07 aprel, 2023
Paylaş:

"Heç olmazsa bizi xatırlayın"(16-cı hissə)

...İndi xeyli uzaqda qalmış 1965-ci ildə Azərbaycan sevdalı, milləti daha azad görmək istəyən, ancaq imkanları ilə güclərinin nisbətini düzgün hesablamamış, ən əvvəl də sanki sərt gerçəkliyi unudubmuş kimi böyük nəhənglə mübarizəyə qalxmaq eşqinə düşmüş bir dəstə çılğın gənclə bağlı açılmış çoxcildli cinayət işinin arasındakı zərflərdə bir vərəqlik əlyazma da qalır. Paşa Abdulrəhimovun öz xətti ilə "Cığırlar" adlı şeiri. İlk baxışda sanki məhəbbət şeiridir. Ancaq diqqətlə baxınca misralar ardında başqa mənalar da sayrışır və istintaqı aparan çekistər də elə o sətiraltı işarələri duyduqlarından bu bir vərəqi də əlavə dəlil kimi cinayət işinə qoşmağı lazımlı sayıblar. Bəlkə də bu əlyazmanı, bu şeiri başlarına bəla gələndən, həbsə düşəndən sonrakı illərdən sonra Paşa özü də unudub. Beləcə, bir gəncin ürəkaçması və sabahlara ümidlərinin əks olunduğu şeir sanki yox olub, itib-batıb. Ancaq o şeir də təzədən diriltmək və misralarında yaşatdığı hisslərin hamıya çatması üçün günlərin birində qarşıma çıxmalıymış.

 

Cığırlar, ot basmış köhnə cığırlar,

Gənclik illərindən qalıb yadigar.

Başı qarlı dağlar, axan bulaqlar

Sizə sirdaş idik bir mən, bir də yar.

 

Bir bələdçi kimi bizi bir zaman

Apardın şərəfli böyük məqsədə,

Deyirdik çatdırar bu cığır bizi

Çox uzaq görünən bir səadətə.

 

Yox, yox, itməmişdir o ilkin izlər,

İçdik məhəbbətin ilk şərbətini.

Yaddan çıxmaz heç vaxt gizli görüşlər,

Daddıq biz həyatın xoş nemətini.

 

Cığırlar, ot basmış doğma cığırlar,

Biz köçüb getsək də, siz ki qalarsız.

Gün gələr, qəhrəman ana yurduma

Heç olmazsa bizi xatırladarsız.

 

Bu vərəq, bu vərəqdəki şeir o fədakar cavanların illərcə kirimişcə qalan köhnə arzusunu hamıya çatdırmaqçün dünəndən sıyrılaraq bugünə gəlib. O şeirdən gələn səs "Azərbaycan Milli Dili Müdafiə Komitəsi"nə qoşulmuş gənclərin hamısının səsidir, bu şeirdən günlərimizə baş alan cığır bizi onlarla canlı olaraq görüşdürən körpüdür. O səsi cavabsız qoymaqmı olar, o cığırdan keçməməkmi olar?!

Sizi ehtiramla xatırlayırıq, səmimi istəklərinizi, çəkdiyiniz əməkləri, cəsarətli niyyətlərinizi məhəbbətlə anırıq, hətta çoxunuzun yarıtələbə-yarıfəhlə ola-ola kasıb cibindən millət adına görülən iş üçün hər ay boğazından kəsərək ayırdığı, qanan nəzərində milyonlarca dəyəri olan manatları da yaddan çıxarmırıq.

El üçün ağlayanların gözlərinin yaşını silənlər də, o gözlərdən şəfqətlə öpənlər də həmişə olacaq.

Heç unudularsınızmı?

                                                                                                                                                                                                                                                         Rafael Hüseynov

                                                                                                       "525-ci qəzet"

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()