"Heç olmazsa bizi xatırlayın"(4-cü hissə)
Vətənlə fəxr edən, ellə sevinən,
Xalqının dərdini öz dərdi bilən,
Kimsəsiz cocuğun göz yaşın silən
Qeyrətli rəhbərə dost demək olar.
Bu elin-obanın dadına çatan,
Arxa dayanmağa daim can atan,
Vətəni hər şeydən müqəddəs tutan
Cürətli rəhbərə dost demək olar.
Allahverdi, qeyrət umma namərddən,
O qurtarmaz səni bəladan, dərddən,
Çıxart nakəsləri yaddan, xatirdən,
O böyük Heydərə dost demək olar.
Bu saya sətirləri yazanda Allahverdi artıq altmışına çatmışdı, başqalarından xüsusi heç nəylə seçilməyən sadə rayon adamı idi, Biləsuvarda kolxozda işləyirdi, 11 uşaqlı iri bir ailənin sahibi idi və həyatdan, dünyadan bundan sonra, sən deyən, bir umacağı da yox idi. Qaynar gəncliyinə rəğmən, elə məqalə, şeir yazmaq vərdişini də cavanlığındakı həbsindən sonra qatlayıb qoymuşdu bir qırağa. Bunca uzun müddət ərzində ikicə dəfə olmuşdu ki, qələm götürüb ürək sözlərini yazsın və həmin yazdıqları da mətbuata çıxmışdı.