"Heç olmazsa bizi xatırlayın"(8-ci hissə)
Deyirdi ki, ruslar və ermənilər respublikada daha artıq üstünlüyə malikdirlər, azərbaycanlılarısa sıxışdırırlar, texnikum qurtarmış, ya elə ali təhsilli, rusca yaxşı bilməyən azərbaycanlıya verilməyən bir iş-vəzifə orta təhsilli, amma rusca bilən erməniyə əlüstü tapşırılır. Deyirdi ki, Azərbaycanda ruslaşdırma siyasəti aparılır və bunun qorxulu gələcəyi var. Çünki Bakıya, Sumqayıta, Mingəçevirə birucdan xeyli miqdarda rus qızları göndərilir və məqsəd də budur ki, onlar azərbaycanlı oğlanlarla ailə qursunlar, yavaş-yavaş millət qarışsın.
...Allahverdi 1965-ci il noyabrın 7-də Sovet İttifaqının baş bayramı sayılan Oktyabr inqilabının ildönümü günündə keçiriləcək bayram nümayişinədək gizli təşkilatın üzvlərinin sayını 500-600 nəfərə çatdırmaq vəzifəsini qoyubmuş və bu səmtdə də bütün üzvlər bərk çalışırmışlar.
Həmin nümayiş vaxtı daha nələri etməli olduqları haqda Allahverdi Qurbanovun təklif etdiyi və bir çox üzvlərin də dəstəklədiyi bir para təkliflər vardı ki, bunları dindirmələr əsnasında "Azərbaycan Milli Dili Müdafiə Komitəsi" üzvlərinin neçəsi etiraf etmişdi.
Heydər Əliyev təqsirnamədə əksini tapmış həmin müddəaların son protokollara düşməməsini tabeçiliyində olan müstəntiqlərə tövsiyə etməklə nəhayətdə həm həbslərin çoxsaylı olmayıb 2 nəfərlə məhdudlaşmasına, həm də həbs cəzası verilənlərin əməllərinin ağırlaşdırıcı hallardan təmizlənməsinə müvəffəq olmuşdu.
Allahverdi təklif etmişdi ki, 7 noyabrda Azərbaycan dilinin dövlət dili olması haqda çağırışlarımızı hökumət qulaqardına vursa, gərək biz radionu ələ keçirək.
Hətta radionu tutandan sonra nə etməli olduqlarını da söyləyibmiş: "İstirahət günü radioda muğamat konserti verilir və saat 2-dən 3-dək hamı radioya qalaq asır. Biz də həmin saatda radionu ələ keçirərək xalqa müraciət etməliyik. Nə deyəcəklərinin arasında bu da varmış ki, Şimali və Cənubi Azərbaycanı birləşməyə çağırsınlar".
Komitə üzvlərindən biri radionu ələ keçirmək təklifinə şübhə ilə yanaşaraq oranın mühafizə olunduğunu söyləyəndə, hücum etsək, bizə atəş açıla bilər etirazını bildirəndə Allahverdi demişdi ki, ona görə də çox olmalıyıq. Sayımız nə qədər artsa, bizə atəş açmağa bir o qədər çəkinərlər. Digər tərəfdən, bunu da təklif etmişdi ki, həm də silahlanaq ki, bizə hücum etsələr, özümüzü müdafiə edə bilək.
Rafael Hüseyinov
"525-ci qəzet"