"Heç olmazsa bizi xatırlayın"(13-cü hissə)
Yazıçı Anarın mənə söylədiyi, atası Rəsul Rzanın bu şeirlə bağlı ona danışdığı əhvalat da bir daha sübut edir ki, oyaq düşüncəni ifadə edən, içərisində etirazçılıq duyulan istənilən yazı barədə xəbər ən yuxarılara canına yel dəymədən çatdırılırmış. Deyir, 1967-ci ildə hansısa iclasda Rəsul Rza da rəyasət heyətindəymiş, həmişəki kimi, rus dilində çıxışlar bir-birini əvəz edirmiş və Birinci katib Vəli Axundov ondan arxadakı cərgədə əyləşmiş Rəsul Rzaya sarı qanrılaraq pıçıldayır: "Sizin iti yazan qızlar məsələsidir".
Rəsul Rza danışırmış ki, mən həmin şeiri yanvarın sonlarında yazmışdım, çap olunmasından lap az keçirdi, təəccübləndim ki, belə bir şeirin olduğunu rəhbərliyə nə tez çatdırıblar.
Uzun sözün qısası, dil elə həssas sahəymiş ki, hər təzə tərpəniş hökmən yuxarıların qeydiyyatına düşürmüş.
...Dil mübarizlərinin arasındakı şeir yazanlardan biri də 21 yaşlı, Ağdam rayonunun Şıxbaba kəndindən olan, Şmidt zavodunda fəhlə işləyən, eyni zamanda Məşədi Əzizbəyov adına Neft və Kimya İnstitutunun ikinci kursunda təhsil alan Əliş Mahmudov idi. Axtarış əsnasında onun 2 şeirini də millətçi ideyaların ifadəsi sayaraq əşyayi-dəlil kimi götürmüş, qovluqdakı sənədlərə əlavə etmişdilər: "Mənim ürəyimi bölən kim oldu?" və "Bir söhbətə qulaq asdım" .
Təbii ki, onunla dindirmələrdə söhbət ədəbiyyat üzərinə gəlməli idi.
1965-ci il, sentyabrın 6-sı. Müstəntiq uzaqdan başlayır, şeirlərə çatanacan bir açıqcanı qoyur masanın üstünə və soruşur ki, bu, sizə tanışdırmı?
Əliş də nə deyəsidir, söhbətin hansı tərəfə meyllənəcəyini artıq anlayıb, başa düşür ki, gizlədiləsi bir şey yoxdur, açıq danışmaq lazımdır və danışır da. Deyir ki, bu "otkrıtka"nı mən xalamgildə gördüm, onlara da xalamın ərinin İranda yaşayan qohumları göndərmişdilər. Xoşum gəldi, götürdüm, sonra da Allahverdi bunu məndə görüb istədi, mən də "yox" deyə bilmədim. Bu "otkrıtka"nın üstündə 2 ürək, 5 gül şəkli var. Montindəki bağda komitəmizin növbəti yığıncağında Allahverdi bu şəkli yuxarı qaldıraraq dedi: "Yaxşı baxın, bu "otkrıtka" İranda istehsal edilib. İkiyə bölünmüş ürək ikiyə parçalanmış Azərbaycanın rəmzidir". Əlavə etdi ki, bu 2 parça mütləq birləşəcək. Mən əlimdə birlik, vahid Azərbaycan bayrağı Təbrizə qədər gedəcəyəm. Bu yolda ölsəm də, həmin bayrağı Bakıda qaldırıb, Təbrizə qədər aparacağam". Cənubi Azərbaycandan danışanda, dilimizin gələcək taleyindən bəhs edəndə Allahverdi bizim hamımızı ruhlandırırdı, deyirdi ki, ola bilsin, hətta biz bu mübarizə yolunda ölək, ancaq qorxmaq lazım deyil, 20 ildən sonra xalq bizi yad edəcəkdir.
Rafael Hüseyinov
"525-ci qəzet"