"Heç olmazsa bizi xatırlayın"(10-cu hissə)
Mirzə İbrahimov belə yazırdı və əslində dillə bağlı bu mübariz gənclərin hayqırdıqları da təxminən eyni məzmunlu idi: "Sovet hakimiyyətinin birinci on ili ərzində dövlət idarələrində Azərbaycan dilinin işlənməsinə xüsusi diqqət verilir və təhriflərin qarşısı alınırdı. Lakin təəssüflə demək lazımdır ki, son on beş-iyirmi ildə bu cəhətdən kobud təhriflərə yol verilmişdir. Bəzi idarələrdə və bəzi adamlarda Azərbaycan dilinə qarşı biganə, laqeyd münasibət yaranmışdır. Hələ onu demirik ki, vətəndaşların azərbaycanca olan ərizələrinə, yaxud bu və ya digər azərbaycanca olan yazılara ana dilində cavab verməyən, ya da bunları tamamilə cavabsız buraxan bürokratlar da tapılır. Belə bürokratlarla mübarizə bütün partiya və sovet təşkilatlarının, bütün vətəndaşların borcudur. Respublikanın dövlət, partiya və ictimai təşkilatlarında Azərbaycan dilinə etinasızlıq göstərən şəxslər kobud səhvə yol verirlər. Bəziləri də idarənin "xüsusiyyətini" bəhanə gətirirlər. Məsələn, deyirlər ki, guya Maliyyə Nazirliyində Azərbaycan dilini işlətmək çətindir.
Respublikanın dövlət idarələrində və ictimai təşkilatlarında işlərin azərbaycanca aparılması qanuni bir haldır. Çünki bir xalqın öz idarələrini ana dilində idarə etmək arzusundan təbii bir şey ola bilməz. Sovet quruluşunda bu, hər bir xalqın pozulmaz hüququdur!"
Vladimir Leninə istinad edə-edə, bu cür diplomatik yaza-yaza Mirzə İbrahimov dillə bağlı mübarizələrinə görə nə qədər incidilmişdi. Onda da qalmış düşüncələrini daha çılpaq, daha siyasətsiz və mövcud siyasət baxımından da kifayət qədər siyasətəəks şəkildə çatdıran gənclər ola!
...Bu gənclər Bəxtiyar Vahabzadəni, Rəsul Rzanı mütaliə edirmişlər, Balaş Azəroğlunu, İsmayıl Cəfərpuru, Söhrab Tahiri oxuyurmuşlar, Pənahi Makulunun "Gizli zindan"ını bir-birlərinə ötürürmüşlər.
Ədəbiyyatın onların düşüncəsində təsiri çox qüvvətliymiş və elə ədəbiyyatçılar arasında özlərinə dayaq, lider də arayırmışlar. Allahverdi Qurbanov çox sonralar öz ailə üzvlərinə bu sirri də açıbmış ki, biz bir neçə dəfə Mirzə İbrahimovla görüşə, onunla fikir mübadilələri aparmağa cəhd etmişdik.
Unudulmaz Bəxtiyar Vahabzadə özü mənə həm bu, həm də bir neçə başqa gizli təşkilatın, eləcə də universitetin içərisində yaranmağa başlayan bir neçə ayıq düşüncəli qrupun təmsilçilərinin, millətpərvər baxışlı, bir qədər də sosialist məfkurəsi ilə tən gəlməyən etirazçı təfəkkürlü gənclərin ona əməkdaşlıq istəyi ilə yaxınlaşdıqlarını söyləmişdi.
"Gülüstan" poemasından sonra Bəxtiyar Vahabzadə nəzarət altında olanlardan, taleyi tükdən asılılardan idi. Bunu da özü danışırdı ki, Heydər Əliyevin şəxsi qayğıkeş münasibəti, müdam ona dayaq durması olmasaydı, bəlkə də DTK onu o dövrdə girdabına çəkərdi.
Rafael Hüseyinov
"525-ci qəzet"