07 aprel, 2023
Paylaş:

"Heç olmazsa bizi xatırlayın"(9-cu hissə)

Bu ideyanı da irəli sürmüşdü ki, sıralarımıza qəbul edilənlərdən müfəssəl tərcümeyi-hal istəyək ki, aramızdakı idmançıları, hərbçiləri seçib ayıra, onlardan gələcək üçün xüsusi mühafizə dəstələri düzəldə bilək.

...Mən KQB arxivlərində 1930-cu illərdəki xeyli siyasi repressiya qurbanının cinayət işlərini vərəqləmişəm. Bu məqamlardan bircəsi barədə həmin işlərdə işartı olsaydı belə, bir az da şişirdərək ittiham olunanı çox ləngitmədən güllələrdilər.

Milli dil mübarizlərinin belə dəlisov və şairanə deyişlərinə bir çekistdən daha artıq ağsaqqalcasına, valideyncəsinə yanaşaraq o vaxt cavan olmasına baxmayaraq, artıq yetərincə müdrik Heydər Əliyev həmkarlarına belə deyişləri hələ uşaqlığından ayrılmamış gənclərin hərəkətə çevrilməyən quruca sözü kimi qəbul etməyi, məsələni qəlizləşdirməməyi məsləhət bilmişdi.

O dindirmələr ki 1965-ci ilin yayında "Azərbaycan Milli Dili Müdafiə Komitəsi"nin üzvləri ilə aparılırdı, o şahid ifadələri ki sözbəsöz həmin günlərin həyəcanlı mənzərəsini yaradır, bir başqa diqqətəlayiq cəhəti də əyan edir ki, həmin vaxt Azərbaycanda yeni azad düşüncə oyanışının başlanmasının da, elə gizli təşkilat kimi digər birliklərin yaranmasının da əsas təkan nöqtəsi ədəbiyyat olub.

...Komitə üzvü Əliş Mahmudov danışırdı, Mirzə İbrahimovun 1957-ci ildə çıxmış "Azərbaycan dili" adlı kitabından bəhs edirdi, buradakı məqalələri öz yığıncaqlarında oxuyub müzakirə etdiklərini deyirdi. Şəxsən özünün apardığı təbliğat işlərində Mirzə İbrahimovun 1956-cı ilin sentyabrında yazdığı "Azərbaycan dili dövlət idarələrində" adlı məqaləsini əsas götürdüyünü etiraf edirdi.

Nə yazırdı Mirzə İbrahimov? Püxtə, dünyagörmüş Mirzə İbrahimov nəyi necə deməyin üsullarından yaxşı agahdı, ona görə də elə yazmışdı ki, bu uşaqların dilə gətirib məsuliyyətə cəlb olunduqları fikirlər onun təqdimində hətta senzura - mətbuatda dövlət sirlərini qoruyan idarəyə belə əcaib görünməmişdi, məqalə qəzetdə də dərc edilmişdi, kitabda da çıxmışdı.

 

Rafael Hüseyinov

"525-ci qəzet"

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()