07 aprel, 2023
Paylaş:

"Heç olmazsa bizi xatırlayın"(12-ci hissə)

...Hansı dilə ölü deyək:

Vətən varkən,

Millət varkən,

Kiçik, yoxsul komalarda

dustaq olan bir diləmi?

Yoxsa uzun əsrlərdən

keçib gələn,

Xalqı ölən,

Özü qalan bir diləmi?

 

(Və məhz bu və bu qəbil şeirləriylə bağlı Bəxtiyar Vahabzadə haqqında bir çox hallarda elə bolşevik sayıqlıqlı öz şair-yazıçı yoldaşları donoslar yazaraq Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə göndərirdilər, onlar da açıq-gizli imzalı həmin məktubları Dövlət Təhlükəsizlik Komitəsinə yollayırdılar və sədr Heydər Əliyevin 1969-cu il yanvarıın 6-da respublika rəhbəri Vəli Axundova ünvanladığı belə bir məktub da qalır ki, şairin 1968-ci ildə "Gənclik" nəşriyyatında İlyas Tapdığın redaktorluğu ilə buraxılmış "Köklər, budaqlar" kitabında gedən bir sıra şeirlərlə, o sıradan həmin "Latın dili"ylə bağlı Birinci katibin tapşırığına əsasən Cəfər Cəfərov Bəxtiyar Vahabzadə ilə xəbərdarlıqedici söhbət aparmışdır).

Yəni o çağlar cızığından azacıq olsa belə qırağa çıxmış görünən şəxsi çalışdığı idarədəmi, üzvü olduğu yaradıcılıq ittifaqındamı, ya təhlükəsizlik xətti ilə söhbətə dəvət edir, "ağıllandırırmışlar".

Başqa sözlə, dillə bağlı hətta ən sətiraltı etiraz təşəbbüsləri belə dövlətin nəzərində saxlanılırdı və ona görə də bu istiqamətdə hansısa irəliləyiş arzulayan insanların bütün bunları əski inqilabçılar kimi xəlvəti həyata keçirməkdən savayı çıxış yolu da yox idi.

Ana dilimizin rəsmi kürsülərdən səslənmə imkanlarının məhdudlaşdırılması Rəsul Rzanın o çağlar ürəkdən tikan çıxararaq əl-əl gəzən məşhur şeirində də əksini tapmışdı. İclaslarda edilən çıxışları sözbəsöz kağıza alan rusdilli stenoqrafistlər (şairin özünün sözüylə, "iti yazan qızlar") dayanmadan işləməyə məcbur olsa da, Azərbaycan dilində yazmalı olan xanım bekar dayanıb. Şair sadəcə fəlsəfəsiylə qüssəli olan mənzərəni cızırdı, bunun adının nə olduğunu soruşurdu, amma lap soruşmasa da, məntiq, əlbəttə ki, hər kəsə aydın idi:

Natiqlər qalxdı kürsüyə,

Natiqlər düşdü kürsüdən.

Qızlardan ikisi

yazdı, yazdı, yazdı.

Biri gözü natiqlərdə

əsnədi, əsnədi, əsnədi.

Bu, rüsvayçılıq deyil,

bəs nədir?

Rafael Hüseyinov

"525-ci qəzet"

 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()