıçı Mark Tven Helen Keller haqqında belə deyirdi: "Sezar, Böyük İskəndər, Napoleon, Homer, Şekspir və bütün ölümsüzlərlə eyni klubda görüşən insan. Bundan min il sonra da məşhurluğunu ən az bugünkü qədər qoruyacaq".
İkinci Dünya müharibəsindən sonra təkcə amerikalı əlillərə yox, bütün dünyadakı əlillərə xidmət etməyə başlayan Helenin haqqında çəkilən "Qaranlığın içindən" avtobioqrafik filmdə o şəxsən özü iştirak edib. Hətta bu film iki dəfə "Oskar" mükafatı qazanıb.
Sonralar infarkt keçirən Helen sosial həyatdan uzaqlaşsa da, göstərdiyi fəaliyyət sayəsində Amerika prezidentlərinin sevimlisinə çevrilir. Vaşinqtonda qatıldığı sonuncu tədbirdən sonra prezident Kennedi tərəfindən "Ağ Ev"də qəbul edilir. Prezident Conson isə ona Amerikanın ən böyük mülki mükafatını - "Azadlıq" medalını təqdim edir. 87 yaşında həyatla vidalaşan Helen Keller müəllimə Annanın yanında dəfn edilib
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.