"Heç olmazsa bizi xatırlayın"(11-ci hissə)
Bəxtiyar Vahabzadədən də, onun kimi digər görkəmli ədiblərimizdən də kimlərin nələri yazdığını hamıdan yaxşı Heydər Əliyev bilirdi, çünki əsas süzgəc DTK idi. Və bu da ədəbiyyatımızın xoş bəxtindən idi ki, məhz o oradaydı.
Bəxtiyar müəllim bunu da söyləyirdi ki, Heydər Əliyev günlərin birində, görünür ki, mənə həmin örtülü xəbis hücumlardan birdəfəlik qurtarmaqçün təklif etdi ki, Lenin haqda bir poema yaz. Dedim, axı mən hara, bu mövzu hara, çətin olar. Heydər Əliyev də necə yazmağın yolunu nişan verdi. Dedi ki, onsuz da Leninin sənin haqqında yazdığın istənilən məsələ ilə əlaqədar ən dəqiq və ən tənqidi fikirləri var. Həmin fikirlərdən iqtibas elə, ardınca da necə istəyirsən yaz, hansı fəlsəfəni lazım bilirsən, qoy ortaya.
Gerçəkdən də, Bəxtiyar Vahabzadə bu mövzuda "Leninlə söhbət" adlı poemasını yazdı, qəlbindən keçən ən incə və eyni zamanda ən ötkəm vətənçi düşüncələrini də orada ifadə elədi. Həmin poemanın hər bölməsinin yuxarısında verilən sitatlar olmasa, bu əsəri nə yollasa Leninlə bağlamaq müşkül olardı.
Heydər Əliyev sonralar dilimiz haqqında sevgi ilə danışanda, əlbəttə, bu gün belə ucalışlara çatmış azərbaycancanın hansı yarğanlar və uçurumlar adlamasından da hadisələrin astarına bələd olan bir insan kimi agah idi və vicdanı qarşısında da rahat idi ki, ən qarışıq, mürəkkəb zamanlarda bu yolda əziyyət çəkənləri, fədakarlıq göstərənləri imkanı çatdığı qədər qoruya bilmişdi.
Bəxtiyar Vahabzadə qədim ölü dil haqqında yazdığı və altında da guya həmin mövzunun ağlına burada deyil, qərib Kasablankada gəldiyini qeyd etdiyi şeirində əslində göz qabağında canı alınmağa cəhd edilən öz dilimizdən bəhs edirdi və bunu oxuyan hər kəsin duyduğu kimi, dövlət də anlayırdı.
Latın dili! -
Millət ölüb, dil yaşayır.
"Ana" deyən, "torpaq" deyən,
"Vətən" deyən yox bu dildə.
Ancaq yenə yaşar bu dil.
Sabah bizim ərzimizin
Sərhədindən o yana da
Qoşar bu dil.
Rafael Hüseyinov
"525-ci qəzet"