"Heç olmazsa bizi xatırlayın"(15-ci hissə)
Əsəd deyir ki, biz iyulun ortalarında Xalq artisti Atamoğlan Rzayevi yataqxanaya görüşə dəvət etmişdik. Çıxış etdi, hamı da bəyəndi, sonra tamaşaçılar başladılar sual verməyə. Cavablarından birində hansı məsələyləsə bağlı dedi ki, həmin mövzuda dünən "Baku" qəzetində məqalə çıxıb, oxusanız, sizə çox mətləblər aydın olar.
O belə deyəndə Əliş qalxdı ayağa, dilləndi ki, sizcə, niyə Azərbaycan dilində olan qəzetlərin sayı bu qədər azdır? Həm də tirajları böyük deyil? Gedirik köşklərə, rusca qəzet nə qədər istəyirsən, azərbaycanca yox.
Yəni bu cavanlar Azərbaycan dilinin hüquqlarını qorumaq məsələlərinə elə aludə olmuşdular ki, olduqları istənilən auditoriyada belə söhbətləri açırmışlar: Şmidt zavodunun sexlərində, zavod yataqxanasındakı otaqlarda, oxuduqları müxtəlif təhsil müəssisələrində, arada macal düşəndə, öz rayonlarına yolları düşəndə orada. Elə Allahverdi Qurbanovu bir də ona görə ittiham eləyirdilər ki, bir neçə günlüyə Biləsuvara gedibmiş, orada çalışıb ki, bir həmkəndlisini tovlayıb öz komitəsinə üzv yazdırsın.
Bu mübarizə artıq onların həyatının bir parçasına çevrilibmiş, ömürlərinə əlavə rəng qatıbmış, gündəlik iş-güclərinə xüsusi məna gətiribmiş və günlərin birində onları bundan məhrum edib hamısını çəkirlər adı ağır DTK-ya.
...Onların pırtlaşıq dövrlərdə dilə məhəbbət, millətə sayğı, Vətənə sədaqətlə gördükləri işləri bir sərgüzəşt dolu serial kimi gözlərim önündən keçirirkən Güney Azərbaycanı da düşünürəm, dilimizin oradakı taleyi haqqında da fikrə dalıram.
Bu cavanların mübarizəsinin bir qanadı da elə Güneylə bağlıymış.
Bu kədərli hiss də içimdən keçir ki, bir ovuc cavan sovet imperiyası daxilində qarşılaşa biləcəkləri heç bir müsibətə məhəl qoymadan qətiyyətlə dilimiz uğrunda belə mərdanəliklə mübarizə apardıqları halda niyə Güney Azərbaycanda həmişə buradakı soydaşlarından, eləcə də İranda sakin (başda farslar olmaqla) digər xalqların hamısından sayca çox olsalar da, onlar da haçansa elə belə bir ana dilini müdafiə təşkilatı yaradaraq heç olmazsa öz dillərində ibtidai təhsil almaqçün nəyəsə nail olmaq xatirinə hərəkət etməyiblər?
...O gənclər 1965-ci ilin bir neçə ayı içərisində sonra izi və xatirəsi ömürlərində həmişəlik qalacaq savab bir iş gördülər.
O vaxt bu cavanların məhz savab iş gördüklərinə inandığından, bu əqidə və düşüncə sahiblərinin Vətənə yaxşı övladlar olacağına ümid bəslədiyindən həmin vaxt digər savab işi də unudulmaz Heydər Əliyev gördü. Aldı onları qanadı altına. Onları elə qorudu ki, hətta o gənclərin həbs olunanları belə onillər sonra da onu xilaskarları kimi xatırladılar.
Bu, dilin, bu böyük millət ruhunun hökmüdür. Sən onunçün yaxşı olan nəsə edirsənsə, o da həmin yaxşılığı sənə qaytarmağın yolunu da, vasitəsini də həmişə tapır.
Rafael Hüseyinov
"525-ci qəzet"